Koçaryanın deputatına cinayət işi açılacaq

Mxitar Zakaryan

Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) Meğri şəhərinin keçmiş meri və Hayastan blokundan deputatlığa namizəd Mxitar Zakaryanın cinayət təqibi və həbsinə dair prokurorluğun vəsatətini təsdiq edib.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bu barədə məlumatı onun vəkili Yerem Sarkisyan verib.

Facebook vasitəsilə yaydığı bəyanatda vəkil yazır ki, MSK-nın iclası “Hayastan blokunun siyahısında 17-ci olan namizədin hüquqlarının kobud şəkildə pozulması ilə başa çatıb”.

Sarkisyan bildirib ki, onlar MSK-nın bu qanunsuz razılığından hüquqi qaydada şikayət verəcəklər.

Mxitar Zakaryan Meğrinin meri vəzifəsindən iyuilun 9-da istefa verib və bildirib ki, bunu tam könüllü şəkildə edir.

O Azatutyuna deyib ki, mandatını götürüb parlamentə gedəcək.

Buna da bax: Qubernator seçkidə Paşinyanın rəqiblərinə səs verənləri istefaya çağırır

Seçkisonrası çəkişmələr

Mxitar Zakaryan vəzifəsindən ona göstərilən təzyiqə və ya ona qarşı cinayət işinə görə getməsi barədə iddiaları təkzib edib.

Azatutyun xatırladır ki, keçmiş prezident Robert Koçaryanın başçılıq etdiyi Hayastan bloku 20 iyun seçkisinin nəticələrini Konstitusiya Məhkəməsində mübahisələndirən üç siyasi partiyadan biridir.

Bu blok 107 yerlik Milli Məclisə 29 mandat qazanıb.

Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın Vətəndaş Müqaviləsi partiyası 71 mandata sahibdir. Bu, üçdə iki çoxluqdan bir qədər azdır.

Keçmiş prezident Serj Sarkisyana bağlı “Şərəfim var” bloku 7 mandat əldə edib.

Bu partiya da seçki nəticələrinə görə Konstitusiya Məhkəməsinə müraciət edib.

Robert Koçaryanın özünə qarşı rüşvət maddəsi ilə açılmış cinayət işinin məhkəməsi hələ başa çatmayıb.