‘Referendumdan sonra çox ciddi proseslər baş verə bilər’

Siyasi ekspert Azər Rəşidoğlu

Son günlər Azərbaycanda bir neçə siyasi fəalın saxlanması həbs dalğasının artacağı sarıdan narahatlıq yaradıb. Baş Prokurorluq bildirir ki, Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fethullah Gülen tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə cinayət işi başlanıb. Qeyd edək ki, Gülen Türkiyə hakimiyyətinin ittihamlarını rədd edir.

Buna da bax: Azərbaycanda yeni ittiham: Gülençi

«Bəzi məlumatlara görə, referendumdan sonra dövlət başçısı parlamenti buraxmaq və erkən parlament seçkilərinə getmək istəyir»

Bir çox siyasətçilərin qənaətincə, əslində, hakimiyyət «Gülen camaatı» adından yararlanmaqla ölkədə sentyabrın 26-da keçiriləcək Konstitusiyaya dəyişikliklərlə bağlı mümkün etirazları əngəlləmək istəyir. Siyasi şərhçi Azər Rəşidoğlu da AzadlıqRadiosu-na bu fikirdə olduğunu bildirir:

– Mən hesab edirəm ki, referenduma hazırlıq gedir. Cəmiyyətin zəif olduğu bir dönəmdə hakimiyyət referendumu son dərəcə sakit bir tərzdə keçirmək istəyir. Amma hakimiyyət fikirləşir ki, cəmiyyətdəki narazılar buna mane ola bilərlər. Həm də artıq uzun müddətdir ki, Azərbaycanda sərt idarəçilik davam edir. Əvvəlcədən də proqnozlaşdırıldığı kimi, referenduma az qalmış həbs dalğası genişlənə, narazı elektoratın avanqard qüvvələrini əhatələyə bilər.

Buna da bax: Əli Kərimli ona qarşı "Gülençi" ittihamları barədə

– Yəni həbslər davam edə bilər?

«Güman edirəm Putin və Erdoğan arasında da Azərbaycanla bağlı müəyyən bir razılaşma mövcuddur»

– Bəli, güman edirəm ki, bu həbslər davam edəcək. Protest elektoratını mobilizə edə bilən insanların böyük bir qismi ən müxtəlif təzyiqlərlə üzləşə bilərlər. Burda bir məqama diqqət yetirmək lazımdır ki, daha çox təzyiqlərə məruz qalanlar avroatlantik məkana inteqrasiya tərəfdarlarıdır. ReAL Hərəkatının icraçı direktoru Natiq Cəfərlinin həbsi «QHT işi» adlanan məsələni gündəmə gətirir. Baxmayaraq ki, Qərb təsisatlarından donor yoluyla qrant alan təşkilat rəhbərlərinin bir çoxu ölkədə yoxdur. Bir hissəsi də artıq həbsdə olub və buraxılıb. Güman edirəm ki, Putin və Erdoğan arasında da Azərbaycanla bağlı müəyyən bir razılaşma mövcuddur. «Gülen tərəfdarlarının həbsi» ittihamı cəmiyyətdə ciddi qarşılanmasa da, bu dalğada həbslərin gedəcəyini ehtimal edə bilərik.

Buna da bax: Rövşən Lənkəranskinin ölümü niyə belə diqqət mərkəzindədir? [AzadlıqLive]

«Erdoğan və Putinin razılaşmasına görə, məhz Gülen adı altında avroatlantik məkana inteqrasiya tərəfdarlarının zərərsizləşdirilməsi prosesi gedir».

Bu gün Rusiyayla Türkiyənin yaxınlaşması nəticəsində «Türkiyə Azərbaycanı qurban verə bilərmi» sualı da meydana çıxır. Rusiya «sülhməramlılar» adı ilə Dağlıq Qarabağa – Azərbaycana rus qoşunlarının qayıtmasını istəyir. Bu məsələdə Türkiyənin mövqeyi önəmlidir. Türkiyə bu məsələdə sakit seyrçi qalarsa, Rusiya öz qoşunlarını Azərbaycana yeridə bilər. Bu baxımdan, avroatlantik məkana inteqrasiya tərəfdarları olan fəallar bu plana qarşı çıxa bilərlər. Görünən də budur ki, Erdoğanla Putin arasında hansısa bir razılaşma var. Söhbət Azərbaycandakı avroatlantik məkana inteqrasiya tərəfdarlarının təqibi, onların zərərsizləşdirilməsindən gedir. Hesab edirəm ki, yaxın günlərdə həbs dalğası davam edəcək.

Buna da bax: Faiq Əmirli maşınından çıxan kitabların ona aid olmadığını deyir [video]

«Referenduma qədər və referendumdan sonra çox ciddi proseslər baş verə bilər»

Konkret adlar çəkmək istəməzdim. Hər halda, fors-major situasiyada kütlənin lideri ola biləcək siyasi xadimlər, ictimai fəallar və jurnalistlər həbs oluna bilər. Azərbaycanda ən müxtəlif ağlasığmaz kataklizmlər, hadisələrin cərəyan edəcəyini də güman edə bilərik. Referenduma qədər və referendumdan sonra çox ciddi proseslər baş verə bilər. Bəzi məlumatlara görə, referendumdan sonra dövlət başçısı parlamenti buraxmaq və erkən parlament seçkilərinə getmək istəyir. Bu baxımdan, ölkədə siyasi təlatümlər, eyni zamanda, klanlararası mübarizənin dərinləşə biləcəyi də qaçılmazdır. Ona görə də indi baş verənləri profilaktik tədbir kimi qiymətləndirmək olar. Hakimiyyət müəyyən mənada profilaktik tədbirlər həyata keçirir.

