AŞPA Qarabağda hərbi əməliyyatı 'qətiyyətlə' pisləyir

AŞPA

Oktyabrın 12-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) "Dağlıq Qarabağda humanitar vəziyyət" adlı hesabatı müzakirəyə çıxaracaq. Hesabatı Xorvatiyadan məruzəçi Domaqoy Haydukoviç hazırlayıb.

Qurumun yaydığı sənədin layihəsində son bir neçə həftədə 100 min 600-dən artıq erməninin Qarabağı tərk etdiyi, Assambleyanın bütün bunları "böyük kədər və gücsüzlük hissi ilə" izlədiyi bildirilir.

Qarabağdakı əməliyyat pislənir

AŞPA Azərbaycan ordusunun sentyabrın 19-da Qarabağda apardığı hərbi əməliyyatı qətiyyətlə pisləyir, Azərbaycanın Dağlıq Qarabağda münaqişənin dinc yolla həlli öhdəliyi olduğunu vurğulayır. Assambleya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bu ölkənin beynəlxalq tanınmış sərhədləri çərçivəsində hərəkətləri üçün məsuliyyət daşıdığını qeyd edir.

Hesabat Azərbaycanı erməni əhalinin Qarabağa qayıdışını təmin etməyə və onların hüquqlarını qorumaq istəyini göstərməyə çağırır. "Beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının regiona çıxışının təmin olunması ilk addım ola bilər", - hesabatda deyilir.

Azərbaycan sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirləri" keçirdiyini bəyan edəndən sonra silahlı dəstələrin tərksilahı üzrə razılıq əldə olunub. Bunun ardınca separatçı rejim özünü buraxdığını elan edib, ermənilərin Qarabağdan Ermənistana axını başlayıb. Ermənistan rəsmiləri bunu "etnik təmizləmə", "deportasiya" adlandırsa da, Azərbaycan Qarabağ erməniləri üçün reinteqrasiya planı açıqlayıb, onları evlərini tərk etməməyə çağırıb.

Buna da bax: Ağdərəyə qayıdışı gözləyən köçkünlər: 'Noolar erməni olanda....'

AŞPA qeyd edir ki, tərəflərin iddiaları bir-birinə tamamilə ziddir. Ancaq istənilən halda, Azərbaycan hakimiyyətinin regionun bütün sakinlərinin hüquqları və təhlükəsizliyini təmin etmək məsuliyyəti və öhdəliyi var.

Tövsiyələr

"Hazırda xaricdə sığınacaqda olan erməni əhalisinin böyük hissəsinə gəldikdə isə, Azərbaycanın bu vətəndaşları geri qaytarmağa hazır olduğunu konkret əməllərlə nümayiş etdirməsi, onların bu ölkə əhalisinin bərabər, hörmətli bir hissəsi kimi müdafiə olunacağına tam inam və etimad olduqca vacibdir", – hesabatda deyilir.

O da vurğulanır ki, Ermənistan cəmi bir neçə günün içində Qarabağın, demək olar, bütün əhalisini xoş qarşılamaqla güclü həmrəylik və qətiyyət göstərib.

Avropa Şurasının da bu vəziyyətdə böyük rol oynaya biləcəyi, oynamalı olduğu vurğulanır. "Bu dəstək mümkün qədər sürətlə başlanmalıdır, hər iki ölkəyə, o cümlədən Qarabağ/Dağlıq Qarabağ regionuna faktaraşdırıcı və digər missiyalar göndərilməlidir", – hesabatda deyilir. İnsan Haqları Komissarının regiona səfərinin vacibliyi qeyd olunur.

Azərbaycandan mümkün qədər qısa zaman kəsimində regiondakı erməni əhalinin mədəni və dini irsi, əmlakının qorunması tədbirləri haqda informasiya istənilir.

AŞPA bu uzunmüddətli və faciəvi münaqişənin yalnız sülh yolu, dialoqla, birmənalı xoş niyyət siqnalları göndərməklə həll oluna biləcəyinə inamını ifadə edir.

Buna da bax: 70-yaşlı Vera Petrosyan Qarabağdakı evin qayıdacağına inanmır

Səməd Seyidovun cavabı

Hesabata Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun cavabı da əlavə olunub. Seyidov qeyd edir ki, bu hesabat, xüsusilə də qətnamə layihəsi hadisələri birtərəfli təqdim edir, əsassız iddiaları təkrarlayır, Azərbaycanın Qarabağın erməni sakinlərinin reinteqrasiyası, regiondakı vəziyyətin sabitləşdirilməsi üçün atdığı addımları gözardı edir. O, Azərbaycanın "antiterror tədbirləri"nin məqsədinin öz suveren ərazisində qanunsuz hərbi hədəfləri zərərsizləşdirmək olduğunu yazır.

Seyidovun sözlərinə görə, Azərbaycan Ermənistanla dövlətlərarası münasibətləri normallaşdırmağa, azərbaycanlılarla ermənilərin sülh, qarşılıqlı hörmət əsasında yanaşı yaşamasını təmin etmək istəyir. "Bir çox erməni sakinlər artıq qayıdaraq Azərbaycan vətəndaşları kimi yaşamaq istəklərini bildiriblər, Azərbaycan bunu alqışlayır və onların könüllü qayıdışını davamlı səylərlə yüngülləşdirməyə çalışır", – cavabda vurğulanır.

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ vilayəti və ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin ərazilərə, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq Ermənistan və Azərbaycan sülh sazişi imzalamayıb, Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" başlatdığını elan edib. Yerevan bunu "etnik təmizləmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər, onların silahları təhvil verməyə başladıqları açıqlanıb.

Bundan sonra erməni sakinlərin regiondan Ermənistana axını da başlayıb.