Banan düşüb, amma hələ də gömrükdə tapşırılan şirkətlər var [video]

Sizin brauzer HTML5-i dəstəkləmir

Gömrükdə İlham Əliyevin sərəncamını saya salan varmı? [video]

"Əgər gömrükdə inhisar aradan qaldırılsaydı və eyni malı gətirən sahibkarların sayı artsaydı, Azərbaycanda ərzaq qiymətləri indikindən orta hesabla 80 faiz ucuz ola bilərdi..."

Söhbət etdiyimiz müstəqil iqtisadçıların çoxu belə deyir.

Banan 2 dəfə düşüb

“Güzəran” Araşdırmaları Mərkəzinin sədri, iqtisadçı Qadir İbrahimli nümunə gətirir, deyir ki, hansı məhsulla bağlı inhisar götürülsə, bazarda açıq hiss olunur.

“Məsələn, bananın qiyməti iki il əvvəllə müqayisədə iki dəfəyə qədər ucuzlaşıb. Yəni, monopoliyanın aradan qalxması bananın qiymətlərinə 100 faiz təsir edə bilib”.

Buna da bax:​ Türkiyə Azərbaycanla ticarətdə necə birinci yerə çıxıb?

Kərə yağı bəs niyə düşmür?

Başqa bir iqtisadçı Natiq Cəfərli deyir ki, məsələn, Yeni Zelandiya istehsalı kərə yağı Gürcüstana nisbətən Azərbaycanda iki dəfə bahadır, çünki Azərbaycana bunu bütün şirkətlər yox, seçilmiş şirkətlər gətirə bilir.

Keçən ilin əvvəli prezident İlham Əliyev gömrükdə islahatlarla bağlı sərəncam imzaladı.

Hələ də tapşırılan şirkətlər var

Keçmiş deputat və işadamı Nazim Bəydəmirli deyir ki, hələ də yuxarıdan tapşırılan şirkətlər var və onların malları daha ucuz qiymətə rəsmiləşdirilir. Adi sahibkar isə vergini adi qaydada verir:

“Beləliklə, bu iki sahibkarı götürsək, biri ödəməni çox aşağı faizlə həyata keçirir və qaimələri dəyişdirir, həm vergidən yayınır, həm də bazarda daha rəqabətli mövqe tutur. İkinci sahibkarın isə maya dəyəri artır və rəqabət apara bilmir”.

Buna da bax:​ 10 gömrük işçisi korrupsiyada günahlandırılır

İqtisadi Tədqiqatlar Mərkəzi 2016-cı ildə öz araşdırmasının nəticələrini açıqlamışdı, bildirmişdi ki, 2015-ci ildə 16 ölkənin Azərbaycana göndərdiyi 4,9 milyard dollarlıq idxal malını Azərbaycan gömrüyü qeydiyyata almayıb.

Təşkilatın sədri Qubad İbadoğlu deyir ki, müxtəlif ölkələrin 2016-cı ilin rəqəmləri hələ bəlli olmadığından analiz apara bilmirlər.

Amma prezidentin sərəncamına qədər vəziyyət daha qəliz imiş. İnhisarçılar nəinki az vergi ödəyirmişlər, hətta kimin bu bazara mal gətirməsinə də qərar verirmişlər.

Onların gömrükdə brokerləri var imiş. Brokerlər inhisarçılar üçün pul yığırmışlar.

Buna da bax:​ Mal aparıb-gətirənlərin sayı 2 dəfə artıb

Gömrükdə brokerlər yoxa çıxsa da...

Almaniyadan yuyucu vasitə gətirən bir sahibkar adının çəkilməməsi şərtilə danışır ki, prezidentin sərəncamından sonra brokerlər yoxa çıxıb. Əvvəllər idxal rüsumu və əlavə xərclər tələb olunan 1 manatlıq rüsumun üzərinə də 20 faiz artıq ödəyirdilər ki, inhisarçı o malı gömrükdən buraxsın. Amma indi əgər gətirdiyin malın sənədləri qaydasındadırsa heç bir problem yoxdur.

“Biz tırla malı Azərbaycana gətirəndə əlimizdə malı aldığımız yerdən mənşə sertifikatı olmalıdır.

Bu sertifikatı Azərbaycanın müvafiq qurumları 10 gün ərzində təsdiqləməlidir. Amma uzadırlar. Tır gəlir terminalda qalır, bir gününə 150 avro pul yazır.

Qəsdən gecikdirirlər ki, gömrükdə hörmət edəsən. Malı terminaldan Bakı sertifikatı olmadan çıxardasan. Sertifikatın təsdiqlənməsinə 20 manat əvəzinə 200-250 manat pul oxuyurlar, çünki o sertifikat qeyri-qida məhsulları üçün bir il keçərlidir, qida məhsulları üçün isə 6 ay. Məcbursan malını gömrükdən tez çıxarasan... Monopolistə isə yaşıl işıq var".

Buna da bax:​ İdxal 7, ixrac 28 faiz azalıb

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev isə deyir ki, gömrükdə inhisar yoxdur. Çünki bu haqda şikayət edən yoxdur.

“Şikayət ərizələrinin olması göstəricilərdən biridir. Mən camaata, işadamlarına müraciət edərək demək istəyirəm ki, sizə kimsə maneçilik törədirsə, müraciət edin bizə, o müraciətlərin sayı problemlərin göstəricisidir. Monopoliya ilə bağlı gömrük orqanlarına bir dənə də şikayət daxil olmayıb”.

İqtisadçılar deyirlər ki, sahibkarlar ona görə şikayət etmirlər ki, gömrük komitəsi şikayətlərə baxmır.

Buna da bax: Gömrük Komitəsi: Rusiyalı sürücülər Astara gömrükçülərini hədələyiblər, sonra... - VIDEO

Bakı sakinlərinə bu sualla yanaşmışıq: Sizcə bahalaşmaya səbəb nədir?

Sizin brauzer HTML5-i dəstəkləmir

Bahalaşmanın səbəbi nədir?