Ucar rayonunda bir gənc ailə var, həm ər, həm də arvad böyrəyini pulsuzluqdan satdığını deyir. Onlar insan alveri – böyrək alqı-satqısıyla bağlı bir cinayət işində zərərçəkən qismində tanınıblar. Bu iş də hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırıldığından ifadə vermək üçün ora çağrılıblar. Ər – Rauf Şirəliyev gəlib, ifadə verib. Sevinc Şirəliyeva isə hamilə olduğuna görə Ucardan Bakıya gələ bilməyib.
İnsanları böyrəyini satmağa məcbur etməkdə, onları aldadıb ziyan vurmaqda və s. əməllərdə suçlanıb məhkəmə qarşısına çıxarılan bir nəfər var – Vahib Xudadatov. Cinayət işinin materiallarında onun böyrəyini satanlarla alanlar arasında vasitəçilik etdiyi bildirilir.
Ancaq mayın 6-da məhkəmədə dindirilən R.Şirəliyev deyib ki, V.Xudadatovdan heç bir şikayət və tələbi yoxdur. Çünki böyrəyini pulsuzluq üzündən özü könüllü şəkildə satıb, heç kim onu heç nəyə məcbur etməyib.
Buna da bax: Böyrək alveri işi: 'Gündəlik xərclərə də pul tapmırdım'«8 minə razılaşdım»
O, istintaqa ifadəsində də bildirib ki, daimi işi olmadığından çox adama borcu yaranmışdı, kirayə pulunu ödəyə bilmirdi. 2016-cı ildən özlərinə kiçik bir ev tikmək istəsələr də, başa çatdıra bilmirdilər. İş axtarmaq məqsədilə internetdə elanlara baxanda görüb ki, böyrək donoru axtaranlar var. O, elanın altında yerləşdirilən telefon nömrəsinə zəng edib. Cavab verən adam deyib ki, qohumu üçün böyrək axtarır. Rauf böyrəyini satmaq istədiyini deyib. Telefonla danışan adam da onu bu barədə danışmaqdan ötrü Bakıya çağırıb. Öncə telefonla danışdığı gənc adamla görüşsələr də, az sonra V.Xudadatov da gəlib. Amma Vahib böyrəyini satan başqa adamlar kimi, ona da özünü Sahib kimi təqdim edib.
R.Şirəliyev öncə böyrəyini 15 minə satmaq istədiyini deyib, amma qarşı tərəf razılaşmayıb: «Sahib dedi ki, camaat bu qiymətə ciyər, ürək alır. Böyrəyə görə heç kim 8 mindən yuxarı pul verməz. Mən də 8 minə razılaşdım».
Bundan sonra Bakıda Tibb Universitetinin klinikasında analiz verib, daha sonra böyrəyin resipiyentə uyğun olub-olmadığını müəyyənləşdirmək üçün hər ikisi İrana gedib. Böyrək köçürülməsi əməliyyatı isə Tacikistanın paytaxtı Düşənbə şəhərində baş tutub. O, əməliyyatdan sonra da razılaşdıqları məbləği alıb.
Həyat yoldaşı S.Şirəliyeva istintaqa ifadəsində deyib ki, kirayə qalırdılar, maddi baxımdan çətinlik çəkirdilər, Ucarda özlərinə ev tikmək istəsələr də, tikib başa çatdıra bilmirdilər. Ona görə Rauf bir sıra adamlardan borc alıb, ancaq qaytara bilmirdi. Maddi çətinliyə görə həyat yoldaşı böyrəyini satandan sonra V.Xudadatovdan eşidiblər ki, bir ərəb var, donor axtarır, 12 min dollar verməyə razıdır. O da razılaşıb.
Buna da bax: 'Devalvasiyadan sonra kredit borclarına görə böyrəyimi satdım'S.Şirəliyeva və böyrəyi köçürüləcək, milliyyətcə ərəb olan resipiyent öncə gedib İranda Mohsen Tahirinin işlədiyi klinikada müayinədən keçib, əməliyyatın mümkünlüyü haqda rəy veriləndən sonra elə həmin iranlı həkim gedib Düşənbədə transplantasiyanı həyata keçirib. S.Şirəliyevanın sözlərinə görə, əməliyyatdan sonra böyrək köçürülən şəxsin qohumları onun həyat yoldaşı Raufa 12 min dolları ödəyib.
Məhkəmədə dindirilən başqa bir zərərçəkmiş Cavidan Hüseynov da şikayətçi olmadığını, böyrəyini öz istəyi ilə satdığını bildirib. Deyib ki, hətta bu məqsədlə saytların birində elan da yerləşdirib. O, məhkəmədə bildirib ki, böyrəyinə görə 10 min 500 manat pul alıb.
C.Hüseynov istintaqa ifadəsində deyib ki, Tacikistanda baş tutan əməliyyatdan sonra Bakıya qayıdanda vəziyyəti pisləşib, yarada çirk yaranıb. Xəstəxanaya gedəndə məlum olub ki, əməliyyat vaxtı tənzifi unudub içəridə saxlayıblar. C.Hüseynov yenidən əməliyyat edilib, tənzif oradan çıxarılıb.
Bu iş üzrə məhkəmə araşdırmaları davam edir.
Xatırlatma
V.Xudadatov 2018-ci ilin martında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunub. Ona qarşı CM-in 137 (insan orqan və toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə), 144-1 (insan alveri), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.
Cinayət işində 27 zərərçəkmiş var.
Bütün orqan köçürmələrində donorun pulu, İrana və daha sonra Gürcüstana (yaxud da Düşənbəyə) yol, otel xərclərinin hamısını resipiyent qarşılayıb. Hər iki tərəf – həm böyrəyini satan, həm də alan vasitəçiliyə görə V.Xudadatova da ayrıca pul verib.
Hər əməliyyata görə M.Tahiriyə 10 min, transplantasiyanın həyata keçirildiyi xəstəxanaya isə 8 min dollar pul ödənildiyi bildirilir.
Bu böyrək köçürmələri ilə əlaqədar «Lancet»in azərbaycanlı rəhbəri Fərman Ceyranlı və M.Tahiri haqqında cinayət işi ayrılıb. F.Ceyranlı hazırda Gürcüstanda həbsdədir. Dekabrın 20-də onun 6 illik həbs cəzası 2 il 3 ayadək azaldılıb. Məhkəmə Gürcüstan Cinayət Məcəlləsinin 180 və 247-ci maddələri (dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətmək) ilə irəli sürülən ittihamları daha yüngül əməlləri nəzərdə tutan maddələrlə dəyişib. F.Ceyranlı isə bildirib ki, o, Azərbaycandan verilən sifarişlə, haqsız yerə həbs edilib. O, bunu Azərbaycan müxalifəti ilə yaxın olması ilə izah edib. Cərrahın bu açıqlamasına nə Azərbaycan, nə də Gürcüstanın hüquq-mühafizə orqanlarından münasibət bildirilib.