“Bu gün virus dünyanı cənginə alıb (COVİD19 nəzərdə tutulur- red.) . Bizim həyətimizdə də bir ildən çoxdur ki, sidik və nəcis qarışığından gölməçə yaranıb. Üfunətə görə, yayın istisində qapı və pəncərələri bərk-bərk bağlayırıq. Qohumlar, dost-tanışlar açıqca üzümüzə deyirlər ki, iyrəndiyimizdən sizə gəlmirik. İndi görün biz nə çəkirik...”
Buna da bax: Mübariz Mənsimova dəstək aksiyası dağıdılıbİmişli şəhərinin Nəcməddin Savalanov küçəsindəki 6 mərtəbəli, 54 mənzilli binada yaşayan əngəlli ( Qarabağ savaşında əlil olub) Rauf Cəfərov belə deyir. Onun sözlərinə görə bina Qarabağ savaşında əlil olan şəxslərin və həlak olmuş hərbi qulluqçuların ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair Prezident sərəncamı əsasında tikilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 2018-ci ilin dekabrın 28-də mənzilləri bu kateqoriyadan olan şəxslərin ixtiyarına verib.
“TİKİNTİNİ LAYİHƏLƏNDİRƏNLƏR NƏZƏRƏ ALMALIYDI Kİ...”
R. Cəfərov bildirib ki, çatışmazlıqlar bura köçdükləri ilk vaxtlardan özünü göstərib:
“Hər şey həyətdəki kanalizasiya quyusuna toplanır. Buradan isə kənara çıxışı olmadığından çirkab yer səthinə çıxır. Problemin obyektiv səbəbi odur ki, İmişlidə kanalizasiya sistemi yoxdur. Amma tikintini layihələndirənlər bunu nəzərə almalıydılar. Yaşayış binasının həyətində sidik və nəcis qarışığından gölməçə yaranmağı dözülməz haldır.”
Buna da bax: Prezident: '...Nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər'R. Cəfərov deyib ki, gölməçə aşıb-daşanda icra qurumları maşınlarla bu çirkabı çəkdirib kənara daşıtdırırlar. O, yağıntılı günlərdə vəziyyətin daha da pisləşdiyini vurğulayır:
“Bina yaxınlıqdan keçən avtomobil yolundan çökəkdə yerləşir. Buna görə oradan da yer səthindəki su axıb gəlir bura. Yağış suyu çirkaba qarışır. Bu qədər suyun kənara daşınması isə xeyli vaxt aparır. Təqribən 200 metr aralıda yerləşən “Olimpiya” kompleksinin kanalizasiya sisteminin şor kollektora çıxışı var. Bu binanın quyusundan çirkabı nasosla borulara vurub ora çatdırmaqla problemi birdəfəlik həll etmək olar. ”
GENERATORUN ÖZÜ VAR, GÜCÜ YOX...
Binanın başqa bir sakini Yadigar İsmayılov həyətdəki generatorun istifadəsiz qalmağına diqqət çəkib:
“Bu generator ona görə lazımdır ki, qəfil işıq sönəndə işə düşsün. Çünki elektriklə işləyən aparatlar dayanar, liftdə qalan olar. Amma bu generator onları işə salacaq gücdə deyil. Sanki görüntü üçün alınıb, qoyulub bura. Hələ bir dəfə də olsun istifadə edilməyib.”
Buna da bax: Rasim Balayev: 'Qurban olduğum qudurmuş adamları cəzalandırır'Sakinlərin əksəriyyəti binanın həyətinin olmamağından narazıdırlar. Oğlunu savaşda itirmiş Əlimusa Bağırov deyir ki, buna görə ötən yayda çox əziyyət çəkiblər:
“BU BİNANIN İÇİ VAR, ÇÖLÜ YOX...
“Qabağında maşın saxlamağa azacıq yer saxlayıblar. Biz bütün günü ev dustağı ola bilmərik ki... Xəstələr, yaşlılar, azyaşlı uşaqlar günün müəyyən saatlarında açıq havada olmaq istəyirlər. Nəzərə alınmalıdır ki, burada yaşayanlar “həssas əhali qrupu”na aid edilir. Ayağı, qolu olmayanlar, bədənində qəlpə gəzdirənlər var. Bina istifadəyə verilərkən bizə söz verilmişdi ki, yaxınlıqdakı tikinti malları mağaza-anbarı başqa yerə köçürüləcək. Onun yerində oturacaqlar, çardaq , uşaqlar üçün əyləncə qurğuları quraşdırılacaq. Amma bunların heç biri edilmir.”
Buna da bax: İranda hər 10 dəqiqədə 1 nəfər ölür, İtaliya Çini ötür - YenilənirSakinlər iddia edirlər ki, anbar-mağazanın əhatə etdiyi torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınmağı ƏƏSMN-dən yerli icra hakimiyyətinə tövsiyə edilib. Onlar bu məqsədlə həmin sahibkara şəhərin başqa bir yerindən torpaq sahəsi ayrıldığını da deyirlər. Amma sakinlər əlavə ediblər ki, yerli icra hakimiyyəti ərazinin boşaldılmağını uzadır. Onlar dəfələrlə ƏƏSMN-də qəbulda olduqlarını, amma müraciətlərinin obyektiv araşdırılmadığını və bu səbəbdən problemləri indiyədək həll olunmadığını söyləyirlər.
“PROBLEMLƏRİN HƏLLİNƏ ZAMAN LAZIMDIR”
İmişlidəki “Veteranlar evi”ndə yaşayanların şikayətinə münasibət öyrənmək üçün İmişli Rayon İcra Hakimiyyəti-nə (RİH) üz tutduq. RİH başçısının I müavini, rayon Fövqəladə hallar və mənzil komissiyalarının sədri Səfa Ağayev ciddi narahatlığa əsas olmadığını dedi. Üstəlik, müavinin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü ugurunda həlak olanlarin ailələri və müharibədə əlil olanlar onların daim diqqətindədirlər:
“ Onlar bir qayda olaraq növbədənkənar qəbul edilir və şikayətləri həssaslıqla araşdırılır. Bu kateqoriyadan olan ehtiyaclı insanların böyük əksəriyyəti dövlət hesabına mənzillə, avtomobillə təmin edilib. Kanalizasiya məsələsi ümumrayon problemidir. Onu həll etmək bizim gücümüzdə deyil. Bununla bağlı icra başçısı baş nazirə müraciət edib. Amma yerli resurslarla şəhərin müxtəlif ərazilərində fövqəladə suları birtəhər idarə edirik. Narahatlıq saatlarla ola bilər, günlərlə yox. O ki qaldı binanın həyətinin genişləndirilməsinə... Ümumi şəkildə deyə bilərəm ki, bu məsələ obyekt sahibinin mülkiyyət hüququna və sahibkarlıq fəaliyyətinə zərər yetirilmədən həll edilə bilər. Bu isə müəyyən zaman tələb edir”
Binanın qüsurlu şəkildə istismara verilməsi, şikayətlərinin araşdırılmaması ilə bağlı sakinlərin iddialarına ƏƏSMN-dən isə, hələlik, münasibət öyrənmək mümkün olmayıb. Qurumun ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov yazılı (elektron) sorğumuza yaxın vaxtda cavab verəcəyini deyib.Ondan da cavab gözləyirik.