İlham Əliyev Putinə zəng edib

Azərbaycan  və Rusiya prezidentləri İlham Əliyev (solda) və Vladimir Putin (Arxiv fotosu)

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 14-də Rusiya Prezidenti Vladimir Putinə zəng edib.

Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, telefon söhbəti zamanı iqtisadi-ticari əməkdaşlığın, o cümlədən energetika və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivləri geniş müzakirə olunub.

Mətbuat xidməti bildirir ki, Cənubi Qafqaz regionunda cari vəziyyət barədə də ətraflı fikir mübadiləsi aparılıb.

Buna da bax: Qriqoryanın 'Yerevanın təklifində Qarabağ da var' bəyanatına Bakıdan cavab

Habelə vurğulandığına görə, Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədilə ardıcıl tədbirlərin görülməsinin əhəmiyyəti qeyd edilib:

“Bu kontekstdə Rusiya, Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə əldə olunmuş müvafiq razılaşmaların qeyd-şərtsiz yerinə yetirilməsinin vacibliyi vurğulanıb.”

Mətbuat xidmətinin məlumatına görə, təmasların müxtəlif formatlarda davam etdiriləcəyi qeyd olunub.

Buna da bax: Moskva ittihamları rədd edir, Moldova hava məkanını bağlayır

Azərbaycan Ermənistan danışıqları

Son iki ildə müəyyən fasilələrlə Azərbaycanla Ermənistan arasında həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparılıb. Amma ötən ilin sonlarında hər iki xətt üzrə danışıqlar dayanıb.

Azərbaycan rəsmiləri Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqların dayanmasına səbəb kimi Ermənistanın bu danışıqlarda Fransa prezidentinin iştirakını istəməsini göstərib.

Bir qədər sonra isə rəsmi Yerevan Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri səviyyəsində Moskvada planlaşdırılan üçtərəfli görüşdən Laçın dəhlizində yaranmış vəziyyətlə bağlı imtina etdiyini açıqlayıb.

Buna da bax: Avropada qaz ucuzlaşır, Azərbaycanda ÜDM azalır

Laçın dəhlizi

Ötən il dekabrın 12-dən Laçın-Xankəndi yoluna toplaşıb özlərini eko-fəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirirlər.

Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirlər.

Ermənistan tərəfi isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və humanitar böhran yaratmaqda ittiham edir.

Bununla belə ötən ay Avropa İttifaqı Şurası sərhəd ərazilərdə “sabitliyə töhfə vermək” məqsədi ilə Ermənistanda mülki missiya yaratmaq barədə razılığa gəlib.

Qurum bildirib ki, bu missiya vasitəsi ilə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində əlverişli mühitin və etimadın yaradılmasına çalışacaq.

Monitorinq missiyası iki il müddətinə müəyyənləşdirilib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Qarabağa vəsait haradan ayrılır: nazirliklər pulu xərcləyə bilmir?

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.