Gürcüstanın əsas aviaşirkəti olan Georgian Airways rusiyalılar üçün Avropanın bir neçə şəhərinə Tbilisidən keçməklə tranzit reyslər təşkil etmək planlarını açıqlayıb.
Siyasi şərhçilər bildirirlər ki, Tbilisinin bu addımı Vaşinqtonda və Brüsseldə narazılıq və etiraz yaradacaq.
ABŞ və Avropa İttifaqı Rusiya təyyarələrinin onların hava məkanına daxil olmasını qadağan edib.
Onların Rusiyaya qarşı sanksiyaları Moskvanın Ukraynaya qarşı təcavüzə görə təcrid edilməsi məqsədi güdür.
Aviaşirkətin təsisçisi Tamaz Qayyaşvili mayın 25-də Rusiyanın RTVI telekanalına deyib ki, onun şirkəti Tbilisidən keçməklə Moskvadan Avropanın Milan, Paris, Vyana, Larnaka və Saloniki şəhərlərinə uçuşlar həyata keçirəcək.
Buna da bax: Ermənistan KTMT-nin iclasına qatılmayıb, Paşinyan Zaxarovanı acılayıbMüharibə yaddan çıxıb?
Gürcüstan və Rusiya arasında birbaşa uçuşlar bu ayın əvvəllərində Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə bərpa olunub.
Moskva Gürcüstanla birbaşa hava nəqliyyatı əlaqəsini dörd il əvvəl Tbilisidə keçirilən anti-Kreml etirazlarına görə dayandırmışdı.
Hazırda rusiyalılar Qərbin sanksiyalarından yayınmaq məqsədilə İstanbul, Dubay, Yerevan və Belqrad tranzitlərindən istifadə edirlər.
Putin habelə Gürcüstanla viza rejimini birtərəfli qaydada ləğv edib. Mayın 15-dən gürcüstanlılar Rusiyada 90 gün müddətində vizasız qala bilərlər.
2008-ci ildə Rusiya və Gürcüstan arasında baş vermiş qısa müharibədən sonra iki ölkə arasında diplomatik münasibətlər yoxdur.
Bu müharibədə məğlub olan Gürcüstan özünün Abxaziya və Cənubi Osetiya separatçı bölgələri üzərində nəzarətini itirib.
Buna da bax: Gürcüstanın hava yolları şirkəti prezidenti təyyarələrinə buraxmayacağını deyir...Prezidentə qadağan qoyan şirkət
Buna baxmayaraq Gürcüstan hökuməti Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulmayıb, amma Rusiyanın Ukraynaya təcavüzünü pisləyən bütün BMT qətnamələrinin leyhinə səs verib.
Gürcüstan habelə müharibəyə görə didərgin düşən Ukrayna qaçqınlarını qəbul edib.
Eyni zamanda 3.7 milyonluq əhalisi olan Gürcüstan Rusiyada səfərbərlikdən qaçanlar üçün əsas istiqamətə çevrilib.
Gürcüstan qanunlarına görə rusiyalılar bu ölkədə bir il müddətində vizasız yaşaya bilərlər.
Gürcüstan hökumətindən fərqli olaraq prezident Salome Zurabişvili Gürcüstan və Rusiya arasında birbaşa uçuşların bərpa olunmasını sərt tənqid edib.
Tbilisidə mənzillənən Georgian Airways şirkəti bildirib ki, Zurabişviliyə aviaşirkətin xidmətlərindən istifadə etməyi yasaqlayıb. Çünki prezident Tbilisi və Moskva arasında birbaşa reyslərin boykotuna çağırmışdı.
Buna da bax: Gürcüstan Qərblə Rusiya arasında. Tarazlaşdırma çətinləşirŞirkətin gözləntiləri doğrulmayıb
Avropa İttifaqı Gürcüstanla Rusiya arasında birbaşa uçuşların bərpası ilə bağlı təəssüfünü bildirib və qeyd edib ki, bu addım Gürcüstanın Aİ üzvü olmaq istəklərinə kölgə salır.
ABŞ isə Gürcüstanı mümkün sanksiyalarla hədələmişdi.
Qayyaşvili bununla yanaşı bildirib ki, Rusiyadan tranzit reyslərlə bağlı problemlər hələ tam yoluna qoyulmayıb, çünki hava limanı bu qədər sərnişinin yoxlanması və müşahidəsi üçün lazımi şəraitə malik deyil.
Şirkət sahibi deyib ki, Rusiyadan Tbilisiyə gələn sərnişinlərin sayı çox azdır və biletlərin yalnız 40 faizi satılır:
"Bizim gözləntimiz fərqli idi”.
Belə görünür ki, Georgian Airways rusiyalılar üçün tranzit düzəltməklə bu “kəsiri” aradan qaldırmaq istəyir.