Birləşmiş Ştatların onlarca gəmiyə qarşı sanksiyalar üzərində işləməsinə dair xəbərlər yayılandan sonra xam neft doldurmaq məqsədilə Venesuela istiqamətində üzən iki tanker ötən həftəsonu yarı yoldan qayıdıb və daha üç gəmi Venesuelanın ərazi sularını tərk edib.
Reuters agentliyinin yazdığına görə Vaşinqton Venesuela neftinin ixracatı ilə məşğul tankerlərə qarşı sərt sanksiyalar hazırlayır.
Məqsəd Venesuelanın sosialist prezidenti Nicolas Maduro hökumətini gəlirlərdən məhrum etməkdir.
Sanksiyaların bundan əvvəlki dövrəsinin tətbiqi nəticəsində Venesuelanın neft ixracatı son 17 ildə ən aşağı həddinə enib.
Buna baxmayaraq Maduronun inadkarlığı Donald Trump administrasiyasını qıcıqlandırmaqda davam edir.
ABŞ-ın yeni, daha sərt sanksiyaları Venesuelanın PDVSA dövlət neft şirkətinin xam nefti xaricdəki emal zavodlarına göndərməsini son dərəcə çətinləşdirəcək.
May ayında Venesuelanın ixracatı günə 452 min barrel azalıb. Bu, 2002 və 2003-cü illərdə ölkə boyunca baş vermiş kütləvi tətillərdən bəri ən aşağı həcmdir.
Buna da bax: İranın yanacaq tankeri Venesuelaya çatıb
Kursu dəyişən gəmilər
Bəzi tanker əməliyyatçıları sanksiyalarla üzləşməmək üçün gəmilərini Venesuela istiqamətindən döndərirlər.
Refinitiv Eikon gəmiizləmə saytının məlumatına görə Yunanıstanın Thenamaris Ships Management şirkətinin Malta bayrağı altında üzən “Seadancer” tankeri Atlantik okeanında bir həftə gözlədikdən sonra Cəbəllütariq limanına qayıdıb.
Bu gəmi Taylandın Tipco Asphalt neftayırma firması tərəfindən fraxtlanmışdı. Lakin şirkət iyunun 9-da Reuters agentliyinə bildirib ki, Venesueladan neft almaq planını ləğv edib.
Bu tankerə 1 milyon barrel Venesuela nefti vurulmalıydı.
Ötən fevralda Venesuelada neft doldurmuş “Seahero” tankerinə ABŞ Maliyyə Nazirliyi tərəfindən bu həftə sanksiya qoyulub.
Maltanın bayrağı altında Venesueladan neft götürməli olan Novo adlı tanker Karib dənizindən geri qayıdıb. Bu gəmi də 1 milyon barrel Venesuela neftini iyun ayında Sinqapura çatdırmalıydı.
Venesuela hökuməti və PDVSA son hadisələrlə bağlı hələki heç bir şərh verməyib.
ABŞ-ın sərt sanksiyaları barədə xəbərlərin yayılmasından dərhal sonra daha üç nəhəng tanker – “Boston”, “Commodore” və “Respect” Venesuelanın ərazi sularını tərk ediblər.