Respublikaçılar hakimiyyətin dinc transfer olunacağını deyir

Arxiv fotosu

Sentyabrın 23-də Ağ evdə mətbuat konfransında Tramp seçkini uduzarsa hakimiyyətin dinc keçidini qəbul edəcəyini birmənalı deməyib. Bir jurnalistin sualına prezident belə cavab verib ki, seçkinin nəticəsinin Ali Məhkəmə tərəfindən həll olunacağını gözləyir

Sentyabrın 24-də aparıcı respublikaçılar Prezident Donald Trampın 3 noyabr prezident seçkisindən sonra hakimiyyətin dinc transferini qəbul etmək öhdəliyi götürməməsinə dərhal və qətiyyətlə reaksiya veriblər. Onlar amerikalıları əmin ediblər ki, konqresmenlər nəticəni qəbul edəcəklər.

Sentyabrın 23-də Ağ evdə mətbuat konfransında Tramp seçkini uduzarsa hakimiyyətin dinc keçidini qəbul edəcəyini birmənalı deməyib. Bir jurnalistin sualına prezident belə cavab verib ki, seçkinin nəticəsinin Ali Məhkəmə tərəfindən həll olunacağını gözləyir.

“Baxaq görək, nə baş verəcək. Bilirsiz ki, çoxdandır bülletenlərdən şikayətçiyəm, bülletenlər bir bəladır”, – Tramp vurğulayıb.

Prezident sentyabrın 24-də bir daha jurnalistlərə “Baxarıq” deyib. Jurnalist soruşub ki, yalnız o qalib elan olunacağı haldamı seçki qanuni hesab ediləcək.

Tramp əlavə edib ki, “seçkinin vicdanla keçirilməsini” istəyir. “Bunun belə olacağından əmin deyiləm”, – deyə sözlərinə əlavə edib.

Buna da bax: Tramp hakimiyyətin dinc keçidini qəbul edəcəyini demir

“Nizamlı keçid baş verəcək”

Prezidentin bir gün öncə dedikləri hər iki partiyadan reaksiyalara səbəb olub. Bir neçə respublikaçı senator və Ağ ev bəyanatlar verərək seçiciləri əmin ediblər ki, hakimiyyət dinc transfer olunacaq və bu, ABŞ konstitusiyasında da nəzərdə tutulub. Demokratlar isə Trampı sərt tənqid edib, onun xalqın səsini gözardı edə bilməyəcəyini deyiblər.

“3 noyabr seçkisinin qalibi yanvarın 20-də and içəcək. 1792-ci ildən bəri hər dörd ildən bir olduğu kimi nizamlı keçid baş verəcək”, – Senatda respublikaçı çoxluğun lideri Miç MakKonel tvitində yazıb.

Cənubi Karolinadan respublikaçı senator Lindsi Qreyhəm “Fox News”a deyib ki, respublikaçılar uduzarsa, “biz nəticəni qəbul edəcəyik. Ali Məhkəmə demokratların namizədi Co Baydenin xeyrinə qərar çıxararsa mən nəticəni qəbul edəcəyəm”.

Ağ evin mətbuat katibi Keyli Makenani Trampın dediklərini aydınlaşdırmağa çalışıb, deyib ki, o, “azad və ədalətli seçkinin nəticələrini qəbul edəcək”.

Ancaq onu da əlavə edib ki, Tramp “kütləvi, poçtla səsvermədən can qurtarmaq” istəyir.

Tramp dəfələrlə deyib ki, poçtla göndərilən bülletenlər saxtalaşdırıla bilər və demokratları COVID-19-a yoluxmaq istəməyənlərə bu yolla səsverməni təbliğ etdiklərinə görə tənqid edib.

Sentyabrın 24-də “Fox News Radio”ya müsahibəsində Tramp poçtla səsverməni “dəhşət şou”su adlandırıb. O, bəzi ştatların istəyindən asılı olmayaraq seçicilərin hamısına poçtla bülleten göndərmək qərarına etiraz edib.

Buna da bax: ABŞ-da COVID-19-dan ölü sayı 200 mini keçir

“Amerika xalqı buna icazə verməyəcək”

Poçtla səsvermə tərəfdarları deyirlər ki, araşdırmalar illər boyu onlardan istifadə zamanı ortaya ciddi problem çıxmadığını göstərir. Bəzi ştatlarda ancaq bu yolla səs verilir.

Bayden Trampın dediklərinin onu təəccübləndirmədiyini demişdi. Digər demokratlar isə Trampı Amerika demokratiyasına təhdid yaratmaqda, Ali Məhkəmənin ötən həftə vəfat etmiş hakimi Ras Beyder Ginzburqun (Ruth Bader Ginsburg) yerinə təyinatı daha da siyasiləşdirməkdə ittiham edir.

“Prezident Tramp, sən diktator deyilsən, Amerika xalqı buna icazə verməyəcək”, – Senatda demokratların lideri Çak Şumer (Chuck Schumer) söyləyib. O, senatda çıxışında prezidenti ABŞ demokratiyasına “ən böyük təhdid” adlandırıb.

Nümayəndələr Palatasının Spikeri Nensi Pelosi amerikalıları səs verməyə çağırıb, Trampa Birləşmiş Ştatların demokratiya olduğunu xatırladıb: “Sən Şimali Koreyada deyilsən, Türkiyədə, Rusiyada deyilsən”.

ABŞ-da mənzillənən “Freedom House” təşkilatı Trampı tənqid edib, onun “ABŞ seçkisinin legitimliyinə şübhə salmağı hədəfləyən davamlı cəhdlərinin Birləşmiş Ştatlarda partiya mənsubiyyətindən asılı olmayaraq hamını narahat etməli olduğunu” bildirib.