Həm Birləşmiş Ştatlar, həm də Avropa Birliyi Alyaksandr Lukaşenkanı Belarus prezidenti kimi tanımaqdan imtina edib.
AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Endi Heyl bunun hansı praktik nəticələri ola biləcəyini araşdırıb.
Qərb Belarus müxalifətinin mühacirətdə yaşayan lideri Svetlana Tixanovskayanı dəstəkləyir.
Bu ilin fevralında ABŞ Dövlət katibi Mayk Pompeo Belarusa səfəri zamanı deyirdi ki, “Burada olmaq istəyirəm”. Tramp administrasiyası rəsmisi isə "Reuters"ə müsahibəsində hazırda “böyük hakimiyyət yarışı və nüfuz uğrunda savaş erası”nın yaşandığını vurğulayır.
Buna da bax: ABŞ, Britaniya, Kanadanın Belarusa sanksiyalar hazırladığı deyilir
ABŞ indiyədək hansı prezidentləri tanımayıb
9 avqust seçkisindən sonra ABŞ Lukaşenkanı etirazçılara qarşı zorakılığa son qoymağa, böhranın dinc həllini axtarmağa çağırıb. Bir neçə həftə sonra isə ABŞ Dövlət Departamenti Lukaşenkanın prezidentlik iddiasının tanınmadığını açıqladı.
Müəllif tarixə nəzər salır. Ötən əsrin əvvəlində Prezident Vudrou Vilson (Thomas Woodrow Wilson) özündən əvvəlki administrasiyanın Meksika Prezidenti Viktoriano Huertanı tanımaması qərarının əksinə getdi. Amma Huerta İspaniyaya qaçınca problem həll olundu.
Yaxın tarixdə Birləşmiş Ştatlar hökumətlərin tanınması məsələsində qabağa düşməyə cəhd göstərməyib. 2008-ci ildə Vaşinqton Amerika Dövlətləri Təşkilatının Hondurasla bağlı dəyərləndirməsini gözlədi, bundan sonra Prezident Manuel Zelayanın qanunsuz hərbi çevriliş qurbanı olması fikrilə razılaşdı.
Yaxud 2010-cu ildə Vaşinqton Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev ölkədən qaçanadək gözləmə mövqeyi tutdu.
Venesuela nümunəsi isə daha fərqlidir. Birləşmiş Ştatlar və 50-dən çox ölkə 2019-cu ilin əvvəlindən müxalifət lideri Xuan Quaidonu ölkənin qanuni prezidenti kimi tanıyıb. Nikolas Maduro isə hakimiyyətdən çəkilmədi. Vaşinqton Karakasdakı səfirliyi bağlayıb, bu ölkəyə sanksiyaları gücləndirib. Birləşmiş Ştatlar venesuelalılara yüzmilyonlarla dollarlıq humanitar və inkişaf yardımını hələ də ayırır. Eyni zamanda ölkədə azad və ədalətli seçki keçirilməsinin vacib olmasında israr edir.
Buna da bax: AB Lukaşenkanı Belarus prezidenti kimi tanımır
Avropanın mövqeyi
Avropa Birliyinin Xarici siyasət rəhbəri Cozep Borel deyib ki, Brüssel Minskin rəsmi davranışını dəyişməkdən ötrü “əlində olan alətlərin hamısından istifadə edəcək”.
Bu alətlər içində ən vacibi onillik Şərq Tərəfdaşlığı təşəbbüsüdür. 2009-cu ildən işə salınan proqram Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə diplomatik və iqtisadi əməkdaşlığı təbliğ edir.
Amma bu forum da “təhlükəsizlik” ilə demokratiya və insan haqları kimi birgə “dəyərlər”lə bağlı aspektləri müəyyənləşdirə bilmədiyinə görə geniş tənqid olunur.
“AB-nin əməkdaşlığa yenidən baxmaq istədiyini deməsi hansısa dəstək proqramı, yaxud təşəbbüsü azaltmağı nəzərdən keçirməsi anlamına gəlir…” – Beynəlxalq Böhran qrupunun AB məsələləri üzrə başçısı Cuzeppe Fama radioya deyib.
Di gəl, AB Belarusla bağlı proqram və təşəbbüslərə onsuz da kiçik məbləğ ayırır, hətta “Şərq Qonşuluğu”nda olan ölkələrlə müqayisədə belə.
Fama AB-nin Minskdəki nümayəndə heyətinin də bağlanmadığını vurğulayır. Onun fikrincə, Lukaşenkayla bağlı yanaşma sonucda demokratik seçki keçirilməsi hədəfinə yol aça bilər.
AB-nin Belarusa dair mövqeyi 1-2 oktyabr tarixlərində Brüssel sammitində müzakirə olunacaq. Hələlik, AB rəsmiləri etirazçılara qarşı zorakılığa görə məsuliyyət daşıyanlara sanksiya siyahısını razılaşdıra bilməyiblər. Əsas əngəli Kiprin törətdiyi bildirilir, Nikosiya şərqi Aralıq dənizində enerji resurslarıyla bağlı hüquqlarına AB-dən daha sərt dəstək tələb edir.
Buna da bax: Etirazçılara divan tutulduqdan sonra ABŞ Lukaşenkanı tanımadığını bəyan edir
“Etik xarici siyasət”
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin ştatdankənar professoru Ceyms Ker-Lindsey deyir ki, AB və Birləşmiş Ştatların qərarları beynəlxalq siyasət praktikasında da çox maraqlı bir istiqaməti üzə çıxarır.
Məsələn, onun fikrincə, bu, AB-nin “etik xarici siyasəti irəli aparması”na yardımçı ola bilər.
“Bu, administrasiyanı dəstəkləməməyin çox yaxşı bir yoludur. Amma bunun praktik izahı da ola bilər… Daha cəzalandırıcı tədbirlər müzakirə olunmursa, bu, AB-nin öz mənfi münasibətinin ifadəsinin bir üsuluna çevrilə bilər”, – Ker-Lindsey vurğulayıb.
Qərbin daha qətiyyətli addımlarının Lukaşenkanı qonşusu Rusiyanın qucağına sürükləyəci sarıdan da narahatlıq var.
“Bu böhrana qədər Lukaşenka ürkəkcəsinə Avropa ölkələrinə yaxınlaşırdı, Avropa Birliyinə deyil, Avropa ölkələrinə. Rusiya ilə münasibətlərini balanslaşdırmağa çalışırdı, Moskvadan asılılığını azaltmaq istəyirdi. Bu böhran isə əks istiqamətə yürüşü sürətləndirib”, – Fama deyir.
Onun fikrincə, AB-nin açıqlaması ATƏT-in kritik rol oynamasına yol açıb.
İlkin dövrdə Lukaşenkanı ehtiyatla dəstəkləyən, sonradan ona böyük kredit təklif edən Rusiya ATƏT üzvüdür. Ekspertlər dialoq formatına qayıtmağın, Rusiyanı da əməkdaşlığa çəkməyin vacibliyini vurğulayırlar.