Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:03

Azərbaycan Ermənistanla bağlı BMT-yə müraciət edib


Azərbaycan diplomatları BMT Təhlükəsizlik Şurasını qonşu Ermənistanın Qarabağa piyadalara qarşı minlərlə mina göndərməsi ilə bağlı tədbir görülməsinə çağırıblar.

Eurasia.net saytı yazır ki, Bakının BMT-yə bu müraciəti Azərbaycanın Ermənistanın üzərinə təzyiqlərini artırdığı bir vaxta təsadüf edir.

Eurasia.net yazır ki, onun tanış olduğu bir neçə bəyanatlarda Azərbaycan rəsmiləri Qarabağdakı təmas xətt boyunca minaların basdırıldığını və ya mina tələlərinin qurulduğunu bildirirlər.

Azərbaycan tərəfi bu minaların bu yaxınlarda istehsal olunduğunu və Qarabağa Ermənistandan gətirildiyini iddia edir.

Bakı bildirir ki, 2022-ci ilin avqustundan Azərbaycan tərəfi Ermənistanda istehsal olunmuş 2728 mina aşkar edib.

Məktub ictimailəşdirilməyib

Məqalədə deyilir ki, xarici işlər naziri Ceyhun Bayramovun BMT TŞ-yə noyabrın 28-də yazdığı məktub hələki ictimailəşdirilməyib.

Məktubda bildirilir ki, Ermənistan qüvvələrinin Azərbaycan ərazilərində mina yerləşdirməsi Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il, 10 noyabr bəyanatının şərtlərinə ziddir.

Azərbaycan tərəfi bildirir ki, 2020-ci il bəyanatı imzalanandan bəri onun 44 hərbçisi və mülki vətəndaşı mina partlaması nəticəsində həlak olub. Daha 213 nəfərin xəsarətlər aldığı qeyd olunur.

Bayramov habelə vurğulayır ki, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində basdırılmış minaların dəqiq xəritələrini verməkdən imtina edir. Nazir Təhlükəsizlik Şurasını bu məsələdə Azərbaycana dəstək üçün beynəlxalq yardımın səfərbər edilməsinə çağırır.

BMT qətnamələri

Eurasia.net yazır ki, Azərbaycan Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə beynəlxalq qanunun alətlərinə müraciət edir.

Bakı bunlardan ən önəmlisi olaraq BMT-nin Bakının Qarabağ üzərində suverenliyini təsbit edən 1993-cü il qətnamələrini göstərir.

Minaların basdırılması məsələsinə gəlincə isə Bakının iddiaları müstəqil şəkildə araşdırılmayıb, Yerevan isə Qarabağa silah-sursat daşınmasına dair ittihamları rədd edir.

Əvəzində Yerevan Azərbaycanı ötən sentyabrdakı sərhəd toqquşmalarından sonra onun suveren ərazisinə müdaxilədə günahlandırır. Azərbaycan isə təxribata məruz qaldığını və sərhədin delimitasiyası keçirilmədən hansısa ərazilərə müdaxilə edildiyinə dair ittihamları əsassız adlandırır.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dekabrda iddia etmişdi ki, Azərbaycan tərəfi Ermənistan sərhədindən çıxardığı minaları təkrar Qarabağdakı təmas xətti boyunca basdıraraq erməni tərəfini günahlandırır. O habelə israr edib ki, Ermənistan müharibədən əvvəl işğal olunmuş ərazilərdəki minalı sahələrin xəritələrini Bakıya təqdim edib.

Bu da qeyd olunur ki, nə Ermənistan, nə də Azərbaycan minalara dair beynəlxalq konvensiyaları imzalamayıblar. Buna baxmayaraq ABŞ, Birləşmiş Krallıq və BMT-nin İnkişaf Proqramı Azərbaycan tərəfinə minaların təmizlənməsində və bu sahədə təlimlərin keçirilməsində dəstək verib.

Ermənistan rəsmisi: 'Daha detallı sülh müqaviləsi üzərində işləyirik'
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

Laçın dəhlizində qarşıdurma

Eurasia.net yazır ki, indi Bakı Ermənistandan Qarabağa gedən yolda öz nəzarətinin bərqərar edilməsinə çalışır, Rusiya sülhməramlılarının bu yolla qanunsuz silah-sursat daşınmasına göz yumduğunu iddia edir.

Məqalədə deyilir ki, Azərbaycan tərəfi Laçın dəhlizi ilə bağlı təzyiqlərini artırır. Dekabrın 12-də özlərini ətraf mühit etirazçıları kimi təqdim edən qrup Laçın dəhlizində aksiya keçirib, nəqliyyatın hərəkətinə maneçilik törədib.

Azərbaycan tərəfi Qarabağın ermənilərin nəzarətində olan hissəsində qanunsuz qızıl mədən işlərinin görüldüyünü bildirir.

Məqalədə deyilir ki, Rusiya sülhməramlıları ilə saatlarla davam edən qarşıdurmadan sonra nəqliyyatın hərəkətini bərpa etmək mümkün olub.

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrda Azərbaycanı Laçın dəhlizinin bağlanmasına çalışmaqda ittiham etmişdi.

Makron ətrafında mübahisə

Oktyabr ayında Praqada keçirilmiş dördtərəfli görüşdə nəhayət çoxdan gözlənilən razılaşmanın əldə edilməsinə, sərhədlərin delimitasiyasına və iki ölkə arasında sülh müqaviləsuinin imzalanmasına ümid yaranmışdı.

Lakin o vaxtdan bəri tərəflər arasında danışıqlar prosesi əngəllənib. Ermənistan tərəfi Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlar prosesində Fransa prezidenti Emmanuel Makronun iştirakında israr edir. Azərbaycan Ermənistanın bu tələbini rədd edib.

Mirzoyan bildirib o müqavilənin son variantının bu ilin sonunadək əldə olunacağına artıq inanmır.

Amma o əlavə edib ki, danışıqlar davam etdiriləcək.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG