Tramp da peyvəndi tövsiyə edir

AstraZeneca vaksini

“Bunu tövsiyə edərdim. Əla vaksindir, təhlükəsiz vaksindir, təsiri var”, – Tramp martın 16-da “Fox News”a deyib

Avropa Tibb Agentliyi (ATA) AstraZeneca şirkətinin COVID-19-a qarşı vaksininin faydalarının potensial riskləri üstələməsindən “tam əmindir”. İndiyədək bir neçə ölkə vaksinlə qan laxtalanması arasında mümkün əlaqədən dolayı onun istifadəsini dayandırıb.

ATA isə martın 16-da bildirib ki, vaksinin qan laxtalanması ilə bağlılığına dəlil yoxdur və ölkələri vaksindən istifadəni davam etdirməyə çağırıb.

Vaksin milyonlarla insana vurulub, az sayda adamda qan laxtalanması qeydə alınıb. AB ölkələrinin bir-birinin ardınca peyvənddən istifadəni dayandırması ciddi müzakirələrə yol açıb, Dünya Səhiyyə Təşkilatının (DST) bu vaksindən istifadəni dayandırması təklifləri səslənib.

Avropanın azı iki ölkəsi – Fransa və İtaliya ATA-nın bəyanatını alqışlayıblar. Hazırda hər iki ölkədə qismən karantin elan olunub.

Buna da bax: DST ekspertləri AstraZeneca-nı müzakirə edəcəklər

Britaniyalı alim deyir ki...

Kanadanın Baş naziri Castin Trüdo vətəndaşları AstraZeneca vaksinini vurdurmağa səsləyib. Artıq bu vaksindən 11 milyondan çox dozanın vurulduğu Britaniyada ekspertlərin deməsinə görə, peyvənd olunmuş şəxslərdə qan laxtalanmasının artmasına dəlil yoxdur.

Bir britaniyalı alim bildirir ki, səbəb vaksin deyil, COVID-19-dur, çünki bu xəstəlik qan laxtalanması kimi problemlərə yol açır.

Almaniya da bu peyvənddən istifadəni dayandıran ölkələr sırasındadır. Ölkənin aparıcı virusoloqu xəbərdarlıq edib ki, ilk dəfə Britaniyada qeydə alınmış daha yoluxucu ştamm artıq ölkədə dominant mövqeyə keçir.

Kristian Drosten martın 16-da deyib ki, yeni yoluxmaların 75 faizi yeni ştammla bağlıdır və aprelin əvvəlinəcən gündəlik yoluxmalar dekabrdakı səviyyəyə yüksələ bilər. Martın 16-da aşkarlanmış yoluxma sayı 5 min 480 olub, bu, bir həftə öncəkindən mindən də artıqdır. Almaniya eyni zamanda vaksinasiyanı sürətləndirməyə çalışır.

Avropada koronavirusdan ölüm 900 mini keçib.

Buna da bax: Gürcüstan peyvəndləməyə AstraZeneca ilə başlayır

Trampın tövsiyəsi

Birləşmiş Ştatlarda qeydə alınan ölü sayı isə 536 mindən çoxdur. Keçmiş prezident Donald Tramp respublikaçı tərəfdarlarını peyvənd vurdurmağa çağırıb.

“Bunu tövsiyə edərdim. Əla vaksindir, təhlükəsiz vaksindir, təsiri var”, – Tramp martın 16-da “Fox News”a deyib.

Bir rəy sorğusuna görə, respublikaçı kişilər COVID-19-a qarşı vaksin vurdurmaq istəməyənlər arasındadırlar. Bundan sonra tərəfdarlarını vaksin vurdurmağa həvəsləndirmək üçün Trampa çağırışlar artdı.

Braziliyada son 24 saat ərzində COVID-19-dan ölüm rekord – 2 min 841-ə yüksəlib. Prezident Jair Bolsonaru pandemiya başlanandan artıq dördüncü səhiyyə nazirini təyin edir. Braziliya yoluxma sayına görə Birləşmiş Ştatlardan sonra ikinci yerdədir.