İranın cənub-qərbindəki Abadan şəhərində çoxmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 41-ə yüksəlib. Məlumatı İran rəsmiləri iyunun 6-da açıqlayıb.
“Xilaedicilər dağıntılar altında digər cəsədləri axtarmağa davam edirlər”, – Abadan şəhərinin valisi Ehsun Abbaspur IRNA dövlət xəbər agentliyinə deyib.
Rəsmilər indiyədək qəza nəticəsində neçə nəfərin itkin hesab olunduğunu açıqlamayıblar.
Onmərtəbəli yaşayış və ticarət binasının çökməsi nəticəsində 37 nəfər xəsarət alıb.
Buna da bax: Paşinyan Rəisi ilə nə danışıb
Hakim orqanlar binanın çökməsinə yerli səviyyədə korrupsiyanı və təhlükəsizlik qaydalarının pozulmasını səbəb göstəriblər. Onların bildirdiyinə görə, merlər və digər rəsmilər daxil olmaqla 13 nəfər tikinti qaydalarının pozulması ittihamıyla həbs edilib.
Hadisə yerinə etirazçılar yığışıb, məmurları pisləyib, hesabatlılıq tələb ediblər. Ərazidən video paylaşılmasını, kommunikasiyanı önləmək üçün internetə çıxışın məhdudlaşdırıldığı bildirilir.
Buna da bax: İranda siyasi məhbus qəbiristanlığı hasarlanıb
İyunun 3-də Prezident İbrahim Rəisi şəhərə qəfil səfər edib, qurbanların qohumlarına başsağlığı verib. O, hökumətin “qanunu pozanlara qarşı tədbir görəcəyini”, gələcəkdə “tikintiyə daha yaxından monitorinq edəcəyini” bildirib.
Ali dini lider Ayətulla Əli Xameneyi iyunun 4-dəki çıxışında insidentə toxunaraq deyib ki, “günahkarlar məsuliyyətə cəlb ediləcək”.