Saleh Rüstəmovdan xəbər var-Yenilənib

Saleh Rüstəmov, arxiv foto

Vəkil də Saleh Rustəmovla danışıb

Vəkil Bəhruz Bayramov da AzadliqRadiosuna deyib ki, bu gün, martın 28-də hüquqlarını müdafiə etdiyi Saleh Rüstəmovla görüşmək istəyib. Amma bazar günü olduğundan Saleh Rüstəmovla yalnız danışa bilib. Vəkilin sözlərinə görə, 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Saleh Rüstəmov şəxsiyyəti haqqında uyğun olmayan söhbətlər edildiyini ona bildirib:

"Bunların da özünə qarşı yönəldiyini düşünür. Bu məsələ mətbuata çıxandan sonra Rüstəmov rəis tərəfindən qəbul edilib, olaylardan xəbəri olmadığını və araşdıracağını bildirib".

Vəkil deyib ki, sabah, martın 29-da Saleh Rüstəmovla görüşmək niyyətindədir.

Vəkilin bu açıqlamasını da, hələlik, Penitensiar Xidmətdən dəqiqləşdirmək mümkün olmayıb.

***

Gədəbəy rayonun keçmiş ( 1992-1993-ci illərdə) icra başçısı Saleh Rüstəmovun həbsdə təzyiqlərə məruz qaldığı bildirilir
Bu barədə Saleh Rüstəmovun qardaşı Taleh Rüstəmov AzadliqRadiosuna danışıb.

Taleh Rüstəmov bildirib ki, qardaşı martın 27-də zəng edib şantaj olunduğunu söyləyib:

“Dedi ki, içəridə öz adamları vasitəsilə şantaj edirlər. Yəni ki, öz yolunu tapmalısan, nə qədər belə qalacaqsan. İkinci, qardaşım dedi ki,əllərinin altında saxladıqları dustaqlar var, onların vasitəsilə söz atırlar, istəyirlər ki, onlara nəsə desin və cəzalandırsınlar”.

Taleh Rüstəmov bildirib ki, həbsxanada Saleh Rüstəmovdan heç vaxt narazılıq olmayıb və məhbuslar həmişə ona hörmətlə yanaşıb:

“Biz görüşə gedəndə, məhbuslar açıq şəkildə ona ağsaqqal kimi yanaşdıqlarını söyləyirdilər. Deyirdilər ki, Saleh özünü elə aparır, biz onun yanında utanırıq. Özü də gizlətmədi ki, tapşırıq yuxarıdandır. Çünki indiyə qədər ona qarşı heç bir hərəkət olmayıb”.

Taleh Rüstəmovun deməsinə görə, vəkil Bəhruz Bayramov da Saleh Rüstəmovla görüşmək niyyətindədir.

Buna da bax: ‘1955-ci ildə atasının tikdiyi evi müsadirə ediblər ki, çirkli pulla alınıb’

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma, Penitensiar Xidmət bundan öncə oxşar məzmunlu şikayətlərə cavab olaraq bildirib ki, cəzaçəkmə müəssisələrində bütün məhbuslarla qanunvericiliyin tələbləri daxilində, daxili intizam qaydalarına uyğun davranılır.

Xatırlatma

Gədəbəy rayonun keçmiş icra başçısı Saleh Rüstəmov 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub.İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb.

Sonra, mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) 3 funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamların dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunublar.

Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunub.

AXCP ittihami yalanlamışdı. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmov 7 il 3 ay, Aqil Məhərrəmov 4 il, Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və R.Nəsirova şərti cəza verilib. Onların hamsı məhkəmədə ittihamları qəbul etməyiblər.
Bu cinayət işi üzrə həbs edilənlərdən Babək Həsənov bu il martın 18-də əfv olunub.