Cənubi Koreya ölkədə koronavirusa yoluxmaların sıçrayışlı artımına görə yüzlərlə məktəbi, muzeyi və incəsənət qalereyalarını yenidən bağlamağa məcbur olub.
Sky News saytı yazır ki, bu ölkədə son üç gündə COVID-19-a 177 yeni yoluxma qeydə alınıb.
Bu, koronavirus epidemiyası ilə mübarizədə ən uğurlu ölkə kimi təbliğ edilən Cənubi Koreyanın indiyədək əldə etdiyi nailiyyətləri heçə endirə bilər.
Mayın 29-da Cənubi Koreyanın paytaxtı Seul regionunda 58 yeni yoluxma qeydə alınıb.
Bundan bir gün əvvəl ölkədə son 50 gün ərzində ilk dəfə olaraq böyük yoluxma sıçrayışı qeydə alınmışdı.
Mayın 28-də daha 79 nəfərin koronavirusa yoluxduğu xəbər verilirdi.
Buna da bax: Azərbaycanda karantin iyunun 15-dək uzadılıb
İnternet ticarəti anbarları təhlükəyə çevrilir
Rəsmilər paytaxt yaxınlığındakı nəhəng internet ticarəti anbarından qaynaqlandığı düşünülən yoluxmaların qarşısını almağa çalışırlar.
Bütün Cənubi Koreya boyunca karantin məhdudiyyətləri mayın 6-da qaldırılmışdı, lakin hökumət paytaxt regionunda yoluxma sayının artması ilə əlaqədar bir sıra ictimai məkanları – parkları, muzeyləri və teatrları yenidən bağlayıb.
Artıq indiyədək açılmış 250-dən çox məktəbin yenidən bağlanmasına göstəriş verilib. Eyni zamanda karantin dövründə kompüter oyunları zallarının bağlanması barədə qərar qəbul edilib.
Səhiyyə naziri Park Neung-hoo deyib ki, bugündən etibarən qarşıdan gələn iki həftə epidemiyanın cilovlanmasında həlledici rol oynamalıdır.
O paytaxt bölgəsi sakinlərini qeyri-zəruri toplantılardan çəkinməyə, şirkətləri isə xəstə işçilərini evdə saxlamağa çağırıb.
Koreya Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin son məlumatına görə bugünədək ölkədə koronavirusa 11,402 yoluxma və 269 ölüm faktı qeydə alınıb.
Baş nazir Chung Sye-kyun rəsmilərə karantin zamanında evlərə müxtəlif mallar daşıyan internet ticarəti anbarlarının yoxlanmasını tapşırıb.
Karantin günlərində internetlə alış-veriş çoxaldığından indi belə anbarlar infeksiya mənbəyinə çevrilir.