Aİ rüsumlarla bağlı ABŞ ilə müzakirələrə hazır olduğunu deyir

Donald Tramp və Ursula Fon der Lyayen

Donald Tramp və Ursula Fon der Lyayen

Avropa İttifaqı (Aİ) tariflərlə bağlı ABŞ ilə müzakirələrə açıqdır, ancaq öz maraqlarını müdafiə etməyi də planlaşdırır. Bunu Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen aprelin 7-də Brüsseldə Norveç baş naziri ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O, Aİ-nin ABŞ ilə danışıqlara hazır olduğunu və bu tariflərin ABŞ istehlakçıları və bizneslərinə də baha başa gəldiyini söyləyib.

"Avropa yaxşı sazişə hər zaman hazırdır. Ona görə də biz bunu masada saxlayırıq", - deyən Fon der Lyayen Aİ-nin sənaye malları üçün qarşılıqlı "sıfır" tarif tətbiqi təklifini xatırladıb.

Lakin o əlavə edib ki, Aİ ticarətin istiqamətinin dəyişməsinin dolayı təsirlərinə qarşı müdafiə tədbirlərini gücləndirməyə çalışdığı bir vaxtda, "öz maraqlarını qorumaq və əks-tədbirlər görmək üçün də hazırdır".

Fon der Lyayenin sözlərinə görə, o, gələcək addımları müzakirə etmək üçün Aİ üzrə əsas sənaye nümayəndələri ilə təmasdadır. Avropa Komissiyasının saytında məlumat verilib ki, bu gün, aprelin 7-si səhər o, Aİ-nin polad və alüminium sənayesinin əsas təmsilçiləri ilə görüşüb. Bu gün və sabah avtomobil və əczaçılıq sənayesinin aparıcı təmsilçiləri ilə də müzakirələr aparılacaq.

"Reuters" bildirib ki, Aİ-yə üzv ölkələr qarşıdakı günlərdə ABŞ prezidenti Donald Trampın tariflərinə qarşı vahid mövqe nümayiş etdirməyə çalışacaqlar və, böyük ehtimalla, diş ipindən brilyanta qədər məhsulların daxil olduğu 28 milyard dollarlıq ABŞ məhsullarına qarşı ilk hədəfli tarif paketini təsdiqləyəcəklər.

Aİ ölkələri aprelin 9-dan polad, alüminium, avtomobillər üçün 25 faizlik idxal tarifləri, digər məhsullar üçün isə 20 faizlik qarşılıqlı tariflərlə üzləşəcək.

Trampın tarifləri Aİ-nin ABŞ-yə ixracının təxminən 70 faizini əhatə edir – bu, ötən il 585 milyard dollar dəyərində olub.

Aİ-nin ticarət siyasətini əlaqələndirən Avropa Komissiyası aprelin 7-si axşam üzv ölkələrə Trampın polad və alüminium tariflərinə cavab olaraq, ABŞ məhsullarına əlavə tariflərin tətbiq olunacağı xüsusi bir siyahı təqdim etməyi planlaşdırır.

Buna da bax: Çin ABŞ mallarına rüsumları 125 faizə qaldırdı

Avropa Trampın tarif qərarının qlobal nəticələri barədə xəbərdarlıq edir

Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen ABŞ prezidenti Donald Trampın qlobal səviyyədə rüsumların tətbiqi ilə bağlı qərarının dünya iqtisadiyyatına ciddi zərbə vuracağını və nəticələrinin ağır olacağını deyib.

Aprelin 2-də dərc olunan bəyanatında Fon der Lyayen bildirib ki, o, prezident Trampın qərarından "dərin təəssüf hissi" keçirir: "Qlobal iqtisadiyyat ciddi şəkildə zərər görəcək. Qeyri-müəyyənlik artacaq və bu, daha da güclənən proteksionizmi təşviq edəcək".

Avropa Komissiyasının prezidenti xəbərdarlıq edib ki, yeni tariflər bütün dünyada istehlakçılara zərər verəcək: "Milyonlarla vətəndaş daha yüksək ərzaq ödənişləri ilə üzləşəcək. Dərmanlarla yanaşı, nəqliyyat da bahalaşacaq. İnflyasiya yüksələcək. Bütün böyük və kiçik bizneslər ilk gündən əziyyət çəkəcək".

O əlavə edib ki, bu qərar təchizat zəncirlərinin pozulmasına, ağır bürokratiyaya gətirib çıxaracaq.

Bununla belə, Fon der Lyayen qeyd edib ki, prezident Trampın bəzi ölkələrin mövcud qaydalardan ədalətsiz şəkildə faydalandığı fikri ilə razıdır və qlobal ticarət sistemini müasir iqtisadi reallıqlara uyğunlaşdırmaq üçün səyləri dəstəkləyir: "Lakin bunu da açıq şəkildə bildirmək istəyirəm: Sizin tarifləri ilk və son vasitə kimi görməyiniz problemi həll etməyəcək".

Avropa Komissiyasının prezidenti əlavə edib ki, iqtisadi blok ABŞ-nin bu addımına cavab verəcək.

"Biz artıq polad tariflərinə cavab olaraq ilk əks tədbirlər paketini yekunlaşdırırıq. Danışıqlar uğursuz olarsa, öz maraqlarımızı və biznesimizi qorumaq üçün növbəti əks-tədbirlərə hazırlaşırıq. Avropalılar olaraq biz həmişə öz maraqlarımızı, dəyərlərimizi təbliğ və müdafiə edəcəyik", - o vurğulayıb.

"Səhv və zərərli"

Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz Trampın tariflərlə bağlı açıqlamasına "Ticarət müharibələrinin heç kimə faydası yoxdur" deyərək cavab verib.

Avropa Avtomobil Təchizatçıları Assosiasiyası isə avtomobillərə tətbiq edilən 25 faizlik tarifin "səhv və zərərli" olduğunu bildirib. Vurğulanıb ki, avtomobil idxalına tariflərin tətbiqi "uğuru inteqrasiya olunmuş beynəlxalq təchizat zəncirindən və bazarlardan asılı olan sənayenin rəqabət qabiliyyətinə və ixrac hazırlığına zərər vura bilər".

Ağ evin İqtisadi Məsləhətçilər Şurasının sədri Stiven Miran tariflərin "qısamüddətli" dalğalanmalara yol açacağını etiraf edib. Bunun ardınca Asiya fond bazarları aprelin 3-ü erkən saatlarda düşüş yaşayıb.

"Lakin prezidentin diqqət mərkəzində olan məsələ... ABŞ iqtisadiyyatının uzunmüddətli transformasiyası, dayanıqlılığı, davamlılığı və ədalətliliyinin gücləndirilməsidir", – Miran "Fox Business"ə bildirib.

Tariflə bağlı narahatlıqlar artıq bütün dünyada istehsal fəaliyyətini yavaşladıb.

ABŞ səhmləri fevraldan bəri təxminən 5 trilyon dollar dəyər itirib.