Miyatoviç sülh prosesində insan haqlarını önə çəkir

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç (ortada) Dağlıq Qarabağdan didərgin düşmüş insanlarla görüşür.

"Ermənistan və Azərbaycan arasında Qarabağ regionu və ətrafında uzunmüddətli münaqişənin son mərhələsi yenə insan haqları pozuntuları ilə yadda qaldı. İnsan haqlarına tam sayğı və uyğun beynəlxalq standartlara sərt sadiqlik iki ölkə arasında barışıq və davamlı sülhə doğru yolun mərkəzində durmalıdır". Belə bir bəyanatla Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Dunya Miyatoviç Ermənistan, Azərbaycan və Qarabağ regionuna oktyabrın 16-dan 23-dək gerçəkləşdirdiyi səfərinin yekununda çıxış edib.

Qurumun yaydığı press-relizdə deyilir ki, səfərə sentyabrın sonunda cəmi bir neçə günün içində Qarabağdan azı 100 min 600 erməninin Ermənistana axını səbəb olub. Bu axın Azərbaycanın 19-20 sentyabr tarixlərində hərbi əməliyyatı nəticəsində baş verib. Azərbaycan regionda "antiterror tədbirləri"ndən sonra regiona tam nəzarəti bərpa etdiyini bildirib.

Ermənistana yardım çağırışı

D.Miyatoviç Laçın dəhlizinin doqquz ay bağlı qalmasının Qarabağ ermənilərinin hərəkət azadlığını, vacib məhsullara, xidmətlərə və enerji təchizatına çıxışını uzun müddətə pozduğunu bildirir. Bakı isə Laçın dəhlizinin humanitar məqsədlər üçün açıq olduğunu deyir, Qarabağın blokadaya salınması iddialarını rədd edib.

"Onlar (Qarabağ erməniləri – red.) özlərini tərk edilmiş gördülər, heç bir tərəfdən etibarlı təhlükəsizlik və mühafizə təminatları qalmadı. Onlar üçün evi tərk etmək yeganə mümkün variant idi", – komissar vurğulayır.

Buna da bax: AŞPA Qarabağda hərbi əməliyyatı 'qətiyyətlə' pisləyir

Miyatoviç Ermənistana səfəri zamanı baş nazir Nikol Paşinyan və digər rəsmilərlə, o cümlədən beynəlxalq qurumların və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşüb. O, Qarabağ ermənilərinin yerləşdirildiyi sığınacaqlara da baş çəkib.

İnsan haqları komissarı Ermənistan hakimiyyətinin beynəlxalq qurumların dəstəyi ilə ehtiyacı olanların hamısına yardımını alqışlayır. O, Avropa Şurası üzvlərini Ermənistana sığınmış qaçqınlara gərəkən yardımın davamlılığından ötrü tam dəstək göstərməyə çağırır, həssas qrupların ehtiyaclarına xüsusi diqqət göstərməyin vacibliyini vurğulayır.

Füzuli və Ağdamda xarabalıqları görüb

Miyatoviç Azərbaycana səfəri zamanı Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, insan haqları ombudsmanı Səbinə Əliyeva və digər rəsmilərlə görüşlər keçirib.

Hakimiyyət təmsilçiləri ona Qarabağ regionu və orada yaşayan əhalinin reinteqrasiyası üçün görülən tədbirlər haqda məlumat veriblər. "Komissar Azərbaycanın regionda qalan, eləcə də Ermənistana getmiş etnik ermənilərin insan haqlarını, o cümlədən evlərinə təhlükəsiz və şərəflə qayıtmaq hüququnu təmin etməsinin vacibliyini vurğulayıb", – açıqlamada deyilir.

Komissar Azərbaycanın Qarabağ regionuna da gedib, mina təhlükəsinə görə səfərin miqyasının məhdud olduğu bildirilir. Miyatoviçin Xankəndi şəhərinin sentyabrda əhalinin köçündən sonra tamamilə boşalmasından sarsıldığı qeyd olunur. Ona regionda çox az sayda etnik ermənin qalması haqda məlumat verilib. O, Xankəndidə qalan adamlar, o cümlədən ən həssas qrup üçün açılmış sığınacaqda olanlarla danışıb.

Buna da bax: Avropa Parlamenti Azərbaycana qarşı sanksiyaya çağıran qətnamə qəbul etdi

Komissar Füzuli və Ağdamda on illər boyunca xaraba qalmış şəhər və kəndləri də görüb. Füzulidə bu yaxınlarda salınmış, on illər öncə didərgin düşmüş azərbaycanlılardan bəzilərinin qayıtdığı yaşayış məskənində olub.

Bu hüquqlar təmin olunsun

Komissarın hər iki ölkəyə səfəri zamanı uzunmüddətli münaqişədə ciddi insan haqları pozuntuları barədə məlumatları dinlədiyi qeyd olunur. O, bütün məcburi köçkünlərin evlərinə təhlükəsiz qayıtması; minalardan qorunma; əsirlərin qorunması; itkinlərin taleyindən xəbər tutmaq hüququnun təmin olunması, münaqişə ilə bağlı ciddi insan haqları pozuntularının müstəqil və effektiv araşdırılmasının vacibliyini vurğulayıb.

D.Miyatoviç qeyd edir ki, tərəflər indi həmişəkindən daha çox nifrət çıxışını önləmək və onunla mübarizə üçün qətiyyətli addım atmalı, birgə yaşayış və barışığı təbliğ etməlidirlər.

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ vilayəti və ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin ərazilərə, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq Ermənistan və Azərbaycan sülh sazişi imzalamayıb, Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də rəsmi Bakı Qarabağda "antiterror tədbirləri" keçirdiyini bildirir. Bundan sonra regiondakı erməni dəstələrin tərksilah olunması üzrə razılıq əldə olunub. Qarabağdan Ermənistana insan axını başlayıb. Ermənistan rəsmiləri bunu "etnik təmizləmə", "deportasiya" adlandırsa da, Azərbaycan Qarabağ erməniləri üçün reinteqrasiya planı açıqlayıb, onları evlərini tərk etməməyə çağırıb.