‘Amma Heydər Əliyev ərazilərin qaytarılmasına nail olmadı’

Heydər Əliyev 1 may nümayişində çıxış edir, 1 may 1971

İyulun 14-də keçmiş prezident Heydər Əliyevin Azərbaycan SSRİ-yə birinci katib təyin olunmasından 50 il ötür. 1969-cu ilin iyulunda Azərbaycan SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri Heydər Əliyev respublikanın yerli partiya təşkilatına birinci katib təyin edildi. O, bu vəzifədə 10 il çalışmış Vəli Axundov-u əvəz edirdi.

Hazırda hakim partiya üzvləri, rəsmi təbliğat Heydər Əliyevin birinci katib təyin edilməsini Azərbaycan üçün “yeni dönəmin başlanması, qurtuluş” kimi təqdim edirsə, müxalifət əksini düşünür. Siyasi hakimiyyət onu “ümummilli lider”, “xilaskar” adlandırırsa, müxalifət onun ölkədə bütün siyasi-iqtisadi azadlıqları boğmaqda, siyasi rəqiblərini, tənqidçilərini sıradan çıxarmaqda, hakimiyyətin atadan oğula keçidinə şərait yaratmaqda ittiham edir. Onun sovet dövründəki fəaliyyətindən danışan tənqidçilər keçici bayraqlar almaqdan ötrü “pambıq, üzüm pripiskaları”na vüsət verdiyini, ölkədə ərzaq qıtlığı yaşandığını, əhalinin kərə yağı almaq üçün qonşu respublikalara üz tutduğunu söyləyirlər.

Deputat: “O, müstəqilliyin qorunub saxlanılmasına xidmət etdi”

Elman Məmmədov, 13 iyul 2010

Heydər Əliyevi “tarixi şəxsiyyət” adlandıran hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Elman Məmmədov onun hələ 1969-cu ildən Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi kimi respublikanı qısa müddətdə inkişaf etdirdiyini bildirir. Onun sözlərinə görə, Azərbaycan çox az zamanda ittifaq respublikaları arasında irəlidə gedən respublikaya çevrildi, bütün sahələrdə inkişaf start götürdü.

“O dövrün göstəricilərinə nəzər salınsa, görərsiniz ki, 1969-cu ilə qədər bütün iqtisadi göstəricilərə görə Azərbaycan 15 müttəfiq respublika arasında sonuncu sıralardaydı. Ancaq Heydər Əliyevin gəlişindən sonra bu gerilik aradan qaldırıldı, nəticədə Azərbaycan iqtisadi və başqa sahələrdə ilkin sıralarda qərar tutdu. Ona görə də Azərbaycandakı inkişaf və quruculuq işləri o dövrün bütün göstəricilərində öz əksini tapır. Bu mənada ötən əsrin 70-ci illəri inkişaf və çiçəklənmə dövrü idi”, - deputat söyləyir.

Elman Məmmədov həmin illərin siyasi ədəbiyyatda durğunluq, iqtisadiyyatda isə “pambıq pripiskası” adlandırılması ilə razılaşmır:

“Əgər kənd təsərrüfatının üzümçülük, pamçılıq sahələrini araşdırsanız, hər il Azərbaycanın keçici qırmızı bayraqlar aldığını görərsiniz”. Deputat “Həmin bayraqları başqa respublikalar da alırdı” replikasına belə reaksiya verir: “Təbii ki, başqaları dayanıb gözləməyəcəkdi ki. Hamı yaşayırdı, hamı da almalıydı. Mən Azərbaycanın göstəriclərindən danışıram. Heydər Əliyevə qədər bu olmamışdı. İkincisi, o dövrdə SSRİ-nin aparıcı təhsil müəssisələrinə nə qədər azərbaycanlı gənc oxumağa göndərildi, bu göstəricləri saymaqla bitən deyil”.

Buna da bax: Heydər Əliyevin hakimiyyətə gəlişinin 45 ili tamam olur

Deputat daha bir problemə diqqət yönəldir. O, həmin illərdə Azərbaycanda yaşayan erməniləri Dağlıq Qarabağın ayrılması məsələsini gündəmə gətirdiklərini xatıraldır, ancaq o zaman istədiklərinə nail ola bilmədiklərini qeyd edir:

“Mən bir faktı xatırladacam, 1965-ci ildə Dağlıq Qarabağda ermənilər fəallaşmışdılar, mən o zaman Xankəndində 9-cu sinifdə oxuyurdum. 1967-ci ildə bu, bir məhkəmə prosesindən çıxarılan 3 azərbaycanlının vəhşicəsinə yandırılıb öldürülməsi ilə nəticələndi. Heydər Əliyev DTK rəhbəri kimi cinayətkarların cəzalandırılmasında xüsusi rol oynadı, nəticədə həmin separatçı dalğa söndürüldü. 1969-cu ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra ermənilər Moskvaya müraciət etsələr də, onun nüfuzu və şəxsiyyəti separatçılığın qarşısını alırdı. Ermənilər yalnız Qorbaçov Heydər Əliyevi Siyasi Bürodan uzaqlaşdırandan sonra bu məsələni gündəmə gətirdilər. O zaman ermənilərin əlinə fürsət düşdü, istədiklərinə nail oldular”.

