Avropa İttifaqı (Aİ) Ermənistandakı müşahidə missiyasının gələn həftə başa çatacaq mandatını uzatmayacaq. Bu bəyanatla Aİ-nin xarici siyasət rəhbəri Jozep Borrel (Josep Borrel) çıxış edib. Onun sözlərinə görə, qərar Aİ xarici işlər nazirlərinin dekabrın 12-də Brüsseldə keçirilən görüşündə verilib.
Borrel missiyanın işinin “effektli” olduğunu deyib, ancaq mandatın niyə uzadılmadığını izah etməyib. Yalnız onu qeyd edib ki, “Ermənistanla, o cümlədən Azərbaycanla razılaşmaya uyğun olaraq”, missiya dekabrın 19-da fəaliyyətini dayandırmalıdır.
“Ancaq Ermənistanla Azərbaycan arasında dialoqda vasitəçi nüfuzunu saxlamaqdan ötrü, əgər gələn il belə bir razılaşma əldə olunarsa, mümkün mülki missiyanın göndərilməsini planlaşdırmağa qrup göndəriləcək”, – Borrel vurğulayıb.
Buna da bax: Laçın-Xankəndi yolu açılmayıbAİ sözçüsünün dedikləri
“Aİ-nin Qarabağdakı vəziyyəti daha yaxşı anlaması üçün orada təmsilçisi yoxdur”, – bunu isə Ermənistanın İctimai Televiziyasına Aİ-nin Xarici siyasət xidmətinin mətbuat katibi Piter Stano Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın dəhlizindəki son vəziyyəti şərh edərkən deyib.
O, dekabrın 3-dən bəri Laçın dəhlizi ətrafında baş verənlərdən Aİ-nin məlumatlı olduğunu, baş verənləri diqqətlə izlədiyini, Azərbaycan və Ermənistan rəsmiləri ilə təmasda olduğunu bildirib.
“Aİ yenə də hərəkətlərdə təmkinli olmağa, provokativ ritorikadan imtinaya çağırır. Aİ həmçinin ümid edir ki, Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi ilə bağlı çox vacib danışıqların nəticəsi olacaq və gərginliyi azaldacaq”, – avropalı rəsmi deyib.
Buna da bax: Azərbaycan Ermənistanla bağlı BMT-yə müraciət edibDəhliz 2-ci dəfədir bağlanır
Laçın dəhlizinin son 10 gündə artıq ikinci dəfə bağlandığı bildirilir. Azərbaycan Qarabağda Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə faydalı qazıntılarla zəngin yataqların qanunsuz istismar olunduğunu, bunun ətraf mühitə ziyan vurğudunu, həmin yataqlarda monitorinq keçirmək istədiyini bildirir. Ötən həftə bu monitorinq baş tutmayıb, yerli sakinlərin azərbaycanlıları əraziyə buraxmadığı bildirilir. Bundan sonra rəsmi Bakı Rusiya tərəfə nota verib.
Dekabrın 12-də səhər saatlarından özlərini müstəqil ekoloq adlandıran azərbaycanlılar Laçın dəhlizini Şuşa rayonu ərazisində bağlayaraq Rusiya sülhməramlı kontingentinin komandiri Andrey Volkov görüş tələb edirlər. Etirazçılar deyirlər ki, Volkovdan şənbə günü Heyvalı və Dəmirli mis-molibden mədəninə niyə buraxılmadıqlarının səbəbini soruşmaq istəyirlər.
Buna da bax: Separatçı rejim Ağdərədəki insidenti izah edirAksiya davam edir
Aksiya dekabrın 13-də də davam edir. Etirazçılar ərazidə çadırlar qurub, tonqal qalayıb, səsgücləndiricilərlə Azərbaycan mahnıları səsləndirirlər.
Qarabağdakı separatçı rejim yolda yüzlərlə erməni qadın və uşağın qaldığını, hazırda Qarabağa giriş-çıxışın mümkün olmadığını bildirir.
Azərbaycan 2020-ci ildə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etsə də, Laçın dəhlizinə və Qarabağda ermənilərin yaşadığı yerlərə Rusiya hərbi kontingenti yerləşdirilib.
Prezident İlham Əliyev Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını deyir. O, Qarabağdakı erməni əhalinin məsələsini ölkənin daxili işi sayır, heç bir beynəlxalq mərkəzlə müzakirə olunmayacağını vurğulayır.