Rusiya ordusu Xarkov vilayətindən çəkiləndə təxminən 12,5 min kvadrat kilometr ərazinin minalandığı aydın olub. Bu məlumatı Berlində mina qurbanlarının problemlərinə həsr olunmuş konfransında Xarkov vilayətinin hərbi-mülki administrasiyasının nümayəndəsi İvan Sokol səsləndirib.
Onun sözlərinə görə, bir il ərzində belə bir ərazini təmizləmək üçün gündə ən azı 120 min minaaxtaran və 1500 texnika tələb olunacaq.
Buna da bax: Ermənistan minalanmış ərazilərə dair heç bir öhdəliyinin olmadığını bildirirAmma onun dediyinə görə, indiyədək yaşayış məntəqələrində yol kənarlarında piyada əleyhinə minalar görmək olur.
Rəsmi məlumatlara görə, Xarkov vilayətində mina partlaması nəticəsində 30-dan çox insan həlak olub, 200-ə yaxın insan yaralanıb.
Ukrayna ərazisinin təxminən üçdə birinin hərbi əməliyyatların təsirinə məruz qaldığını bildirən GLOBSEC-in hesablamalarına görə, əgər minatəmizləmə indiki sürətlə davam edərsə, təxminən 760 ildən sonra Ukrayna partlamamış hərbi sursatlardan və minalardan təmizlənmiş ölkə ola bilər.
Müharibə başlayandan indiyədək Ukrayna ərazisində 750-dən çox mülki şəxsin minaya düşdüyü və onların da səkkizdə birinin uşaqlar olduğu bildirilir.
Berlində keçirilən konfransada Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin də minalarla çirkələnmiş ərazilər olması diqqətə çatdırılıb.
Buna da bax: Kəlbəcərdə minalanan ərazinin aşkarlandığı bildirilir1990-ci illərin əvvəllərində işğal olunan Azərbaycan ərazilərində minaların təmizlənməsinə 2020-ci ildə hərbi əməliyyatlar bitəndən sonra başlanılıb.
Münaqişənin aktiv fazasının başa çatmasından təxminən iki il keçməsinə baxmayaraq dinc sakinlər və hərbçilərin minaya düşmə halları baş verir. Onlardan biri 2021-ci ilin martın əvvəlində işğaldan azad olunmuş Cəbrayıl rayonunda minaya düşən mülki istehkamçı Hafiz Əzimzadədir.
“Azadlıq” radiosuna dediyinə görə, o və digər istehkamçılar - Ermənistanın verdiyi minalanmış ərazilərin xəritəsi üzrə hərəkət ediblər və o, həmin xəritədə nişanlanmayan piyada əleyhinə minaya düşüb. Keçmiş hərbçinin fikrincə, Yerevandan verilən xəritələrin dəqiqliyi təxminən 20% təşkil edir.
Azərbaycan iddia edir ki, erməni hərbi qulluqçuları təkcə Qarabağdan çəkilərkən deyil, həm də atəşkəs sazişi imzalanandan sonra da işğaldan azad olunan ərazilərə minalar basdırıblar.
Buna sübut kimi Bakı aşkarlanan minaları göstərir. Qeyd olunur ki, aşkarlanan həmin minaların üzərində onların 2021-ci ildə istehsal olunduğu qeyd olunub.
Məlumatlarda həmin minaların Rusiyaya bağlılığı olan "Elektron" zavodunda istehsal olunduğu bildirilir.
Rəsmi Baknın bildirdiyinə görə, 1990-cı illərin sonundan Qarabağ ərazisinə bir milyondan çox mina basdırılıb.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) aprelin sonunda yaydığı hesabatda bildirilir ki, istehkamçılar təxminən 800 kvadrat kilometr ərazidə 86 mindən çox mina və partlamamış hərbi sursat aşkar edərək zərərsizləşdiriblər.
Buna da bax: Prezidentin dediyindən belə çıxır ki, bir kvadratmetrin təmizlənməsi 5 manata başa gəlirAzərbaycanın açıqladığı statistikaya görə, 2020-ci il aktiv hərbi əməliyyatların bitməsindən sonra işğaldan azad olunan ərazilərdə 304 nəfər Azərbaycan vətəndaşı minaya düşüb və onlardan 60 nəfərə yaxını həlak olub.
Ermənistan Qarabağ ərazisinin qəsdən minalanması ilə bağlı ittihamları qəbul etmir, bunun müdafiə məqsədi ilə edildiyini bildirir.
Ekspertlərin fikirlərinə görə, Ukrayna və Azərbaycan ərazilərinin minalardan təmizlənməsi milyardlarla dollar tələb etməklə yanaşı onilliklər çəkə bilər.
Buna Bosniya və Herseqovinadakı vəziyyət misal gətirilir. Qeyd olunur ki, Minalardan Təmizləmə Mərkəzi 1990-cı illərdəki döyüşlərdən sonra Balkanlarda təxminən 180 min partlamamış minanın qaldığını təxmin edir. Onlardan 130 mindən çoxu zərərsizləşdirilib, amma 2021-ci ilin əvvəlində bir miqrant vaxti ilə Xorvatiya ilə sərhəddə basdırılmış minaya düşərək həlak olub.
Kambocada onilliklər davam edən və 1998-ci ildə bitən silahlı münaqişədən sonra ölkədə altı milyona qədər minanın qaldığı vurğulanır. Keçən ilin cəmi səkkiz ayında Kambocada sursat partlaması nəticəsində 40 nəfər həlak olub. Ölkə hakimiyyəti minalardan təmizləməni 2025-ci ilə qədər başa çatdırmağa ümid edir.