Elman Məmmədov Heydər Əliyevin ikinci dəfə, 1993-cü ildə hakimiyyətə gəlişini dəyərləndirərkən “O, müstəqilliyin qorunub saxlanılmasına xidmət etdi” söyləyir. “O zaman dövlətçilik məhv olmaq təhlükəsi qarşısında idi, ölkə vətəndaş müharibəsi ərəfəsindəydi”, - deyə deputat əlavə edir.

Rauf Mirqədirov: “İkinci dəfə hakimiyyəti ələ keçirməsi şəxsi sədaqət, yerliçilik, güclü əl siyasəti”nin nəticəsi idi”

Rauf Mirqədirov, 14 sentyabr 2009

Mühacirətdə olan siyasi şərhçi Rauf Mirqədirov bildirir ki, Heydər Əliyevin birinci katib təyin olunması ilə respublikanın aparıcı şəhərləri, Bakı, Gəncə, Sumqayıt, bir tərəfdən milliləşdisə də, digər tərəfdən əyalət şəhərlərinə çevrildilər. Onun sözlərinə görə, yerli əhalinin sənaye mərkəzlərinə axını şəhərlərin milliləşməsinə səbəb oldu, bu pozitiv proses idi. Ancaq o, bu şəhərlərin “əyalətləşməsinə” təəssüflənir, hesab edir ki, “şəhərdə əyalət psixologiyasının üstünlük təşkil etməsi gələcək üçün siyasi-mədəni və mental baxımdan ciddi poroblemlər yaratdı”.

Siyasi şərhçi də başqa tənqidçilər kimi həmin dövrdə yerliçilik motivinin gücləndiyini düşünür.

“Amma yerliçiliyin obyektiv səbəbləri vardı, məsələ ondadır ki, Ermənistandakı soydaşlarımız ikiqat zülmün altında olublar, bu, mühitin və ermənilərin türkə münasibətinin təsiri idi. Bu amillər onların formalaşmasında özünü göstərirdi. Onların Azərbaycana axın etdiyi həmin dövrdə sosial-iqtisadi vəziyyət o qədər də yaxşı deyildi, onlar yenə də həyat uğrunda mübarizə aparmalı və bir-birlərinə dəstək oldular”.

Adətən rəsmi təbliğatda Heydər Əliyevin birinci katib olduğu dövrdə ölkədə sənayeləşmənin sürətləndiyi, ölkədə yeni zavodlar, fabriklər açıldığı xüsusilə vurğulanır. Rauf Mirqədirovun sözlərinə görə, həmin dövrdə Azərbaycanın sənayesinin inkişafına nail olunsa da, o, ikinci dəfə, 1993-cü ildə hakimiyyətə gələndən sonra “sənayenin sonuna çıxdı”.

“Demək olar ki, sənaye inkişaf etdirilmədi. Deyə bilərlər ki, 1990-cı illərdə SSRİ-nin dağılması nəticəsində əlaqələr qırılmışdı və.s. Amma bunlar səbəb deyil, çünki sənayenin inkişafı üçün imkan var idi, ən azından bir misal xatırladacam, koreyalılar Azərbaycanda “Hunday” avtomobil zavodunu qurmaq istəyirdilər, amma onların qarşısına elə şərtlər qoydular ki, Orta Asiya respublikalarına getdilər. Ümumiyyətlə, Heydər Əliyevin birinci dövrdəki yaratdığı sənaye ikinci dövrdə məhv edildi”.

Heydər Əliyev və Leonid Brejnev, , Bakı, 1982

​Rauf Mirqədirov Heydər Əliyevin hakimiyyəti dövründə siyasi ab-havaya da toxunur:

“Xruşov yumşalmasından sonra hakimiyyətə gələn Brejnev “vintlər”i möhkəmlətsə də, Azərbaycanda avtoritarizm, şəxsiyyətə pərəstiş siyasətinin təbliği yalnız Heydər Əliyev birinci katib təyin olunandan sonra vüsət aldı. Prinsipcə, avtoritarizm, “dəmir əl”, şəxsiyyətə pərəstiş 1990-cı illərdə, onun yenidən qayıdışından sonra başladı. Belə bir təbliğat aparıldı ki, müharibə şəraitində demokratiya yox, güclü lider lazımdır. Ancaq güclü lider ərazilərin qaytarılmasına nail olmadı”.

Siyasi icmalçı Heydər Əliyevin ikinci dəfə hakimiyyəti “ələ keçirməsi”ni onun birinci katib olduğu dövrdə həyata keçirdiyi “şəxsi sədaqət, yerliçilik, güclü əl siyasəti”nin nəticəsi sayır.