Avstraliyanın Sidney şəhərinin sakinlərinə Yeni il atəşfəşanlığını evdən izləmək göstərişi verilib. Şəhərdə COVID-19-un yayılmasının qarşısını almağa çalışırlar.
Sidney yeni ilin gəlişini birinci qarşılayan böyük şəhərlərdəndir, opera binası üzərində atəşfəşanlıqla ad çıxarıb.
Hazırda şəhərdə açıq yerlərdə 50 nəfərdən artıq adamın bir yerə yığışmasına icazə verilmir.
Avstraliyanın sərhədləri bağlaması, lokdaunlar, genişmiqyaslı testlərin aparılması və sosial məsafənin gözlənməsi nəticəsində ölkədə cəmi 28 min 300 yoluxma və 908 ölüm qeydə alınıb.
Buna da bax: AB-də peyvəndləmə: ‘sonun başlanğıcı’
Cənubi Koreya
Dünyada isə koronavirusa yoluxmalar 80.7 milyona çatıb, ölü sayı 1.7 milyona yüksəlib. Britaniyada koronavirusun yeni ştammı yayılmaqdadır.
Cənubi Koreyada da yeni ştamm aşkarlanır, səhiyyə orqanları dekabrın 28-də bu haqda məlumat yayıblar.
Dekabrın 22-də Londondan bir ailənin üç üzvü bu ölkəyə gələn kimi COVID-19 testi müsbət çıxıb və karantinə yerləşdiriliblər.
Bu ayın əvvəlində Britaniyada aşkarlanan yeni ştamm artıq Avropanın bir sıra ölkələri, o cümlədən Kanada, İordaniya və Yaponiyada qeydə alınıb.
Ekspertlər yeni ştammın daha yoluxucu olmasından ehtiyatlanırlar. 50-dən artıq ölkə Britaniyaya səyahət qadağaları qoyub. Ancaq bu ştammın COVID-19 vaksinlərinə davamlı olması haqda bilgi yoxdur.
Dekabrın 28-də Səudiyyə Ərəbistanı krallığa hava, quru və dəniz yoluyla girişə qadağanı daha bir həftə uzadıb. Daxili İşlər Nazirliyi vəziyyəti dəyərləndirdiyini bildirir, qeyri-rezidentlərin ölkədən çıxmasına, müstəsna hallarda girişə icazə verilir.
Buna da bax: Putin yeni il qabağı biznesmenlərlə ənənəvi görüşdən imtina edib
Hələ pisi qabaqdadır?
Birləşmiş Ştatların baş infeksionisti CNN-ə deyib ki, yeni prezident seçilmiş Co Baydenin dəyərləndirməsilə razıdır – pandemiyanın ən ağır dönəmi hələ qabaqda ola bilər.
Səhiyyə rəsmiləri Miladdan sonra, Yeni ildə yoluxma və ölü sayında artım ola biləcəyini deyirlər.
“Bunu dalğa ardınca dalğa kimi təsvir etmişəm. Payızın sonu və qışın əvvəli yoluxmalardakı meyllənmə həqiqətən çox narahatedicidir”, – Entoni Fauçi dekabrın 27-də CNN-ə deyib.
Dekabrda Birləşmiş Ştatlarda COVID-19-dan 63 mindən çox ölüm qeydə alınıb ki, pandemiya başlanandan heç bir ayda bu baş verməyib.
Fauçi gələn həftələr ərzində vəziyyətin daha da pisləşəcəyindən narahatlıq bildirib.
ABŞ-da indiyədək koronavirusa 18.9 milyon yoluxma və 333 min ölüm təsdiqlənib.