Buna da bax: Nardaran işi: 'Sanki topuq, kim hardan gəldi, təpikləyirdi'

– Həbslər referenduma hesablanıbsa, 3-4 aylıq, yoxsa uzunmüddətli ola bilər?

«Narahatıq», «olduqca narahatıq», «çox narahatıq» kimi ifadələrlə manipulyasiya ediləcəksə, həbslər uzunmüddətli olacaq...»

– Güman edirəm ki, 3-4 aylıq yox, uzunmüddətli ola bilər. Bu məsələdə hər şey Avropa qurumlarının, demokratik təsisatların, Qərbin və ən əsası, ABŞ-ın reaksiyasından asılı olacaq. «Narahatıq», «olduqca narahatıq», «çox narahatıq» kimi ifadələrlə manipulyasiya ediləcəksə, həbslər uzunmüddətli olacaq. Siyasi dildən tərcümədə «dərhal həbsdən azad olunsun» fikri də əslində həmin adamların dərhal azad olunması tələbi deyil. Əgər həbslər liderləri əhatə edəcəksə, bu vaxt Qərbin Azərbaycana qarşı müəyyən sanksiyalar tətbiq etmək ehtimalı yaranacaq. Lakin Rusiya Azərbaycana öz qoşununu yeritmək istəyirsə, bu məsələdə hakimiyyətin manevr müstəvisi genişlənir. Əgər Azərbaycan hakimiyyəti Erdoğanın razılığı ilə rus qoşunlarının Azərbaycana qayıtmasına razılıq verəcəksə, bu baxımdan, Qərbin son həbslərə mövqeyi çox kəskin olacaq və sanksiyalar tətbiq edəcək. Yox, əgər rəsmi Bakı yenə manevr siyasətini davam etdirəcəksə, «narahatıq» kimi bəyanatlardan uzağa gedəcək heç bir addım atılmayacaq. Güman edirəm ki, cəmiyyət özü son dərəcə passiv olmasaydı, bütün bunlar baş verməyəcəkdi. Cəmiyyət öz hüququnu və gələcəyini düşünməlidir.

Buna da bax: Gizli diplomatiya Türk-Rus böhranını belə bitirdi

«Cəmiyyət özü son dərəcə passiv olmasaydı, bütün bunlar baş verməyəcəkdi».

Cəmiyyəti sivil və demokratik formada, dinc mübarizə üsulları ilə fəallaşdırmaq lazım gələcək. Bu da bir qədər uzun prosesdir və hazırkı mərhələdə o qədər də real görünmür. Lakin Rövşən Lənkəranski adlı kriminal aləmin nümayəndəsinin dəfni də göstərdi ki, Azərbaycanda istənilən anda fors-major situasiya yarana bilər. Həmin situasiyada kimin lider ola biləcəyi və ənənəvi, tamamilə qeyri-ənənəvi şüarlar söyləyə biləcəyi istisna deyil. Bu baxımdan, avroatlantik məkana inteqrasiya tərəfdarları, o cümlədən, Avropa qurumları Azərbaycandakı prosesləri ciddi izləməlidirlər. Rusiya və İran olduqca yaxındır. Ərəb ölkələrinin dini və digər sahələrdə ekspansiyası elə də uzaq görünmür. Bu baxımdan, demokratik təsisatların inkişafı, insan haqlarının qorunması vacibdir.

Buna da bax: REAL: «Natiq Cəfərlinin həbsi İlham Əliyevin göstərişi ilə olub»

– Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib ki, «FETÖ»çuların buradakı tərəfdarlarının hamısı üzə çıxarılacaq və bu təşkilat birbaşa tərəfdarları ilə bərabər, ölkədəki bəzi müxalifət qurumları ilə də əlaqəlidir».

Buna da bax: İlham Əliyev «atasından qalma mirasın girovudur»

«Rövşən Lənkəranski adlı kriminal aləmin nümayəndəsinin dəfni də göstərdi ki, Azərbaycanda istənilən anda fors-major situasiya yarana bilər».

– Azərbaycanda Fethullah Gülen-ə bağlı insanların olması istisna deyil. Türkiyədəki son həbslər açıq-aydın repressiya və hakimiyyətin rəqiblərinə qarşı addımlardır. Gülen şəbəkəsi ciddi bir şəbəkədir. Lakin güman eləmirəm ki, Fetullah Gülen-in müxalifətdə ciddi tərəfdarları olsun. Çünki Gülen konsepsiyası istənilən ölkədə hakimiyyət və iş adamları ilə işləmək deməkdir. Bu baxımdan, ictimai-siyasi proseslərə, ictimai rəyə heç bir təsir imkanları olmayan müxalifətçilər arasında Gülen-in özünə tərəfdar toplaması ağlabatan deyil. Güman edirəm ki, Azərbaycanda Gülen tərəfdarları kifayət qədər ciddi qüvvə kimi mövcud ola bilər. Ancaq onları müxalifət arasında yox, hakimiyyət arasında və iş adamları arasında axtarmaq lazımdır. Sadəcə olaraq, Erdoğan və Putinin razılaşmasına görə, məhz Gülen adı altında avroatlantik məkana inteqrasiya tərəfdarlarının zərərsizləşdirilməsi prosesi gedir. Bu baxımdan, Novruz Məmmədovun bəyanatı da həmin təqiblərin davamının anonsu və xəbərçisi kimi qiymətləndirilə bilər. Çox böyük ehtimalla, yaxın günlərdə həbslər də davam edəcək.

Buna da bax: Referendumun nəticələri oktyabrın 21-dək açıqlanacaq

Buna da bax: «Avtoritet»in dəfni [fotolar]

Avtoritetin dəfni