İsrail və Fransa yeni koronavirus qadağaları qoyur

İsrail, arxiv fotosu

İsrailin Baş naziri Bencamin Netanyahu hökuməti koronavirus qadağalarını sərtləşdirmək qərarına gəlib

İsraillə Fransa koronavirusun yenidən yayılmasını səngitmək üçün yeni qadağalar elan ediblər. ABŞ səhiyyə rəsmiləri isə vaksin hazırlanmasında “başdansovdu hərəkətə” yol verməyəcəklərini deyirlər.

İsrailin Baş naziri Bencamin Netanyahu hökuməti koronavirus qadağalarını sərtləşdirmək qərarına gəlib. Bu haqda YNet xəbər saytı sentyabrın 24-də xəbər yayıb. Daha az iş yerlərinin açılmasına icazə veriləcək, səyahətlərə əlavə qadağalar qoyulacaq.

İsraildə xəstəxanalar dola bilər

Netanyahu sentyabrın 25-dən iki həftəliyə “tam karantin” elan olunacağını daha öncə açıqlamışdı. Ölkədə qadağalar sentyabrın 18-dən qayıdıb, amma son günlər gündəlik yoluxmalar 7 minə yaxınlaşır, xəstəxanaların dolacağı sarıdan narahatlıq yaranıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Prezident Trump koronavirusa görə Çinin cəzalandırılmasını tələb edir

“Son iki gündə ekspertlər deyirdilər ki, dərhal çətin tədbirlərə getməsək, uçuruma yaxınlaşacağıq”, – Netanyahu vurğulayıb.

Fransada sentyabrın 23-dən yeni məhdudiyyətlər tətbiq olunur. Marsel və Ekson-Provansda bütün barlar və restoranlar sentyabrın 26-dan bağlanır, Paris, Lion, Tuluza və daha səkkiz böyük şəhərdə gələn həftədən bu iaşə obyektlərini iş saatları məhdudlaşdırılır. İdman zalları qapadılır, ictimai yerlərdə 10 nəfərdən artıq insanın bir yerə yığışması qadağan olunur.

Son bir həftədə Fransada gündəlik 10 minə yaxın yoluxma qeydə alınıb ki, bu apreldəki pik həddən də yuxarıdır. Xəstəxanalar və reanimasiya şöbələri sürətlə dolmaqdadır.

Britaniyada bir gün qabaq qadağalar tətbiq olunub. Axşam saat 10-dan sonra barlar və restoranlar işləmir, maskalardan daha geniş istifadə olunur, adamlar evdən işləməyə həvəsləndirilir.

Buna da bax: ABŞ-da COVID-19-dan ölü sayı 200 mini keçir

Hökumət vaksini təsdiqləyirsə...

Vaşinqtonda ölkənin yoluxucu xəstəliklər üzrə baş eksperti Antoni Fauçi sentyabrın 23-də Konqresə deyib ki, bu ilin sonuna, yaxud gələn ilin əvvəlinə təhlükəsiz və effektiv vaksinin hazırlanacağına dair nikbinlik var. O əlavə edib ki, ictimaiyyət hökumətin təsdiqləyəcəyi istənilən vaksinə inana bilər, bu işə başdansovdu yanaşılmayacaq.

O, Birləşmiş Ştatların aprelədək 700 milyon vaksin əldə edə biləcəyini söyləyib.

Prezident Donald Tramp vaksinin daha tez, hətta 3 noyabr seçkisinədək əldə olunmasına çalışır. Bu isə adekvat testlərin aparılması üçün yetərincə vaxt qalmayacağı sarıdan əndişələrə yol açıb. Prezident sentyabrın 23-də tvitində Johnson & Johnson şirkətinin yeni vaksin araşdırması haqda xəbərə link qoyub və yazıb ki, Ərzaq və Dərman Administrasiyası “tez hərəkətə keçməlidir!”

Johnson & Johnson artıq Covid-19 vaksininin 3-cü sınaq mərhələsinə başladığını açıqlayıb. Bu mərhələdə Birləşmiş Ştatlarda və bütün dünyada 200-dən artıq yerdə 60 minədək könüllü sınaqlara cəlb olunacaq.

Bununla J&J dünyada Covid-19-a qarşı 3-cü mərhələdə vaksin sınağı aparan 10-cu, ABŞ-da isə dördüncü istehsalçıya çevrilir.