Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu və ABŞ dövlət katibi Entoni Blinken regional ikitərəfli münasibətləri, o cümlədən Rusiya və Ukrayna arasındakı gərginliyi müzakirə ediblər.
Yanvarın 3-də keçirilən telefon danışıqlarında habelə NATO və ATƏT-in Rusiya ilə qarşıdan gələn dialoqu müzakirə olunub.
Hurriyet Daily News Türkiyə XİN-ə istinadən bildirir ki, Çavuşoğlu və Blinken Sudanda, Efiopiya və Qafqazlarda baş verən son hadisələr ətrafında fikir mübadiləsi ediblər.
Blinken bu söhbətdən sonra Twitter-də yazıb ki, o türkiyəli həmkarı ilə Ukraynada Rusiya eskalasiyası ilə bağlı gərginliyi və ayrıca olaraq ikitərəfli münasibətləri, NATO müttəfiqləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, iki nazir Ukraynaya qarşı Rusiya təhlükəsinə koordinasiyalı reaksiya verməyin mühümlüyünü vurğulayıblar.
Sözçü bildirib ki, söhbət zamanı habelə Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndə təyin etməsi müzakirə olunub.
Rusiya son aylarda Ukrayna sərhədi yaxınlığında 100 mindən çox əsgəri qüvvə cəmləşdirib.
Bu arada Kreml ABŞ-dan, NATO-dan və Qərbdən özü üçün yazılı təhlükəsizlik qarantiyaları tələb edib.
ABŞ prezidenti Co Bayden belə bir şəraitdə Rusiyanın danışıqlar üçün etdiyi çağırışı qəbul edib və dialoqun yanvarın 9-10-da Cenevrədə keçiriləcəyinə dair razılaşma əldə olunub.
Buna da bax: Erdoğanla Putin Cənubi Qafqazdan danışıblar“Rusiya birtərəfli tələblərdən əl çəkməlidir”
Ötən həftə Çavuşoğlu Rusiyanı “birtərəfli” tələblərdən əl çəkməyə və Ukraynaya görə Qərb və NATO ilə qarşıdurmada daha konsktruktiv mövqe tutmağa çağırmışdı:
“Rusiya bəzi təkliflər irəli sürüb. Bəlkə NATO da Rusiyadan eyni cür qarantiyalar istəyir. Bu, birtərəfli məsələ deyil. Əgər tələblər maksimalistdirsə, mən demək istəmirəm ki, Rusiya maksimalistdir, bütün hallarda hər iki tərəf konstruktiv olmalıdır”.
Çavuşoğlu Rusiya-Türkiyə münasibətləri barədə demişdi:
“Əgər Rusiyanın Türkiyədən hər hansı konkret gözləntiləri və ya Rusiya və NATO arasında gərginliyin azaldılması üçün gözləntiləri varsa, Türkiyə bunu pozitiv qiymətləndirəcək, çünki bizim məsədimiz aydındır”.