Əxlaq polisi saxlayandan sonra komaya düşən iranlı qız dəfn olunub

Armita Qəravəndin dəfni

Hicab qaydasına görə İranın əxlaq polisi ilə qarşıdurmadan sonra ağır xəsarət aldığı deyilən 17 yaşlı Armita Qəravənd oktyabrın 29-da Tehranda sərt təhlükəsizlik tədbirləri fonunda dəfn olunub.

Təsdiqlənməmiş məlumatlara görə, Qəravəndin iki qohumu daxil olmaqla bir neçə nəfər Tehranın cənubundakı Behişti Zəhra qəbiristanlığında dəfn mərasimi zamanı saxlanılıb.

Saxlananlar döyülüb

İnsan haqları fəalı Reza Xandan AzadlıqRadiosunun fars xidməti - Radio Fərda-ya deyib ki, həyat yoldaşı, tanınmış insan haqları vəkili Nəsrin Sutude dəfn mərasimində döyülüb və saxlanılıb. Xəndan bir neçə iştirakçının da saxlandığını, döyüldüyünü bildirib. Sonradan bir neçəsi buraxılıb, Sutude daxil olmaqla bəziləri isə həbsdə qalıb. Xəndan həyat yoldaşı ilə əlaqə yarada bilmədiyini söyləyib.

İranın yarırəsmi "Fars" xəbər agentliyi Sutudenin saxlandığını təsdiqləyib, ona İslam respublikasının milli baş örtüyü qanununu pozmağa görə ittiham irəli sürülüb.

Sutude daha öncə də müxalifət fəallarını, məcburi baş örtüyünü çıxarmağa görə təqib olunan qadınları təmsil etdiyinə görə həbs olunub.

Sosial mediada yayılan videolarda dəfn mərasiminə kişi və qadınlar daxil olmaqla xeyli sayda adamın qatıldığı görünür.

İranın dövlət mediası Qəravəndin ölümü haqda oktyabrın 28-də məlumat yayıb. O təxminən bir ay öncə Tehran metrosunda yıxılaraq komaya düşmüşdü.

Qəravənd hicab geyinmədiyinə görə oktyabrın əvvəlində metroda əxlaq polisi tərəfindən saxlanılıb.

Onun ölüm xəbərindən bir il öncə isə 22 yaşlı Məhsa Əmini hicab qaydasını pozduğuna görə əxlaq polisi tərəfindən saxlanılıb, üç gün sonra vəfat edib. Onun ölümü ölkədə böyük etirazlara yol açıb.

Sərt təhlükəsizlik tədbirləri

Qəravəndin qohumu Radio Fərda-ya deyib ki, təhlükəsizlik agentləri ailəyə meyitin bir şərtlə veriləcəyini deyiblər – dəfn qızın Kirmanşah vilayətindəki doğma kəndində deyil, Tehranda keçirilsin.

"Tehranda yaşayırıq, amma ölümüzü burada basdırmaq istəmirik. Armitanın meyitini alacağımıza ümid edirik", – ailə üzvü bildirib.

Armita Qəravənd

Metro insidentindən sonra hakimiyyət Qəravəndin ailə üzvlərini təcrid edib, jurnalistlərin onlarla kontakt qurmasını önləməyə çalışıb. Oktyabrın 28-də görülən təhlükəsizlik tədbirləri hakimiyyətin ölkədə etirazların yenidən başlayacağıdan qorxmasına dair şübhələrə yol açıb.

Qəravəndin metroda saxlanarkən fiziki hücuma məruz qaldığı, daha sonra metroda vaqona minərkən huşunu itirdiyi bildirilir. Rəsmilər onun qan təzyiqinin qəfil düşdüyünü, yıxılarkən başının əzildiyini deyirlər. Fəcr xəstəxanasındakı mənbə qızın daxili beyin qanaması keçirdiyini söyləmişdi.

Birləşmiş Ştatlar oktyabrın 29-da Qəravəndin ölümündən dərindən kədərləndiyini bildirib.

Bu ayın əvvəlində Əmini və onun ölümdən sonra başlamış "Qadın, Həyat, Azadlıq" hərəkatı Avropa parlamentinin düşüncə azadlığına görə Saxarov Mükafatına layiq görülüb. Həbsdə olan insan haqları fəalı Nərgiz Məhəmmədi isə Nobel Sülh Mükafatı alıb.