'Azərbaycanda səhralaşma artır' media icmalı

Azərbaycanın siyasi-inzibati xəritəsi

Karqo şirkətlərinin qiymətləri tez-tez qaldırmaları, Azərbaycanda quru ərazilərin artması, keçmiş prezident Heydər Əliyevin 96 illik yubleyi və başqa məsələlər medianın toxunduğu mövzulardandır...

“ Həmin vəsait bizim cibimizdən çıxır”

“Yeni Sabah.az” saytı-nda ““Fəxrlə deyirlər ki, gömrük ödənişləri artıb”-iş adamları üçün karqo böhranı” sərlövhəli yazı diqqəti cəlb edir.

Yazıda vurğulanıb ki, “Binə” və “Sədərək” ticarət mərkəzləri-ndə çalışan sahibkarlar daşımaçılıqda xidmət haqqının artdığını, eyni məhsula ayrı-ayrı qiymətlər qoyulduğunu bildirirlər:

“Onların sözlərinə görə, Çindən Azərbaycana gətirilən müxtəlif mallar üzrə daşımaçılığın 1 kubu 750 dollar civarında dəyişilir. Çin karqo şirkətinin rəhbəri artımın səbəbi kimi Azərbaycan Dövlət Gömrük Komitəsinin tətbiq etdiyi rüsumları göstərir”.

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli isə karqo şirkətlərinin tez-tez qiymətləri dəyişməsini, gömrükdə qiymətlərin tənzimlənməsini Azərbaycanda gömrük fəlsəfəsinin doğru-düzgün yerinə yetirilməməsilə əlaqələndirir:

“Azərbaycanın gömrük siyasətində ciddi problemlərin olması hər kəsə məlumdur. Söhbət gömrükdə hər hansı korrupsiyanın və ya əməllərin olub-olmamasından yox, ölkədə gömrük fəlsəfəsinin doğru-düzgün yerinə yetirilməməsindən gedir. Əgər yerli istehsal olsaydı, həmin məhsullar Çindən gətirilməzdi. Burada sadə məntiq var. Çindən gətirilən məhsulları Azərbaycanda əvəz edəcək istehsal sahələri yoxdur”.

Buna da bax: Mətbuat Şurası jurnalist Elmar Hüseynovla bağlı DTX-yə müraciət edib

​İqtisadçıya görə, əgər Çindən gətirilən məhsullar Azərbaycanda istehsal olunmursa, daha liberal gömrük siyasəti aparılmalıdır ki, həmin məhsulların qiyməti artaraq insanların cibinə zərbə vurmasın.

O, Komitə rəhbərliyinin tez-tez televiziyalarda gömrük ödənişləri və ya gömrükdə yığımların kifayət qədər artması barədə fəxrlə danışmalarını da tənqid edir:

“Gömrüyün yığdığı əlavə pulun hamısını iş adamları məcburən mal və xidmətin üzərinə qoyurlar, həmin vəsait bizim cibimizdən çıxır”.

“ Geniş yaşıllıqlar salınmalıdır"

Ramiz Məmmədov

“Trend.az” saytı-nda “Akademikdən həyəcan təbili: Azərbaycanda səhralaşma artır” sərlövhəli yazı oxumaq olar.

Sayt ölkədə quru ərazilərin artması barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov-un fikirlərinə yer verib. “Azərbaycanda səhralaşma prosesi artır”, AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Trend-ə bildirib.

İnstitut direktorunun deməsinə görə, səhralaşma Mil-Muğan bölgəsinin cənub-şərq hissəsində müşahidə olunur və getdikcə intensivləşir:

“Bu prosesin qarşısını almağın ilkin yolu həmin ərazilərdə çoxlu sayda ağacların əkilməsidir, orada geniş yaşıllıqlar salınmalıdır".

