İran bütün ötən il ərzində Afrika, Asiya, Avropa və Amerika qitəsi boyunca terrorçuların səfərbərliyinə dəstək vermək, onu maliyyələşdirmək və qəsdçi planlar qurmaqla qlobal terrorun aparıcı dövləti olaraq qalıb.
Bu barədə ABŞ Dövlət Departamentinin terrorizmə dair 2022-ci il üçün ölkəbəölkə hesabatında deyilir. Sənəd dekabrın 1-də açıqlanıb.
Qeyd olunur ki, İran Yaxın Şərqdə ABŞ-ın 1979-cu ildən terrorçu təşkilat kimi tanıdığı Hizbullahı dəstəkləməkdə davam edib.
Hesabatda bu da vurğulanır ki, Tehran Həması, habelə Fələstinin İslami Cihad və Fələstin Azadlıq Cəbhəsi də daxil ABŞ-ın terrorçu hesab etdiyi Fələstin qruplaşmalarını silahlarla təchiz edib.
Hesabatda bildirilir ki, “bu qruplaşmalar Qəzza və Qərb sahilindən qaynaqlanan bir çox təhdidlərin araxsında durur”.
Sənəddə qeyd olunur ki, Tehran habelə regionda qeyri-stabillik yaratmaq məqsədilə özünün İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) – Qüds qüvvələrinin vasitəsilə Bəhreyn, İraq və Suriyadakı ekstremist qruplaşmalara dəstək verib.
Buna da bax: İranda 'hicab keşikçiləri' haqqında məxfi sənəd hökumətin ört-basdırını üzə çıxarırSüleymaniyə görə qisas, Boltona qarşı sui-qəsd
Hesabatda vurğulanır ki, İran Qüds qüvvələrinin 2020-ci ildə öldürülmüş komandanı Qasem Süleymaninin qisasını almaq məqsədilə Amerika rəsmiləri də daxil Birləşmiş Ştatlara qarşı hücumlara təhrik edib və onları planlaşdırıb.
ABŞ Ədliyyə Nazirliyi 2022-ci ildə bəyan etmişdi ki, Vaşinqton İİKK Qüds qüvvələrinin keçmiş milli təhlükəsizlik müşaviri Con Boltona qarşı sui-qəsd planını faş edib və bu qətli planlaşdırmaqda ittiham olunan iranlı həbs edilib.
Hesabatda bildirilir ki, 2022-ci il ərzində Talibanın nəzarətində olan Əfqanıstanda Əl-Qaeda, İslam Dövləti və başqa regional terrorçu qruplaşmalar fəaliyyətlərini davam etdirib.
Sənəddə bildirilir ki, Talibanın Əl-Qaeda, İD-in regional qolu İD Xorasan və Təhrike Taliban Pakistan kimi qruplaşmaların Əfqanıstan ərazisindən getdikcə artan xarici əməliyyatlarını önləmək qabiliyyəti “naməlum” olaraq qalır.
Buna da bax: İran Su-35-lərin ölkəyə gətirilməsi vaxtını razılaşdırıbABŞ Talibanı hökumət kimi tanımağa tələsmir
Hesabatda deyilir ki, İD-Xorasan ekstremist qruplaşması 2022-ci il ərzində Talibana və əfqan mülkilərə, ilk növbədə şiə icmasına, eləcə də sərhəd üzərindən Pakistan, Tacikistan və Özbəkistan ərazisinə qarşı terrorçu hücumlar həyata keçirib.
Sənəddə vurğulanır ki, Birləşmiş Ştatlar hələlik Talibanın və ya hər hansı başqa vahidin Əfqanıstan hökuməti kimi tanınmasına dair qərar qəbul etməyib.
Hesabatda xatırladılır ki, Taliban Əl-Qaeda lideri Ayman əl-Zəvahiriyə sığınacaq verib və onu himayə edib.
Zəvahiri ötən ilin iyulunda ABŞ-ın hava zərbəsi nəticəsində həlak olub.