Ramil Usubov: ''Hizmet'lə bağlı tədbirlər davam edir'

Fethullah Gülen

Türkiyədə baş verən 15 iyul hadisələrindən dərhal sonra Azərbaycanda müxtəlif sahələrdə və strukturlarda fəaliyyət göstərən “Hizmet hərəkatı”na mənsub şəxslərin aşkarlanması istiqamətində lazımi tədbirlər görülüb. Bu tədbirlər prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilib.

Daxili işlər naziri Ramil Usubov noyabrın 11-də Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Erkan Özoralla görüşündə bunu deyib.

Buna da bax:​ Türk məktəblərinin adları dəyişdirildi

Bu haqda nazirliyin internet saytı xəbər verir.

R.Usubov deyib ki, avqustun 12-də cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, tədbirlər davam etdirilir.

Görüşdə mövcud problemlərə də toxunulduğu bildirilir.

R.Usubov beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiya ilə mübarizənin diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Buna da bax: Ankara Vaşinqtondan Gülenin həbsini istədi

Səfir E.Özoral Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Azərbaycanın dəstəyinə görə, təşəkkür edib. O, diplomatik fəaliyyəti dövründə ikitərəfli əməkdaşlığın daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyini deyib.

Türkiyə hökumətinin üzvləri hesab edirlər ki, bu ölkədə iyulun 15-də baş verən çevriliş cəhdini hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fetullah Gülen himayə edib. Fetullah Gülenin özü bu iddiaları yalanlayıb.

Buna da bax:​ Ramil Usubov Türkiyədə ANS-in qapadılmasından danışıb

Həmin hadisələrdən sonra, F.Gülenin tərəfdarlarının yaratdığı “Hizmet” təşkilatı ilə Azərbaycanda bağlantılarda günahlandırılan bir neçə şəxsin saxlandığı bildirilib. Onlar da müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları olub. Həmin şəxslər də ittihamları qəbul etmir. AXCP hesab edir ki, hakimiyyətin bunda məqsədi rəqiblərini sıradan çıxarmaq və Fetullah Gülenlə gerçəkdə yaxın olan şəxsləri himayə etməkdir.