Almaniya Kansleri Angela Merkelin partiyasından deputat Azərbaycan üçün lobbiçilik iddialarından dolayı istefa verir. Bu haqda Almaniya mediasına istinadla “Associated Press” yazır.
Berlində çıxan “Die Welt” qeyd edir ki, ki, sağ-mərkəzçi Xristian Demokratik Birliyinin üzvü Mark Hauptmann xaricdən pul aldığını inkar edib. Amma Azərbaycan və digər ölkələrin ona qəzetində reklam üçün pul verdiyini boynuna alıb. “The Spiegel” dərgisinin yazmasına görə, 36 yaşlı deputat əvvəllər “avtoritar və neftlə zəngin ölkənin xeyrinə danışıb”.
Buna da bax: Azərbaycan lobbisi Britaniya deputatlarına xərclənən pullara görə ikincidir
“Ailəmi qorumaq istəyirəm”
“Deutche welle” yazır ki, Hauptmann-ın istefasına “Spiegel”in məqaləsi səbəb olub. Dərgi onun nəşr etdiyi “Südthüringer Kurier” adlı yerli qəzetdə Azərbaycan, Tayvan və Vyetnama aid turizm reklamları yerləşdirməsi haqda yazıb.
Hauptmann isə “Welt”ə deyib ki, onun siyasi qərarlarına heç vaxt təsir göstərilməyib və üzləşdiyi tənqidə görə istefa verir. “Ailəmi qorumaq istəyirəm”, – o deyib.
“Human Rights Watch” insan haqları təşkilatının təmsilçiləri hələ 2015-ci ildə yazırdılar ki, Mark Hauptmann daxil olmaqla Almaniyanın bəzi millət vəkilləri Azərbaycan hökumətini dəstəkləməyə çağırıblar.
Buna da bax: Azərbaycanın “Almaniyadakı məddahları” tənqid olunur
Merkelin blokundan son günlər daha iki nəfər istefa verib. Onların pandemiyanın əvvəlində maska tədarükü üzrə sazişlərdən qazanc götürməsi iddiaları yayılıb.
Rəy sorğuları Xristian Demokratik Birliyi və yalnız Bavariyanı əhatələyən Xristian Sosial Birliyindən ibarət bloka dəstəyin azaldığını göstərir. Amma yenə də bu blok Almaniyada ən populyar siyasi qüvvədir.