Avropa İttifaqı Macarıstanı cilovlaya biləcəkmi?

Almaniya kansleri Olaf Şolts və Polşanın baş naziri Donald Tusk Aİ sammitində. Arxa planda (ortada) Macarıstanın baş naziri Viktor Orban

AzadlıqRadiosunun Avropa məsələləri üzrə müxbiri Rikard Jozviyak yazır ki, bir çoxları hazırda Avropa İttifaqı Şurasına 6 aylıq rotasiyalı sədrlik edən Macarıstanın heç olmasa indi, rəsmilərin məzuniyyətdə olduğu avqust ayında təxribatlardan çəkinəcəyinə ümid edirdilər.

Lakin elə iyulun sonlarında Budapeşt bəyan edib ki, özünün “milli kart” miqrasiya proqramını genişləndirərək ora belarusları və rusiyalıları da daxil edəcək.

Bosniya-Herseqovina, Moldova, Monteneqro, Şimali Makedoniya, Serbiya və Ukrayna vətəndaşları üçün açıq olan bu sistem Macarıstanda bir neçə il işləmək imkanı verir və onun əldə olunması iş vizası almaqdan xeyli sadədir.

Macarıstanın milli kartı habelə onun sahibinə Avropa İttifaqı ərazisində sərbəst hərəkət imkanı yaradır.

Brüsseli və Aİ-nin bir neçə başqa üzvlərini də məhz bu məqam narahat edib. Aİ Ukraynaya qarşı təcavüzə görə Rusiya və Belarus üzərinə sanksiyalar, o cümlədən bu ölkələrin 2 minədək vətəndaşına viza qadağanı qoyub.

Beləliklə, Macarıstanın bu addımı rusiyalılar və belaruslar üçün Avropa İttifaqı ərazisinə asan yol açmış olur. Aİ bunu Şengen zonası təhlükəsizliyinə hədə kimi qiymətləndirir.

Buna da bax: Orban rusiyalılar üçün Avropa İttifaqına qapı açır

Komissarın Budapeştə 13 sualı var

Avropa İttifaqının daxili işlər komissarı İlva Yohanson avqustun 1-də Macarıstan hakimiyyətinə xüsusi məktub göndərib.

Məktubda deyilir ki, üzv ölkələr öz ərazilərinə gəliş üçün uzunmüddətli viza və ya oturum icazəsi verməkdə sərbəst olsalar da, ümumilikdə blok ərazisinin təhlükəsizliyinə hədə yaradan addımlar atmamalıdırlar.

Xanım Yohanson məktubunun qoşmasında Macarıstana 13 sual ünvanlayıb. AzadlıqRadiosu müxbirinin tanış ola bildiyi bu suallardan biri də Macarıstanın nə üçün rusiyalıları və belarusları özünün milli kart sisteminə daxil etməsi barədir.

Aİ komissarının məktubunda bu da vurğulanır ki, Budapeşt ölkəyə gələnlərin adlarının Şengen İnformasiya Sistemində olub-olmadığını yoxlamalı, sanksiyalı şəxslərin Aİ ərazisinə daxil olmasına yol verməməlidir.

Buna da bax: İlk F-16-lar Ukraynada. Rusiya Donetskdə hücumları intensivləşdirir 

Aİ nəsə etməkdə acizdir?

Lakin AzadlıqRadiosunun müxbiri yazır ki, rəsmilərin bütün tənqidlərinə baxmayaraq Aİ-nin Macarıstanın bu addımının qarşısını almaq üçün hüquqi müstəvidə görə biləcəyi çox az tədbir imkanı var.

Aİ rəsmilərindən biri müxbirə deyib ki, Macarıstan bir daha Avropanın hüquqi çərçivəsində boşluq tapa bilib və bu, Brüsseli çarəsiz vəziyyətdə qoyur.

Budapeştin Brüsselə göndərdiyi daxili məktubda Macarıstan israr edir ki, Rusiya və Belarus vətəndaşları ölkəyə yalnız əllərində etibarlı vizalar olan təqdirdə daxil ola biləcəklər.

AzadlıqRadiosunun müxbiri yazır ki, Budapeştin bu zəmanəti Aİ üzvlərini qane etməsə belə, bu məsələ ilə bağlı ən azı avqust ayında heç bir tədbir görmək mümkün olmayacaq.

Birincisi ona görə ki, ittifaq daxilində hər hansı bir tədbirin təsdiqlənməsi üçün yekdillik tələb olunur. İkincisi Macarıstanın qonşuları sərhəd üzərindən adamların, malların və xidmətlərin sərbəst hərəkətindən faydalanırlar. Bu səbəbdən Brüsselin hər hansı sərt tədbirinin əks-təsirləri ola bilər.

Buna da bax: Trampın seçkilərdə qələbəsi ABŞ-nin xarici siyasətində 'köklü dəyişiklik' siqnalı verə bilər

İttifaqın “səbir kasası”

Bununla belə hazırda Macarıstanın bu addımına cavab olaraq ona qonşu olan üzv ölkələr keçidlərdə və hava limanlarında sərhəd yoxlamalarını sərtləşdirməli olublar.

Lakin AzadlıqRadiosunun müxbiri yazır ki, bütün hallarda Macarıstanın belə birtərəfli addımları blok üzvlərini hövsələdən çıxarır və Aİ rəsmilərindən birinin dediyi kimi “bıçağın sümüyə dirəndiyi” an sürətlə yaxınlaşır.

Həmin rəsmi müxbirə bunu da deyib ki, bu məsələdə Fransa və Almaniyanın mövqeyi həlledici rol oynaya bilər. Əlbəttə konsensus lazımdır, amma Parisin və ya Berlinin sözünün çəkisi başqalarını də hərəkətə gətirə bilər.

Avropa diplomatı qeyd edib ki, hamı indiyədək Macarıstanın sədrliyinin onun mövqeyini daha məsuliyyətli və konstruktiv edəcəyini düşünürdü.

Amma bu, hələ ki, baş verməyib. Ümid yay məzuniyyətindən qayıdacaq rəsmilərə qalır. Yalnız onda səbir kasasının nə qədər dolduğu məlum olacaq.