"İsrailin Azərbaycanla əlaqələrinə görə İran Azərbaycanı hədəfləmək kimi bir iş görməz”
Bunu Türkiyə prezidenti Recep Tayyip Erdoğan oktyabrın 21-də Afrika turundan qayıdarkən təyyarədə jurnalistlərin suallarına cavab verərkən deyib.
Jurnalistin Türkiyə prezidentinə ünvanladığı sualda deyilird: “İran Azərbaycan hökumətinin İsraillə münasibətlərinə diqqət çəkir. Türkiyə Qafqazda özünü daimi və fəal oyunçu kimi bərqərar etdikdən sonra İranın hərəkətləri qaynar böhran vəziyyətinə çata bilərmi?”
Türkiyə prezidentinin rəsmi saytında dərc olunmuş məlumatda deyilir ki, Erdoğan hadisələrin belə inkişafını şəxsən gözləmədiyini bildirib:
“Şəxsən mən bunu gözləmirəm. İsrailin Azərbaycanla əlaqələrinə görə İran Azərbaycanı hədəfləmək kimi bir iş görməz, çünki İranda nəzərəçarpacaq azərbaycanlı əhali var. Bu onları vəziyyəti nəzərə almağa vadar edir. Bu hərəkət yanlışdır və mən inanıram ki, İranın yeni administrasiyası belə yanlış addımları davam etdirməz”.
Buna da bax: Putin deyir, Qarabağda Rusiyasız mümkün deyil
Zəngəzur dəhlizi
Azərbaycana bu yaxınlarda nəzərdə tutulmuş səfəri barədə danışarkən Türkiyə prezidenti bildirib ki, Bakı gündəlikdə olmasa da, o Füzuli hava limanının açılışında iştirak edəcək.
Erdoğan deyib ki, o bundan başqa bir neçə yaxın avtomobil yollarının açılışına da qatılacaq. O bildirib ki, Türkiyənin “Zəngəzur dəhlizi” barədə mövqeyi dəyişməyib:
“Bizim Zəngəzur dəhlizini açmaq qətiyyətimiz dəyişməyib. Yeri gəmişkən, biz Azərbaycana minaaxtaranlar vermişik və bu işi davam etdirəcəyik”.
Erdoğan xatırladıb ki, belə avadanlıqdan Toqo və Burkina Fasoya da verilib.
Erdoğanın Qərbi Afrika ölkələrinə səfər turu oktyabrın 17-də başlanmışdı.