Bələdiyyəyə namizədlərdən Mehman Hüseynovun 31 saylı Suraxanı ikinci Dairə Seçki Komissiyasına göndərdiyi şikayətinə cavab verilib.
Bu barədə AzadlıqRadiosuna namizədin özü, bloqer Mehman Hüseynov məlumat verib.
M. Hüseynovun qeyd etməsinə görə, Dairə Seçki Komissiyasından (DSK) ona gələn rəydə yazılıb ki, şikayətinə baxılıb:
"Seçkilərdən dərhal sonra nəticələrlə bağlı şikayətimi Dairə Seçki Komissiyasına göndərdim. Şikayətdə bildirdim ki, seçki günü məntəqələrdə seçki qutularına topa bülleten atılıb, "karusellər" ( təlimatlandırılan şəxslərin bir neçə məntəqədə səs verməsi) təşkil olunmuşdu, başqa rayonlarda yaşayan vətəndaşlar gəlib namizəd olduğum dairədə səs vermişdi. Habelə, məntəqə sədri bülletenləri sayandan sonra onları məntəqdə qoyub getmişdi və digər hallar. Bunlarla bağlı foto və video sübutları təqdim etdim, tələb etdim ki, nəticələri ləğv etsinlər. DSK isə yazıb ki, qeyd etdiyim qanun pozuntuları təsdiqini tapmayıb. Üstəlik, də rəyə görə, bələdiyyə seçkilərində baş verən "karusel" əməliyyatları, qutuya topa bülleten atmalar, başqa yerdə qeydiyyatda olan vətəndaşları məcbur gətirib bizim ərazimizdə səs verdirmək kimi bütün bu işlərin başında sanki mən durmuşam. Sanki bütün bu adamları mən öyrətmişəm ki, təxribat eləsinlər, saxtakarlıq etsinlər".
Sizin brauzer HTML5-i dəstəkləmir
“Materiallar prokurloq orqanına göndəriləcək”.
M. Hüseynov əlavə edib ki, bələdiyyə seçkiləri zamanı çəkilmiş video və foto materiallar prokurloq orqanına göndəriləcək:
"Qərara gəldim ki, “karusel”də iştirak edənlərlə, topa bülleten atanlarla, məntəqə komissiya üzvləri ilə bağlı prokurorluğa müraciət edim. Bu qanunsuzluqları edənlərin hamısının üzləri videoya və fotoya düşüb. Biz də materialları göndərəcəyik prokurorluğa, qoy həmin insanları araşdırıb, cəzalandısınlar".
Mehman Hüseynovun bu açıqlamaslna, hələlik, 31 saylı Suraxanı ikinci Dairə Seçki Komissiyasından və Mərkəzi Seçki Komissiyasından münasibət öyrənmək mümkün olmayıb.
Buna da bax: Bələdiyyə seçkilərinə ilkin rəylər belədir...Xatırlatma
Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.
MSK qeyd edib ki, ölkə üzrə 1627064 nəfər səs verib və seçici fəallığı 32.72 faiz olub.
Qurumun məlumatına görə, bu seçkilər zamanı ölkə üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməli idi. Bülletenlərə 41 min 462 namizədin adı daxil edilmişdi.
Bəzi müxalif partiyalar bu seçkilərə qatılmayıb. Onlar deyiblər ki, ölkədə azad və ədalətli seçkilər üçün lazımı şərait yoxdur. MSK və rəsmilər belə fikirlərlə razılaşmırlar.Bu Azərbaycanda keçirilən 5-ci bələdiyyə seçkiləri idi.