Bazarda: ‘Kasıbçılıqdır, ay bala’

Astara, Pensər bazarı, 14 mart 2021

Astaranın həftəlik rayonlararası Pensər bazarında ( Bazara martın 14-də baş çəkmişdik) qələbəlikdir. Kələm satan Bərdə sakini deyir ki, bunun səbəbi var:

“Qarşıdan Novruz bayramı gəlir. Kələmin bir kiloqramını 50-60 qəpiyə satırıq. Qazanc azdır. Əkmək, yetişdirmək, yol xərci. Mayasından 4-5 qəpik bahasına satırıq.”

Buna da bax: Sahibkar: 'Gərək günlərlə duram bankomatın qarşısında...'


Yaxınlıqda pomidor satan gənc bir oğlan da məhsulunu tərifləmklə alıcı qazanmaq istəyir. O deyir:

“ Alıcılıq qabiliyyəti çox aşağıdır ”

“İlin bu vaxtında pomidorun 1 kiloqramı 2 manatdan aşağı olmazdı.İndi kilosunu 1 manat 50 qəpiyə satıram. Rusiyaya bir elə məhsul getmir, daxili bazara yönəldiblər. Çox dadlıdır. Alan azdır. Alanda da 1-2 kiloqram alırlar. Alıcılıq qabiliyyəti çox aşağıdır. Həm də toylar dayandırılıb (Koronavirus pandemiyası ilə bağlı ötən ilin martından Azərbaycanda karantindir). Pensiya və digər müavinətləri verəndən sonra alıcıların sayı artacaq.”

Balıq bazarı

Balıq satılan yerdə necə deyərlər “ağız deyəni qulaq eşitmir”. Balıqların qiyməti də fərqlidir. Satıcı deyir ki, İrandan gətirilən kütüm balığı ilə yerli balıq arasında 2-3 manat fərq edir. O kütüm balığını əlinə götürüb deyir:

“İrandan gətirilən kütüm balıqları ucuzdur”

“Bu bir kilo yarım olar, 25 manatadır. O birisi də eyni çəkdədər, 30 manata. İrandan gətirilən kütüm balıqları ucuzdur.”

Kütüm balığı almaq istəyən alıcı deyir ki,bahadır:

“Od qiymətinədir. Allah sizə insaf versin. Keçən il bundan ucuz idi. Belə iş olar? Dənizdir də, tutursuz, satırsız...”

Buna da bax: Astaralı fermer: 'İran öz ucuz malını tökəcək Azərbaycana'


Satıcı qadın əlində tutduğu kütüm balığını yerə atır:

Üç qat bahalaşma?

“Bundan mənə 1 manat qalır. Dənizdə balıq yoxdur, tükənir. Ərim on dəfə dənizə düşür, 5-6 ədəd kütüm balığı çıxır. Onun yarsını əlmizdən alırlar. Onu almırsan, odur, İrandan gətirilib, onu al. Ala bilmirsın mən nə edim? İran Astarasında kütüm balığının bir kiloqramı 5 manat 50 qəpiyədir, bu taya çıxardırlar, olur kilosu 15 manata. Hamıdan yaxşısı gömrük işçiləridir. Deyirsən 50 manatadır, dərhal əlini atır cibinə pulunu verir.”

Topdansatış bazarı

Bazarın digər tərəfində maşınlar düzülüb. Kənd təsərrüfatı məhsulları birbaşa maşınlardan satılır. Quba alması 1 manat 50 qəpiyə, Ağdam soğanı 50-60 qəpiyə verilir. Topdansatış qiyməti isə bir qədər ücüzdür. Apelsin, limon, naringi satılan yerdə də alıcılar var. Satıcı deyir ki, naringinin bir kiloqramı 2 manatadır:

“İrandan naringi gətirdilər qiymət düşdü aşağı”

“İrandan naringi gətirdilər qiymət düşdü aşağı. Bir ay bundan əvvəl kiloqramı 2 manat 50 qəpikdən aşağı deyildi. Naringini ev şəraitində bu vaxta saxlamaq çətindir. Yarısı çürüyür, çəksini itirir. Belə baxanda sərf etmir. Yetşəndən sonra satmaq daha sərfəlidir.”

Bir satıcı da qiymətləri belə təqdim edir:

“Zaqatala fındığı 7 manatadır, Astara qozu 4 manat, şabalıd 7 manat, səməni, dibçəklərdə qoyulmuş bönövşənin bir ədədi 1 manat, nə istəyirsən var. Təki pul olsun...”

Babanın arzusu...

Babaın almaq istədiyi "Hinduşka"

Ev quşları satılan yerdə də qələblik idi. Ahıl yaşlı bir alıcı kişi hinduşka almaq üçün satıcıdan xahiş edir ki, qiyməti aşağı salsın. Satıcı isə deyir ki, qiyməti aşağı salsa onun ziyanına olar:

“Diri çəksi 7 kiloqramdır. Bunun 5,5 kiloqram əti var. Kilosu 10 manata 55 manat edir. Cəlilabaddan gətirmişəm. Bizdə hunduşka əti dadlı olur.”

Yaşlı alıcı deyir ki,nəvələri ona qonaq gələcəklər, ona görə hinduşka almaq istəyir:

“Övladlarımın yarısı Rusiyada, yarısı da Bakıda yaşayırlar. Pensiyanı hələ vermirlər. Uşaqlarım gəlsələr, çətinlik olmayacaq.İstəyirdim ki, onlara hədiyyə olsun. Qismət deyilmiş. Adam var bu bayrama bir ildir hazırlaşır. Pulu düyüyə, toyuğa çatır. Allah köməkləri olsun. Kasıbçılıqdır, ay bala.”

Bazarda olanların əksəriyyəti maskasızdır. Sanki xəstəlik də ( koronvirus pandemiyası) yaddan çıxıb...