Ötən il koronavirusdan 600-dən çox media işçisi ölüb

Çində polis jurnalistlərin çəkilişinə mane olur, arxiv fotosu

Ötən ilin martından dekabrınadək 602 media əməkdaşı koronavirusdan vəfat edib

Media təşkilatı koronavirusa qarşı peyvəndləmədə bu sahənin işçilərinə üstünlük verməyə çağırır. Qurum ötən il COVID-19-dan 600-dən çox media əməkdaşının öldüyünü bildirir.

Cenevrədə mənzillənən Mətbuat Emblemi Kampaniyası (ingiliscə qısa adı – PEC) dünyada jurnalist ölümlərini araşdırır. Qurumun yanvarın 5-də bildirməsinə görə, ötən ilin martından dekabrınadək 602 media əməkdaşı koronavirusdan vəfat edib.

Buna da bax: 'Vaksinasiya... böhranla müşayiət olunacaq'

Ancaq qrup qeyd edir ki, iş zamanı yoluxanları fərqləndirmək mümkün deyil. Siyahıya təqaüddə olan jurnalistlər də salınıb.

PEC bildirir ki, vaksinasiyaya çıxış zamanı jurnalistlərə üstünlük verilməlidir, çünki onlar hadisə yerində işlərkən “virusa yoluxma ehtimalına daha çox məruz qalırlar”.

Region və ölkələrin statistikası

Ölümlərin yarıdan çoxu, 303 nəfəri Latın Amerikasında qeydə alınıb.

Asiyada 145, Avropada 94, Şimali Amerikada 32, Afrikada 28 jurnalistin koronavirusdan öldüyü bildirilir.

Buna da bax: Dünya Bankı bu il üçün 4 faizlik artım proqnozlaşdırır

Pakistan 22 jurnalist ölümüylə 9-cu yerdədir. Əfqanıstan və Rusiyanın hərəsində 8, İranda 3 jurnalist virusun qurbanına çevrilib.

PEC Azərbaycan, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın hərəsində azı bir jurnalistin vəfat etdiyini müəyyənləşdirib.

Qurum informasiyanı yerli mediadan, jurnalistlərin regional birliklərindən, özünün region müxbirlərindən aldığını qeyd edir.

Eyni zamanda real rəqəmin daha yüksək ola biləcəyi bildirilir, çünki jurnalistlərin ölüm səbəbi bəzən dəqiq göstərilmir, açıqlanmır, yaxud yerli informasiyaya etibar etmək olmur.