İstanbul Universitetinin azərbaycanlı doktorantı Fazil Qasımova 9 il həbs cəzası kəsilib. Martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona belə hökm oxunub. İlyarımdır həbsdə olan alim Cinayət Məcəlləsinin 204.3.1-ci (saxta pul hazırlama, əldə etmə və ya satma, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsiylə təqsirli sayılıb.
Cinayət işinin materiallarında iddia edilir ki, o, 2023-cü ilin iyununda İstanbulda iqtisadçı Qubad İbadoğlu ilə görüşüb və ona da saxta yüzlük dollarlar verib. Q.İbadoğlu da həmin saxta əskinasları Bakıya gətirib, bir bölümünü Anar Əliyev adlı şəxsə verib.
A.Əliyev F.Qasımovla birlikdə mühakimə olunsa da, saxta puldan əlavə, həm də qanunsuz silah saxlamaqda suçlandığından ona 5 il həbs cəzası kəsilib.
Hökmdən öncə son sözünü deyən təqsirləndirilən F.Qasımov saxta pul ittihamının tam uydurma olduğunu bildirərək məhkəmə prosesi boyunca hüquqlarının pozulduğunu, əksinə, ona qarşı cinayət törədildiyini vurğulayıb: "Həqiqətin üzə çıxarılması üçün verdiyimiz vəsatətlərin heç biri təmin olunmadı. Anar Əliyevin yalan ifadəsi ilə bir alimi məhv edirlər".
"Ədalətli, obyektiv məhkəmə olsaydı, şübhəsiz ki..."
F.Qasımov İstanbulda Q.İbadoğluya saxta valyuta verməkdə suçlandığına, Q.İbadoğlunun özünün də istintaqda ifadəsində bunu təkzib etdiyinə diqqət çəkib. Ortada bunun əksini təsdiqləyən başqa sübut da yoxdur: "Qubad İbadoğlunun nə özünü çağırıb dindirdiniz, nə də istintaqdakı ifadəsini elan etdiniz".

Fuad Ağayev
Vəkil Fuad Ağayev də müvəkkilinin təqsirsiz olduğunu deyir. Vəkil həm istər Q.İbadoğlunun, istərsə F.Qasımovun əleyhinə ifadə vermiş A.Əliyevin daha öncə dələduzluğa görə məhkum olunduğunu vurğulayıb. A.Əliyev özünü daxili işlər naziri müavininin kirvəsi, həm də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim edib daxili işlər orqanlarına işə düzəltmək adıyla pul alıb.
"Məhkəmə prosesi çox ciddi qanun pozuntuları ilə keçirildi. Belə məhkəmə olmur. Əgər ədalətli, obyektiv məhkəmə olsaydı, şübhəsiz ki, Fazil Qasımova bəraət verilərdi", - vəkil F.Ağayevin sözləridir.
O, hökmdən apellyasiya şikayəti verəcəklərini də sözlərinə əlavə edib.
F.Qasımov məhkəməyə ifadəsində bildirib ki, 2023-cü ilin avqustunda İstanbulda saxlanılıb Bakıya gətiriləndən sonra bir aya yaxın müddətdə onu Q.İbadoğlu ilə birlikdə yaratdıqları Azərbaycan Gənclərinin Təhsil Fondu barədə sorğu-suala çəkiblər.
2023-cü ilin yayında Q.İbadoğlu Londonda bir sıra azərbaycanlı siyasətçi və fəalla birlikdə Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradıldığını açıqlayıb. O, Azərbaycan məmurlarının xarici ölkələrdəki qanunsuz yolla əldə etdiyi vəsaitlərin bu fonda köçürülməsi və gənclərin təhsilinə sərf olunması üçün çalışacaqlarını bəyan edib.
Qubad İbadoğlu
Xatırlatma
Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADRP) keçmiş sədri, iqtisadçı professor Q.İbadoğlu 2023-cü ilin iyulunda Cinayət Məcəlləsinin 204.3.1-ci (mütəşəkkil dəstə tərəfindən saxta pul hazırlama, əldə etmə, satma) maddəsiylə həbs edilmişdi.
O, saxlandığı gün təşkilatın ofisində axtarış aparılmış və 40 min dollar tapıldığı və bunun bir hissəsinin saxta olduğu iddia edilmişdi. Təqsirləndirilən professorsa bu pulların ofisə elə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən atıldığını bəyan etmişdi.
İstintaqın gedişində Q.İbadoğluya Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddələriylə ittiham verilsə də, o bu ittihamı da qəbul etmir, cinayət işində yazılanların yalanlayır.
Onun tanışı olan alim F.Qasımov 2023-cü il avqustun 8-də İstanbulda saxlanılaraq Bakıya gətirilib.
Q.İbadoğlu aprelin 22-də ev dustaqlığına buraxılıb, daha sonra onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib və bir neçə ay sonra onunla bağlı cinayət işi ümumi işdən ayrılıb.
Q.İbadoğlu həbsdən çıxandan bir müddət sonra rəhbərlik etdiyi partiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. ADRP İdarə Heyəti partiyanın fəaliyyətini dayandırmasını qeydiyyata alınmamasıyla əsaslandırıb.