Qərb diplomatları parlamentin hədəfində

Bunu parlamentdəki çıxışında Milli Dirçəliş Hərəkatının rəhbəri, deputat Fərəc Quliyev deyib. O hesab edir ki, İctimai Palata təmsilçiləri deyil, onlar Elçibəy məktəbinin davamçıları və gerçək millətçilərdir. Fərəc Quliyevin fikrincə, həmin səfirliklər və beynəlxalq təşkilatlar kimin müxalifət olduğunu, eləcə də kimlərlə danışıqlar aparmağı özləri müəyyən etməməlidirlər. O düşünür ki, diplomatik korpusun nümayəndələri parlamentdə təmsil olunan və millətçi kəsimi özündə birləşdirən adamlarla danışıq aparmalıdılar.

Fərəc Quliyev deyir ki, diplomatik korpusun hərəkətlərində ərəb ölkələrində həyata keçirilən eksperimentləri burada da tətbiq etmək cəhdləri özünü büruzə verir.

«ONLARIN BƏZİLƏRİ «PERSONA- NON QRATA» ELAN OLUNMALIDIR»


«Mən dövlət maraqlarımızın qorunması naminə parlamentdən adekvat davranış tələb edirəm. Hesab edirəm ki, Azərbaycanda ərəb ölkələrinə oxşar eksperiment cəhdinin olub- olmamasını araşdırmaq üçün parlament komissiyası yaradılmalıdır və ora ekspertlər daxil edilməlidir. Biz burada diplomatik korpusun nümayəndələrinin hansı işlə məşğul olmalarını araşdırandan sonra ehtiyac yaranarsa, onların bəziləri «persona-non qrata» elan olunmalıdır».

Milli Məclisin aprelin 15-də keçirilən iclasında cari məsələlər üçün ayrılmış yarım saat tamamilə bu məsələyə aid edildi. Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə istisna olmaqla parlamentdə iqtidar və iqtidar yönlü partiyalarla yanaşı müxalifət adlandırılan partiyaların da təmsilçiləri bir birinin ardınca bəzi xarici səfirliklərin bu günlərdə İctimai Palata təmsilçiləri ilə keçirdikləri görüşü tənqid etdilər. Ümumi məntiq belə idi ki, əgər diplomatik korpusun nümayəndələri parlamentdən kənardakı siyasi partiyalarla görüşürlərsə və bu görüşün mahiyyətini açıqlamırlarsa, deməli burada nəsə var. Özü də bu «nəsə» heç yaxşı şey deyil. Deputatlar Asəf Hacıyev (bitərəf), Siyavuş Novruzov (YAP), Fəzail İbrahimli (VHP), və digərləri öz çıxışlarında məhz niyə görüşdülər və nədən danışdılar suallarına cavab verməyə çalışdılar. Vitse spiker Bahar Muradovanın görüşün mahiyyəti barədə mülahizələri:

«BİZDƏN ŞƏFFAFLIQ TƏLƏB EDƏN DAİRƏLƏR NİYƏ ÖZLƏRİ QEYRİ ŞƏFFAF FƏALİYYƏT GÖSTƏRİRLƏR».

«Mən o səfirlərin yerinə olsaydım bu məsələ ilə bağlı izahat verərdim. Mətbuatda və ictimai gündəmdə belə bir fikir var ki, həmin görüşdə maliyyə məsələləri ilə əlaqədar söhbət olub. Qoy buna aydınlıq gətirsinlər. Niyə bununla bağlı açıqlama vermirlər ki, belə bir söhbət olmayıb. Bizdən şəffaflıq tələb edən dairələr niyə özləri qeyri şəffaf fəaliyyət göstərirlər».

Fazil Mustafa
Böyük Quruluş Partiyasının sədri deputat Fazil Mustafanı isə təəccübləndirən diplomatik korpusun nümayəndələrinin siyasi partiyalarla görüşü yox, diplomatların bu görüşə dəvət olunduqları üçün getdiklərini bildirmələridir.

«BUNLAR İNQİLAB İSTƏYƏNLƏRİ DƏSTƏKLƏYİRLƏR»


O, deyir ki, belə bir qüvvəni eyni vaxtda hətta qonaqlığa da yığmaq olmaz. Deməli bunlar inqilab istəyənləri dəstəkləyirlər.

Birləşmiş Ştatların Bakıdakı səfiri Metyu Brayza isə bu günlərdə verdiyi açıqlamada deyib ki, ABŞ səfirliyin nümayəndəsinin müxalifətlə görüşü qeyri adi və qəbahət iş deyil. Bu demokratik təkamülə doğru bir addımdır.

Politoloq Hikmət Hacızadə isə hesab edir ki, bütün bu çıxışların kökündə baş verənlərdən yaranan narahatçılıq dayanır. Çünki Qərb diplomatları bu görüşə getməklə müxalifətin fəaliyyətini dəstəkləyiblər.

Hikmət Hacızadə
«SƏBƏBİ ODUR Kİ, BELƏ GÖRÜŞLƏ QƏRB DİPLOMATLARI...»


«Səbəbi odur ki, belə görüşlə Qərb diplomatları müxalifətin mitinq keçirtmək tələblərini haqlı sayıb. Və bu hüquqları təqib edən hökuməti dəstəkləməyib, qınayıb bu aksiya ilə. Ona görə də indi hakimiyyət narahatdır».

Hikmət Hacızadə Qərb diplomatları ilə İctimai Palata arasındakı görüşün mahiyyətinin gizli saxlanılması barədə deyilənlərlə də razılaşmır. Deyir ki, bu barədə kifayət qədər açıqlama verilib. Diplomatlar dəfələrlə bildiriblər ki, Azərbaycanda olan hadisələrdən narahatçılıqlarını bildirirlər. Sərbəst toplaşma azadlığının məhdudlaşdırılmasının əleyhinə çıxıblar və tərəfləri dialoqa çağırıblar.

O ki, qaldı bu görüşü parlamentdə hakim partiya və iqtidar yönlülərlə yanaşı müxalifət adlandırılan digər partiyaların da tənqid etməsinə, Hikmət Hacızadənin fikrincə onlar müstəqil deyillər və sadəcə aldıqları əmri yerinə yetirirlər.