Abbas Lisaninin cəzası 16 ilə çatdırılıb

A.Lisani

İranın Ərdəbil vilayətinin Apellyasiya Məhkəməsi sentyabrın 30-da milli fəal Abbas Lisaninin həbs cəzasını artıraraq 16 ilə çatdırıb. Bu haqda AzadlıqRadiosuna onun həyat yoldaşı Rüqəyya Əlizadə məlumat verib.

İlkin instansiya məhkəməsi onun barəsində 8 il həbs, 2 il sürgün cəzası çıxarmışdı.

Sizin brauzer HTML5-i dəstəkləmir

Abbas Lisaninin xanımı: 'Bu cəza ömürlükdür'


«Abbas həmin qərara etiraz etdi. Həmin cəza artırılıb 15 ilə çatdırılıb, üstəlik, 10 ay da Təbrizdə Həsən ağa Dəmirçinin dəfni zamanı danışdığına görə verilmişdi. Abbas 16 il həbs cəzası alıb, 2 il də sürgündə olacaq, hamısı bir yerdə 18 il edir», – R.Əlizadə izah edir.

O, adətən, apellyasiya məhkəməsinin cəzanı ya yüngülləşdirdiyini, ya da olduğu kimi saxladığını, ancaq A.Lisani ilə bağlı qərar verərkən fərqli münasibət göstərdiyini bildirir.

Buna da bax: İki iranlı fəal azadlıqdan məhrum edilib

«Bu cəza ömürlükdür»

Həyat yoldaşının qənaətincə, məqsəd milli fəalın səsini boğmaq, azadlığa çıxmasına mane olmaqdır.

«Abbasın 52 yaşı var, 18 il sonra neçə yaşı olacaq? 70 yaşı. Bu cəza ömürlükdür», – xanım əlavə edir.

R.Əlizadə oktyabrın 1-də həyat yoldaşı ilə həbsxanaya getsə də, görüşə icazə verilmədiyini qeyd edir:

«Amma Abbas özü bizə zəng vurmuşdu, bizə əhval-ruhiyyə verir, deyir ki, «narahat olmayın, hədəfimə görə neçə il də versələr, qalacağam, edam da olunsam, məqsədimdən yayınmayacağam». Mənə tapşırdı ki, «uşaqlardan, özündən muğayat ol». Əhvalı yüksəkdir, narahat deyil. Uşaqlar narahatdır. Nə cür ola bilər, atalarıdır...».

R.Əlizadə vəkilin Tehranda Qazilər Şurasına şikayət edəcəyini deyir. Ancaq o, «ümidsiz deyilik» söyləsə də, cəzanın son instansiyada təkrar artırılacağından ehtiyatlandığını da gizlətmir.

Buna da bax: İran məclislərində oxunan “Azərbaycan marşı”

Xatırlatma

Abbas Lisani Qərbi Azərbaycan əhalisini silahlanmağa təhrik etmək, qanunsuz qrup yaratmaq və sistem əleyhinə təbliğat aparmaqda suçlanır.

A.Lisani ötən ilin iyulunda Babək qalasına yürüşdən sonra saxlanılmış, 10 ay azadlıqdan məhrum edilmişdi. O, həmçinin, hər il keçirilən Babək qalasına yürüş və milli fəal Həsən ağa Dəmirçinin dəfnində etdiyi çıxışları zamanı İran İslam Respublikasının əleyhinə çıxmaqda ittiham olunur.

Həbsini qanunsuz hesab edən Lisani həbsxanada bir müddət aclıq aksiyası keçirmişdi. O, indiyə kimi bir neçə dəfə azadlıqdan məhrum edilib.

A.Lisani İranda milli fəallardandır, türk dilində təhsil və başqa tələbləri gündəmə gətirir.