Belarusun hakimiyyət orqanları prezident seçkisindən sonra ölkədən qaçmağa məcbur olan müxalifət lideri Svyatlana Tixanovskayanın ekstradisiyası üçün Litvaya rəsmi müraciət edib.
Seçkinin rəsmi nəticələrinə görə avtoritar lider Alyaksandr Lukaşenka 6-cı dəfə qalib elan edildikdən sonra Belarusda kütləvi etiraz aksiyaları başlanmışdı.
Belarusun Baş Prokurorluğu martin 5-də bildirib ki, Tixanovskaya “ictimai asayişə, ictimai təhlükəsizliyə və dövlətə qəsd cinayətlərinə görə məsuliyyət daşıyır”.
Litvanın xarici işlər naziri Qabrielius Landsbergis bəyan edib ki, Vilnüs bu müraciəti rədd edib:
"Litva rejimlər tərəfindən təqib olunan bütün demokratik qüvvələrin arxasına sığına biləcəyi divardır və belə olaraq qalacaq. Buna görə də Litvada sığınacaq tapanların hamısı özünü təhlükəsizlikdə hesab edə bilər. Öz ölkələrində demokratiya, azadlıq, ifadə və etiqad azadlığı uğrunda mübarizə apardığına görə təqib edilənlər rejimlərə təslim edilməyəcək. Bizim Belarus rejiminə cavabımız belədir – Biz sizin müraciətinizə baxmayacağıq”.
Buna da bax: ‘Cəsarətli qadınlar’ mükafatını bu il kimlər alırQərb Lukaşenkanı tanımır
Tixanovskaya və tərəfdarları Belarusda 9 avqust seçkisinin Lukaşenkanın xeyrinə saxtalaşdırıldığını, onun əslində 3 faizdən də az səs qazandığı deyirlər.
Seçkidən sonra başlanan etirazlarda jurnalistlər və fəallar da daxil minlərlə insan saxlanıb. Onlara işgəncələr verilməsinə dair məlumatlar var.
Etirazçılardan bir neçəsi həlak olub.
Belarusa 1994-cü ildən prezidentlik edən Lukaşenka seçkidə saxtakarlığa yol verilmədiyini və müxalifətlə dialoqa getməyəcəyini deyib.
Avropa İttifaq, ABŞ və Kanada Belarus seçkisinin nəticələrini və Lukaşenkanın prezident kimi legitimliyini tanımadıqlarını bildiriblər.