Avropa Parlamenti ‘Rusiyaya yumşaq münasibətinə’ görə ATƏT-i ittiham edir

Avropa Parlamenti

Avropa Parlamenti Avropada Əməkdaşlıq və Təhlükəsizlik Şurasını (ATƏT) özünün Ukrayna seçkisinədair bəyanatının mətbuat xülasəsinin mətnindən Rusiya barədə tənqidi qeydləri çıxartdığına görə sərt ittiham edib.

ATƏT-ə göndərilmiş məktubu Avropa Parlamentinin adından iki millət vəkili yazıb. Bu məktubda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları (DTİH) ofisinin bəyanatına düzəliş edilməsi “misli görünməmiş və qeyri-məqbul insident” adlandırılır.

Məktubdan məlum olur ki, DTİH-in mətbuat xidməti Avropa Parlamentinin Ukrayna prezident seçkisinə göndərdiyi nümayəndə heyətinin başçısı, polşalı Dariusz Rosatidən nümayəndə heyətinin birgə press-reliz üçün qeydlərində “Ukrayanaya qarşı Rusiya tərəfindən başladılmış müharibə” ifadəsini çıxartmaqla sənədi “yumşaltmağı” xahiş edib. ATƏT bu ifadənin “şərqdə davam edən münaqişə” ifadəsi ilə əvəzlənməsini istəyirdi.

Buna da bax: Avropa Parlamenti Rusiyanı ‘strateji partnyorluqdan’ çıxarır

Məktubda deyilir ki, "Rosati ATƏT-in üzləşdiyi məhdudiyyətləri anladığını ifadə edir, lakin özünün orjinal mətnini dəyişmək niyyətində olmadığını bildirir”.

Rosati habelə bildirib ki, o mətnin dəyişdirildiyi halda mətbuat xülasəsində Avropa Parlamentinin adının ümumiyyətlə çəkilməməsini istəyir.

Məktubda bu da qeyd olunur ki, DTİH-in verdiyi qarantiyalara baxmayaraq “qeyri-məqbul və yumşaldılmış mətn” aprelin 1-də Kiyevdəki müşahidəçilərin birgə mətbuat konfransı vasitəsilə oradakı jurnalistlərə paylanıb.

Avropa Parlamentinin tənqidi məktubu ODİT-in Varşavadakı ofisinə, qurumun direktoru Ingibjorg Solrun Gisladottirə göndərilib.

Məsələ olduqca ciddidir

Bu məktubu AP adından Britaniya Leyborist Partiyasından, Avropa Parlamentinin inkişaf komitəsinin sədri, millət vəkili Linda McAvan və almaniyalı mərkəz-sağçı deputat, xarici işlər komitəsinin rəhbəri David McAllister imzalayıblar.

Məktubda qeyd olunur ki, “bu məsələ olduqca ciddidir, müstəqil və suveren beynəlxalq qurum kimi Avropa Parlamentinin hüquqlarına toxunur”.

Məktubda DTİH-dən Ukrayna prezident seçkisinin ikinci dövrəsinin keçiriləcəyi 21 aprel günündən əvvəl izahat verməsi tələb edilir.

DTİH-in sözçüsü Thomas Rymer aprelin 5-də AzadlıqRadiosuna deyib ki, bu barədə şərh birbaşa Avropa Parlamentinə ünvanlanacaq.

Başqa sözlərlə DTİH nümayəndəsi bu barədıə media ilə danışmaq istəməyib. O habelə məktubdakı ittihamlarla bağlı da şərh verməyib.