Assanjın ekstradisiyasına icazə verildi

Assanj məhkəmədə

Bu ilin əvvəlində aşağı instansiya məhkəməsi Assanjln ABŞ-a ekstradisiyasından imtina etmişdi

Britaniya apelyasiya məhkəməsi “WikiLeaks” saytının təsisçisi Culian Assanjın ABŞ-a ekstradisiyasına icazə verib. O, ABŞ-da casusluq qanununu pozmaqda, hökumət kompüterlərinə haker hücumunda suçlanır.

Britaniya Ali Məhkəməsinin hakimi Timoti Holroyd dekabrın 10-da Birləşmiş Ştatların iddiasının təmin olunduğunu açıqlayıb.

Assanjın nişanlısı Stella Moris isə vəkillərin qərardan “mümkün qədər tez” şikayət verəcəyini deyib.

Buna da bax: Qız qaçırmağa görə iki nəfər həbs olunub

Psixi durumu

Bu ilin əvvəlində aşağı instansiya məhkəməsi Assanjln ABŞ-a ekstradisiyasından imtina etmişdi.

O, on il öncə WikiLeaks-in gizli hərbi cinayətləri yaymasından dolayı casusluq ittihamları ilə üzləşib.

Onda hakim Vanessa Baraitser sağlamlıq səbəblərindən ekstradisiyanın mümkün olmadığını, Assanjın ABŞ-da sərt həbsxana şəraitində özünü öldürə biləcəyini demişdi.

ABŞ hökumətinin vəkili Ceymz Luis isə Assanjın psixi sağlamlığının ABŞ ədliyyə sisteminə dözməyəcəyi fikrini rədd edirdi.

Luis Ali Məhkəmədə deyib ki, Assanjın “ciddi və davamlı psixi xəstəliyi”, özünə ziyan vuracağını göstərəcək əlaməti yoxdur.

Buna da bax: 'Azərxalça'nın rəhbəri büdcə pulu ilə evini 800 min manata təmir etdirib?

Cəzanı Avstraliyada çəkə bilər

ABŞ hakimiyyəti britaniyalı vəkillərə onu da deyib ki, Assanjın ekstradisiyasına razılaşalar, o, kəsiləcək istənilən həbs cəzasını vətəni Avstraliyada çəkə bilər.

Assanj Birləşmiş Ştatlarda casusluqla əlaqədar 17 ittihamda və kompüterdən sui-istifadədə suçlanır. İttihamlar WikiLeaks-in minlərlə sızdırılmış hərbi və diplomatik sənədləri yayması ilə bağlıdır.

İttihamlarda maksimum 175 il həbs cəzası nəzərdə tutulsa da, Luis deyib ki, “bu cinayətə görə indiyədək ən çoxu 63 aylıq cəza kəsilib”.

50 yaşlı Assanj hazırda Londonda sərt rejimli Belmarş həbsxanasında saxlanır.