Rusiya dezinformasiyası ilə mübarizəni götür-qoy edəcəklər

Kiyevdə Rusiya teleşoularına qarşı etiraz aksiyası, 2015-ci il

Britaniya, ABŞ və Avropa rəsmiləri Rusiyanı seçkilər, COVID-19 vaksinləri və NATO daxil olmaqla bir sıra məsələlərlə bağlı dezinformasiya yaymaqda ittiham edir

Britaniya Rusiya propaqandası və dezinformasiyası ilə mübarizə məqsədilə beynəlxalq fəaliyyət təklif edir. Ölkənin Xarici işlər naziri Dominik Raab bunu mayın 2-də deyib.

Mayın 3-dən 5-dək Raab Böyük Yeddiliyin (G7) xarici işlər nazirlərinin görüşünə ev sahibliyi edəcək. Zəngin ölkələrin klubu son iki ildə ilk dəfə olaraq birbaşa görüş keçirir. Görüşün əsas məsələsi Rusiya ilə artmaqda olan gərginlikdir.

Buna da bax: Avropa İttifaqı Rusiya və Çini ‘vaksin dezinformasiyasında’ ittiham edir

“Sürətli təkzib mexanizmi”

Britaniya G7-dən xahiş edəcək ki, Rusiyanın “yalanları və propaqandası, saxta xəbərlər”inə qarşı “sürətli təkzib mexanizmi” hazırlasınlar, Raab toplantıdan öncə jurnalistlərə deyib.

Detalları açıqlamayan Raab qeyd edib ki, ideya “təkzib üçün bir araya gəlmək, səmimi şəkildə ortaya qoymaqdır, həm bu ölkənin, həm də Rusiya, yaxud Çin, bütün dünya əhalisi üçün”.

G7 üzvləri Britaniya, Birləşmiş Ştatlar, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiyadır. Britaniya görüşlərdən bəzilərinə Avstraliya, Hindistan, Cənubi Koreya və Cənubi Afrikadan da təmsilçilər dəvət edib.

Rusiya vaxtilə G8 adlanan bu qrupun üzvü idi, amma 2014-cü ildə üzvlüyü dayandırıldı. Həmin il Moskva Ukraynanın Krım vilayətini ilhaq edərək ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlamışdı.

Buna da bax: Məxfi hesabat: Rusiya və İran ABŞ seçkisini təsirləndirməyə çalışıblar

Rusiyaya ittiham

Britaniya, ABŞ və Avropa rəsmiləri Rusiyanı seçkilər, COVID-19 vaksinləri və NATO daxil olmaqla bir sıra məsələlərlə bağlı dezinformasiya yaymaqda ittiham edir.

G7-nin toplantısında Raab rəhbərlik etdiyi qurumun maliyyələşdirdiyi araşdırmanı təqdim edəcək. Araşdırma rusiyapərəst trolların demokratik ölkələrdə qəzetləri hədəfə aldığını üzə çıxarıb. Trollar ictimaiyyətin Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləməsi təəssüratını yaratmağa çalışır. Xəbəri “Sunday Times” qəzeti yayıb.

“Rusiyapərəst trollar Ukraynada və digər yerlərdə şərhlər yayaraq həm ictimai fikrə təsir göstərməyə çalışırlar, həm də sonradan bunlar Rusiya mediasında tirajlanır”, – Raab qəzetə deyib.

London sammitində dünyada COVID-19 vaksinlərinə çıxış, qızların təhsilinə dəstək, iqlim dəyişikliyi üzrə hədəfləri müəyyənləşdirmək, yoxsulluğun qarşısını almaq da müzakirə olunacaq.