Microsoft TikTok-un ABŞ-dakı biznesini almaq təklifinin bu tətbiqin sahibi olan Çin şirkəti tərəfindən rədd olunduğunu deyir. ABŞ Prezidenti Donald Tramp tətbiqin ölkənin milli təhlükəsizliyinə risk yaratdığını deyərək onun ölkədəki biznesinin satılması üçün sentyabrın 15-dək vaxt verib.
TikTok-un sahibi ByteDance “bu gün bizə bildirib ki, TikTok-un ABŞ-dakı əməliyyatları Microsoft-a satılmayacaq”, – Microsoft sentyabrın 13-də bəyanatında bildirib.
Oracle seçilib?
Digər xəbər mənbələri isə danışıqlardan agah mənbəyə istinadla xəbər verib ki, Bytedance Oracle şirkətini seçib. Amma buna nə TikTok, nə də Oracle şərh verib.
Buna da bax: Tramp TikTok üçün vaxtı uzatmayacaq
Çinin ingilisdilli CGTN dövlət televiziyası isə bu gün – sentyabrın 14-də xəbər yayıb ki, ByteDance TikTok-un ABŞ-dakı əməliyyatlarını nə Oracle Corp, nə də Microsoft Corp-a satacaq. Bu haqda “Reuters” yazır.
Məsələdən agah şəxslər agentliyə deyiblər ki, ByteDance tətbiqin Birləşmiş Ştatlarda satışı planlarından əl çəkib, qadağayla üzləşməmək üçün Oracle ilə tərəfdaşlıq edəcək. ByteDance məsələni şərh etməyib.
Trump ötən ay TikTok-u sentyabrın sonunadək bu ölkədə qadağan etməklə hədələyirdi. Prezident iddia edirdi ki, bu tətbiq Çin kəşfiyyatı üçün data yığır. Prezident ByteDance-a ABŞ-dakı biznesini satmaq göstərişi verib.
TikTok isə Çin hökuməti ilə məlumat paylaşmadığını deyir və ABŞ administrasiyasının onu bağlamaması üçün məhkəməyə verib.
Buna da bax: TikTok Çinin xeyrinə casusluq edirmi?
Oracle-ın həmtəsisçisi Trampı dəstəkləyir
Ağ ev Çinin bir sıra şirkətlərinə qadağalar qoyur, onların Çin hakimiyyətinə ABŞ istifadəsçilərinin datasına çıxış verə biləcəyindən narahatlıq bildirib. Bu sırada Huawei və ZTE telekommunikasiya avadanlığı istehlakçıları, WeChat mesajlaşma tətbiqi də var. Respublikaçı və demokrat konqresmenlər senzura və uşaqların gizliliyi məsələlərindən narahatlıq ifadə ediblər.
TikTok ABŞ-da 100 milyon, dünya üzrə 700 milyon istifadəçisi olduğunu bildirir. Bu videopaylaşım tətbiqi istifadəçilər arasında xeyli populyarlıq qazanıb.
Microsoft TikTok-un ABŞ-dakı əməliyyatlarını almaq üçün əsas namizəd sayılırdı. Trump avqustun 3-də deyirdi ki, Microsoft-un bu əməliyyatları almasına etiraz etmir və şirkət rəhbəri Satya Nadella ilə mümkün alış haqda danışıb.
Prezident avqustun 18-də bildirmişdi ki, Oracle TikTok-un alışını “idarə edə bilər”, ancaq Oracle, yaxud Microsoft-a üstünlük verdiyini açıqlamamışdı.
Oracle-ın həmtəsisçisi Larry Ellison Trampı dəstəkləyir, fevralda Kaliforniyadakı rançosunda onun üçün ianə tədbiri təşkil edib.