Pakistanda Fransaya etirazlar davam edir

Polis və etirazçılar arasında toqquşmalar ikinci gündür ki, davam edir

Pakistanda aprelin 13-də ekstremist partiyanın tərəfdarları və polis arasında toqquşmalar ikinci günə qədəm qoyub.

Etirazçılar Fransa səfirinin ölkədən qovulmasına çağırdıqdan sonra həbs edilmiş liderlərinin azadlığa buraxılmasını tələb edirlər.

Ölkənin ikinci böyük şəhəri Lahorda toqquşmalarda yaralanmış iki polis nəfəri vəfat edib.

Təhrike Ləbbeyk Pakistan (TLP) partiyası isə tərəfdarlarından üçünün həlak olduğunu bəyan edib.

Polis TLP-dən verilən bu xəbəri şərh etməyib.

Saad Rizvi (ortada)

Fransa səfirinin qovulması tələbi

TLP-nin lideri Saad Rizvi aprelin 12-də “asayişin saxlanması” məqsədilə Lahorda həbs olunub.

Polis aprelin 13-də bildirib ki, Rizviyə qarşı antiterror maddəsi ilə ittiham irəli sürülüb.

TLP hökumətdən Fransa səfirinin ölkədən çıxarılmasını tələb edir. Partiya bildirir ki, Fransa Məhəmməd peyğəmbərin karikaturalarının çap edilməsi hüququnu müdafiə edir.

Rizvinin həbsi onun tərəfdarlarını qəzəbləndirib və onlar partiyanın Lahordakı ofisinin qarşısına toplaşıblar.

Bunun ardınca Rizvi tərəfdarları ilə polis arasında toqquşmalar başlanıb.

Polis etirazçılara qarşı suvuranlardan və gözyaşardıcı qazdan istifadə edib.

Buna da bax: Fransa malları necə boykot olunur

Hökumətdən kompromis vədi

TLP tərəfdarları habelə paytaxt İslamabadın ətraflarında etiraz aksiyası keçiriblər və Kəraçı şəhərində bir sıra yolları bağlayıblar.

Bundan əvvəl Pakistanda koronavirus yoluxmalarının artması ilə bağlı etirazlar keçirilirdi.

Ötən noyabrda polislə toqquşan minlərlə TLP tərəfdarı İslamabada gedən əsas yol qovşağını tutmuş, şəhərə girişi bağlamışdı.

İslamçı qrup yolların blokadasını hökumət Fransa səfirinin ölkədən çıxarılmasını müzakirəyə hazır olduğunu bəyan edəndən sonra qaldırmışdı.

Buna da bax: Fransada kilsədə azı iki nəfər öldürülüb

Peyğəmbərin karikaturaları

Fransa prezidenti Emmanuel Makron ötən oktyabrda Məhəmməd peyğəmbər də daxil karikaturaların çap edilməsi hüququnu müdafiə etmişdi.

Makron bu bəyanatı Məhəmməd peyğəmbərin karikaturasını şagirdlərə göstərən müəllim bir islamçı tərəfindən qətlə yetirildikdən sonra vermişdi.

Bu karikaturalar bundan əvvəl Charlie Hebdo satirik jurnalında çap olunmuşdu.

İslamda Məhəmməd peyğəmbərin hər hansı şəkli küfr sayılır.

Pakistanın baş naziri İmran Xan demişdi ki, “Avropada islamofobiyanın yüksəlişi” və peyğmbəırin lağa qoyulması müsəlman gənclər arasında ekstremizmin yayılmasına səbəb olur.