Qasımovlar ailəsində böyüyən uşaqların məktəb və... qayğıları

Qasımovlar ailəsinin evi, noyabr 2020

“Məktəbə geyinəsi ayaqqabım, paltom yoxdur”

Astara, arxiv foto

Astara rayonun Ərçivan qəsəbəsinin 10 yaşlı sakini Yusif Qasımov deyir ki, çoxadandır məktəbə getmir.

Koronvirus pandemiyası ilə bağlı noyabrın əvvəlindən Azərbaycanda dərslər yenə (ötən dərs ilində də martın 3-dən dərslər onlayn keçirilməyə başlanmışdı) onlayn keçirilir. Amma 10 yaşlı Yusif Qasimovun bundan əvvəl də dərsə getməməsinin səbəbi başqadır. O, ayaqqabısızlıqdan, isti paltarsızlıqdan məktəbə gedə bilmədiyini deyir.

O, gah ayağlarına, gah da yanında duran atasına baxır. Bir qədər sükutdan sonra sözünə davam edərək vurğulayır ki, məktəbə getmək istəyir, amma xəstəlik var. Amma utana-utana “paltarim da yoxdur axı”, deyə əlavə edir.

“O vaxta kimi yaşamaq lazımdır”

Nicat Qasımov

Qasımovlar Ərçivan qəsəbəsində yoxsul ailələrdən sayılır. Dediklərinə görə, koronavirus və müharibə (sentyabrın 27-dən noyabrın 10-na kimi Qarabağ və ətraf bölgələrdə gedən döyüşlər nəzərdə tutulur) onların yaşayışını bir az da ağırlaşdırıb.

Buna da bax: Ailələr aylardır məktəbdən uzaq düşən uşaqları üçün narahatdır

Yusifin atası Nicat Qasımov söhbətə davam edir, günəmuzd fəhləliklə ailəsini dolandırdığını deyir. Amma indi bu işlə də ailə dolandırmağın mümkün olmadığını bildirir.
“Fəhləyəm. Günəmuzd işləyirəm. İndi də koronavirusdur, müharibə də bir tərəfdən. Heç yerdə iş yoxdur. Əvvəllər arabir iş olurdu, çörək pulu çıxırdı. İki aydır əlimə pul gəlmir. Hara gedirsən, deyirlər müharibədir, xəstəlik var. İndi də qışa gedirik, havalar soyuyur. İndi kim həyətində iş gördürər? İş olacaq növbəti yazda. O vaxta kimi yaşamaq lazımdır.”

“Evdə internet, kompüter yoxdur”

Ərçivan, arxiv foto

Üç məktəbli övladı olan ata uşaqların təhsili üçün lazım olan texniki imkanlardan da məhrum olduqlarını deyir.

“Uşaqların dərsə hazırlaşmaları üçün evdə şərait yoxdur. Nə internet var, nə kompüter Məktəb yaddan çıxıb...”

Buna da bax: Astaralı fermer qiymətdən, maya dəyərindən və qayğılardan danışır...


Nicat Qasımovun həyat yoldaşı Gülşən Qasımova sıxıla-sıxıla ərzaq sarıdan da korluq çəkdiklərini dilə gətirir:

“Müharibə gedirdi, şikayət etməyə utanırdıq. Əsas işdir, iş yoxdursa çörək də yoxdur. Sahələrdə iş də ancaq yayda olur.”

“Yağış yağanda içəri tökülür”

Rəvayət Qasınova. Onun oğlanlarından biri ailəsi ilə arxadakı vaqonda yaşayır

İşsizlikdən, məktəbsizlikdən gileylənən Qasımovların gillə suvanmış evlərinin divarları da çat-çatdır. Nicat Qasımovun yaşlı anası Rəvayət Qasımova evin yaşamaq üçün yararlı olmamasına diqqət çəkir.

“Gördüyünüz bu ev ötən əsrin 50-ci illərində tikilib. Divarları ovulur. Üstü pis gündədir. Yağış yağanda içəri tökülür. Əlmizə pul düşən kimi bu evin üstünə qoyuruq, ancaq düzəlmir. Qəzalı evdir. Ailə quran uşaqlarımın hamısı ehtiyac içində yaşayırlar. Mənim pensiyam olmasa bunlar acılıq çəkərlər. O pensiyadan da borc verirəm.”

Rəvayət Qasımovanın deməsinə görə, pay torpaqları var, ancaq o da qazanc gətirmir:

“Pay torpağımız var. Uşaqlar arasında bölmüşəm. Bu torpaqla heç nə etmək olmur. Suyun altında olan torpaqdır. Oranı əkib becərmək sərf etmir. Kanalları doldurublar, su basır oraları. Bir dəfə əkdik, ziyana düşdük. Əlmizdə 5-6 manat var idi o da getdi. Səsimiz prezidentə çatsa o çarə qılar. Prezident yaxşı adamdır.”

Buna da bax: Karantinin fəhlə etdiyi musiqiçi

“On il olar vaqonda yaşayıram”

Nicat Qasımovun qardaşı Aslan Qasımov həyətdə qoyulan və artıq yararsız hala düşən vaqonu göstərib uzun müddətdir həmin vaqonda yaşadıqlarını deyir.

“Sovet dövrün vaqonudur. On il olar vaqonda yaşayıram. Fəhləyəm, günəmuzd işləyirəm. Harada olsa işləyirəm. Günlərlə iş olmur. Olanda da günə 5-6 manat olur. O da çörəyə çatır. Uşağım üçüncü sinifdə oxuyur. Karantina görə, uşaq məktəbə getmir. Vaqonda da o şərait yoxdur. Özümüz çalışırıq ki, uşağı öyrədək. Bizim də o qədər savadımız yoxdur. Ev inşa etməyə yerim var. Amma ümidimi itirmişəm. Bu gedişlə ev tikə bilmərəm. Ömürümüz bu vaqonda keçəck. İş ondadır ki, vaqon da çürüyür. İmkanım yoxdur. Qaz, işıq ,çörək... Pul ancaq bunlara çatır.”

“İşlə bağlı Məşğulluq Mərkəzinə müraciət etməlidirlər”

Astarada yol nişanı

Ərcivan Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Cəbrayil Salmanov-un sözlərinə görə, həmin ailənin vəziyyətindən xəbərləri var:

“ Üç qaradaşdır, bir həyətdə yaşayırlar. Köhnə evdir, hamı orda yaşayır. Qardaşlardan biri özünə yeni ev inşa edib, digəri isə vaqonda yaşayır. İşlə bağlı Məşğulluq Mərkəzinə müraciət etməlidirlər. İş məsələsi bizlik deyil. Ölkədə iş yerləri var. Əksər iş yerləri imtahan verməklə başa gəlir. Biz onlara müdaxilə edə bilmirik. Bunlar da fəhlədirlər. Evləri köhnədir, təmir etməyə maddi vəziyyətləri imkan vermir.”

Buna da bax: Astarada satıcı : 'Elə adam var, soğanı, kartofu dənə-dənə alır'


İcra nümayəndəsi deyir ki, təbii fəlakət nəticəsində evləri dağılmış ailələr üçün ev nəzərdə tutulur:

“Bu isə köhnə evdir. Belə evlər üçün vəsait nəzərdə tutulmayıb. Gələcəkdə yəqin ki, hökumətimiz bu kateqoriyada olan ailələr üçün güzəştlər nəzərdə tutacaq. İmkansız, kasıb ailədir.”