Qazaxıstan da Sputnik V vaksini istehsal edəcək

Sputnik V vaksini

Vaksinin Qazaxıstanda 2 milyon dozalıq ilk partiyası dekabrda buraxılacaq

Qazaxıstan dekabrın 22-dən Rusiyanın Sputnik V vaksininin istehsalına başlayacaq. Bu haqda Prezident Qasım Jomart Tokayevin Baş nazir Askar Maminlə görüşündən sonra ölkə başçısının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bu haqda Rusiya Prezidenti Vladimir Putinlə razılaşma əldə olunduğu bildirilir.

Vaksinin Qazaxıstanda 2 milyon dozalıq ilk partiyası dekabrda buraxılacaq.

Buna da bax: 'Belə getsə, ağır xəstələri yerləşdirməyə yer tapa bilməyəcəyik'

Rusiya 2 milyon doza vaksin istehsal edir

Tokayevin mətbuat xidməti bildirir ki, 2021-ci ilin əvvəlindən Qazaxıstanda əhalinin kütləvi könüllü peyvəndləməsi başlanacaq. İlkin mərhələdə əhalinin daha çox risk altında olan qrupları – həkimlər, pedaqoqlar, güc strukturlarının əməkdaşları peyvənd ediləcək.

Tokayev hələ noyabrın ortasında Rusiya vaksininin istehsalı üzrə zavod tikmək planlarını açıqlamışdı. Daha öncə iki ölkə Sputnik V vaksininin təchizatı üzrə razılaşma əldə ediblər. Vaksin bütün mərhələlərdən keçəndən sonra Rusiyanın Birbaşa İnvestisiyalar Fondu onun müəyyən hissəsini zəmanətlə ayırmalıydı.

Rusiya Prezidenti Vladimir Putin dekabrın 2-də artıq gələn həftədən rusiyalıların koronavirusa qarşı “kütləvi peyvəndlənməsi” barədə göstəriş verib.

“Bilirəm ki, artıq 2 milyon dozadan artıq vaksini ya istehsal etmişik, ya da yaxın günlərdə istehsal olunacaq... Bu bizə imkan verəcək ki, kütləvi də olmasa, genişmiqyaslı peyvəndləməyə başlayaq. Və əlbəttə ki, razılaşdığımız kimi, iki risk qrupu önə salınacaq – müəllimlər və həkimlər”, – Putin deyib.

Buna da bax: Koronavirusdan ölənlərin sayı milyon yarımı keçdi

Prezidentə niyə vaksin vurulmayıb

Prezidentin mətbuat katibi Dmitri Peskov bir müddət qabaq deyirdi ki, peyvəndləmə könüllü və mərhələli şəkildə aparılacaq, “ölkənin coğrafiyası” və preparatın saxlanma xüsusiyyətləri nəzərə alınacaq. Putinin niyə indiyədək peyvənd olunmamasına gəlincə, Peskov demişdi ki, ölkə başçısına “sertifikat almamış vaksin” vurula bilməz.

“Sadəcə, o, ölkə başçısı kimi könüllü olaraq iştirak edə bilməz, bu, mümkün deyil”, – Peskov deyib.

Hazırda dünyada koronavirusa qarşı onlarla müxtəlif preparat hazırlanma mərhələsindədir. Dünya Səhiyyə Təşkilatının qaydalarına görə, vaksin üç klinik sınaqda keçməlidir. Üçüncü sınaq mərhələsinə 10-a yaxın vaksin çıxıb.

Buna da bax: Dünya iqtisadiyyatı gələn il özünə gələcəkmi

Rusiya isə üçüncü sınaq mərhələsi aparmadan Sputnik V vaksinini qeydiyyata alıb.

Dünyada ABŞ-ın Pfizer və Moderna şirkətləri hazırladıqları vaksinin 95 faiz civarında effektli olduğunu bildirib və təsdiqlənmək üçün təqdim ediblər. Britaniya artıq birinci vaksini istifadəyə təsdiqləyib və yaxın gələcəkdə peyvəndləmənin başlanacağı gözlənir.

Dekabrın 3-də dünyada yeni koronavirusdan ölənlərin sayı bir milyon yarımı, təsdiqlənən yoluxmalar isə 65 milyonu keçib.