"The Financial Times" qəzeti yazır ki, Elif Şafakın yeni "İtkin ağaclar adası" (The Island of Missing Trees) romanı hayqırtı ilə başlayıb arzularla bitir. Əsərin yeniyetmə qəhrəmanı Adanın hayqırtısı ilə əncir ağacının yenidən doğulması arasında 1974-cü ildə Kiprdə baş qaldıran vətəndaş müharibəsinin ayırdığı sevgililərin hekayəsi, nəsildən-nəslə ötürülən travma, itirilmiş yaxınların axtarışı var. Bundan başqa, tanrılar haqda qonşularıymış kimi danışan (məsələn, "Afrodita gözəldir, ancaq həyasızdır") eksentrik xalalar var.
"Güclü və heyranedici əsər"
Elif Şafakın sayca 12-ci olan bu romanında faktların çoxu kədərlidir: ağır itki, zorakılıq, anlaşılmazlıq… Ancaq atmosfer çox cazibədardır.
Yazıda "İtkin ağaclar adası" "güclü və heyranedici əsər" adlandırılır. "Kitabdakı xurafat, təbii gözəllik və sərt tayfa sədaqəti sizin dünyanıza çevrilir", – qəzet yazır.
Kitabın sıx yaddaş labirinti sizi öz yaddaşınızı kənara qoymağa məcbur edir. Üstəlik də, romanda hadisələr… əncir ağacının dilindən nəql edilir.
Buna da bax: Şafak Coliyə müsahibəsində qadın hüquqlarından danışırTürklə yunanın sevgisi
Hekayə 2010-cu illərin sonlarında Londonun şimalında yaşayan 16-yaşlı Ada Kazandzakis ilə başlayır. Anası Dəfnə 11 ay əvvəl dünyasını dəyişərək onu və atası Kostası dərin kədər içərisində qoyub. Kostas dərdini gizli çəkir, gecələr bağçada yas saxlayır. Ada isə yuxarıdakı pəncərədən ona tamaşa edir. Anasının bacısı Məryəm çoxlu yüklə onları ziyarətə gələndə Adanı maraq bürüyür. Görəsən, anasının içində çəkdiyi, ona içki və dərman içirən o böyük kədər nə idi? Niyə anasının qohumlarından heç kəs dəfnə gəlməmişdi? Hər şeydən xəbərsiz olması Adanın balansını pozur və qürurunu yaralayır. Onun o uzun vəhşi hayqırtısı da, əslində, bütün bunlara etirazdır.
Şafak oxucunu 1974-cü ilin yayına aparır. İki yeniyetmə Nikosiyada (Lefkoşa) "The Happy Fig" adlı tavernanın anbarında gizli görüşür. Adanın müsəlman kiprli türk anası Dəfnə və xristian kiprli yunan atası Kostas bir-birinə aşiqdirlər. Əlbəttə, onlar ailələrinin buna dözməyəcəyini və onları bağışlamayacağını yaxşı bilirlər.
Çarəsizlik haqda yazmaq
Bu romanda müharibə, sevgi və zorakılıq bir-birinə qarışıb. Kostas təbiətə çox bağlıdır. Onun vasitəsilə Şafak müharibənin gətirdiyi dağıntının təkcə insanlara deyil, təbiətə də ciddi təsir etdiyini göstərmək istəyir. Ağaclar, tutuquşular və hətta qarışqalar da bundan əziyyət çəkir. Romanın ən təsirli səhnələrindən birində Kostas yüzlərlə meyvə yarasasının məhv olduğunu deyir. Onlardan bəziləri hələ o qədər balaca idi ki, hələ ana südü ilə qidalanırdı.
Buna da bax: Elif Şafak özüylə adaya hansı kitabı aparardıİlk vaxtlar təbiətin məruz qoyulduğu dağıntı oxucuya metafor kimi görünür. Ancaq sonra oxucu bunun belə olmadığını anlayır.
Bundan əvvəlki "10 dəqiqə 38 saniyə" adlı romanı "Buker" mükafatının qısa siyahısına düşən Şafak çarəsizlik haqqında yazmaqda böyük məharət nümayiş etdirir.
Şafakın fəndləri
Onun əsərlərində yeniyetmələrin hisslərinin də çox maraqlı işləndiyini görmək olar. Bu əsərdə oxucu Adanın onu düşündürən mövzunu həddindən artıq sadələşdirmək ehtiyacına müqavimət göstərdiyini görür.
Anasının ona yatmaq ərəfəsində danışdığı hekayələrdən birində İkinci Dünya müharibəsi zamanı öz həyatları üçün narahat əsgərlər onlara tərəf gələn sarı qaz buludunu görür. Ancaq qəfildən anlayırlar ki, bu, zəhərli qaz yox, miqrasiya etməkdə olan kəpənəklərdir. Ölüm təhlükəsinin birdən-birə gözəlliyə çevrilməsi Şafakın sehrli fəndlərindən biridir.
Romanın hekayəsini nəql edən əncir ağacına gəlincə, o, həm psixoanalitik, həm tarixçi, həm bilik ağacı, həm də sirr dağarcığıdır. Özünün pessimist olduğunu etiraf edən ağacın özü də posttravmatik stress pozğunluğundan əziyyət çəkir. Bu əncir ağacı həm səxavətli, həm müdrik, həm də bir az zarafatcıldır…