Akademik R.Məmmədov əlavə edib ki, Azərbaycanda müşahidə olunan səhralaşmanın səbəbi iqlim dəyişikliyi və insan fəaliyyətilə bağlıdır.

Buna da bax: R.Musabəyov: 'Bəli, ailəsini bununla dolandırırdı, mərdimazarlıq etmişəm'

R.Məmmədovun sözlərinə görə, hazırda Mil-Muğan bölgəsində otarmalar normadan dəfələrlə artıqdır. Onun fikrincə, əgər müəyyən əraziyə 5 qoyun düşməlidirsə, orada 20 qoyun mövcuddur.

İnstitut rəhbəri bildirib ki, qoyun sürüsü harada gəzərsə, həmin yerdə yaşıllıq əmələ gəlmir, səhralaşma gedir:

“Əgər tez bir zamanda bunun qarşısı alınmazsa, səhralaşma getdikcə artacaq, özü də bu tək ekoloji deyil, həm də sosial problemə çevriləcək”.

Akademik hesab edir ki, otarmanın nəticəsi olaraq getdikcə torpağın münbitliyi məhv olur, bitki yetişmir və bütün bu proseslərin yekunu insanların həmin ərazilərdən miqrasiyası ilə başa çatır.

Heydər Əliyev - 96

Azerbaijan -- A woman walks past a board displaying late President Haydar Aliyev in Baku, 13Oct2010

“Azərbaycan” qəzeti-ndə dərc edilən “Ümumxalq məhəbbəti” sərlövhəli yazı isə keçmiş prezident Heydər Əliyevin doğulmasının 96-cı il dönümünə həsr edilib.

Müəllif yazıb ki, adı tarixə yazılan şəxsiyyətləri nə zaman unudur, nə də ictimai-siyasi burulğanlarda varlığını qoruyub saxlayan xalq. Yazıda vurğulanıb ki, talelərə yazılan sərt sınaqlardan əzmlə çıxaraq xalqın sevimlisinə çevrilmək asan deyil, bunu tarix dəfələrlə təsdiqləyib:

“ May ayının 10-u ümummilli lider səviyyəsinə yüksəlmiş Heydər Əliyevin anadan olduğu gündür. 2003-cü ildən (həmin il Heydər Əliyev vəfat edib-red), bir qayda olaraq, may ayının 10-da xalqımız Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edir, onun qurub-yaratdığı müasir Azərbaycana layiqli vətəndaş olduqlarını təsdiqləyirlər. Dünən də (mayın 10-u) Fəxri xiyabana aparan yollarda ziyarətçilərin əlindən tərpənmək olmurdu. 2003-cü ilin soyuq, şaxtalı dekabr günündən fərqli olaraq, dünənki ziyarətçilərin çöhrəsində həm də bir qürur vardı”

Yazıda sadə adamların da fikirlərinə yer verilib. Müəllifin qeyd etməsinə görə, Kəlbəcər rayonunun Başlıbel kəndindən məcburi köçkün Oqtay Salahova deyib:

"Azərbaycanın regionda lider dövlətə çevrilməsi xalqımızın ümummilli liderinin - həyat və fəaliyyətini bütünlüklə müstəqil respublikamızın çiçəklənməsinə, onun dünya birliyində layiqli yer tutmasına həsr etmiş Heydər Əliyevin xidmətidir”

Buna da bax: X.Xələfov Gürcüstanla danışıqlara başlayır

​Müəllif yazının sonunda da yazıb ki, Heydər Əliyevin 96 illiyi ilə əlaqədar Fəxri xiyabana ziyarət axşam saatlarına kimi davam edib:

“Ziyarətçilər belə qüdrətli dövlətin banisi olduğu üçün ümummilli liderlə daim fəxr edəcəklərini dilə gətirir, prezident İlham Əliyevin ətrafında sıx birləşməklə respublikamızın inkişafında bilik və bacarıqlarını bundan sonra da əsirgəməyəcəklərini əminliklə ifadə edirdilər”