Vaşinqton hərbi canilər üçün ‘hibrid məhkəmə’ni dəstəkləyir

Dr. Bet van Şaak

Vaşinqton Ukraynada hərbi cinayətlər törədənlər üçün xüsusi tribunalın yaradılmasını dəstəkləyir.

Bu barədə məlumatı ABŞ Dövlət Departamentinin qlobal cinayət təqibi məsələləri üzrə səfiri Bet van Şaak (Beth Van Schaack)verib.

“Nürnberq prinsipləri” adlı konfransda çıxışı zamanı xanım Van Şaak deyib ki, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının ən yaxşı modeli “hibrid tribunalın” yaradılması olardı.

O izah edib ki, söhbət Ukraynanın hüquqi sistemi üzərində, lakin beynəlxalq hüququn bəzi elementləri ilə qurulacaq məhkəmədən gedir.

Bet van Şaakın sözlərinə görə Ukraynanın rəsmi şəxsləri həm belə hibrid modeli, həm də daha müstəqil beynəlxalq təsisatı nəzərdən keçirirlər.

Qeyd olunur ki, müstəqil məhkəmənin BMT tərəfindən maliyyələşdirilməyə və dəstəyə ehtiyacı olacaq.

Bununla yanaşı BMT Baş Assambleyasında müstəqil məhkəmənin yaradılması üçün lazımi səslər toplanmaya bilər.

Buna da bax: Rusiya Yerevanın Haaqa məhkəməsinə qoşulmasını ‘yolverilməz’ sayır

Kiyevin narahatlığı

Kiyev bundan əvvəl “hibrid tribunal” variantını tənqid edib. Ukrayna hakimiyyəti narahatdır ki, belə məhkəmə Moskva nümayəndələrinin, o cümlədən Rusiya prezidenti Vladimir Putinin toxunulmazlığının ləğvi səlahiyyətinə malik olmaya bilər.

Martın 17-də Haaqadakı Beynəlxalq Cinayətlər Məhkəməsi (BCM) prezident Putinin, habelə Rusiya uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsi üçün order verib.

BCM onların hər ikisini Ukraynada hərbi cinayətlər törətməkdə - əhalinin, o cümlədən uşaqların zorla deportasiyasında şübhəli bilir.

Beynəlxalq hüquq bu əməlləri soyqırım kimi qiymətləndirə bilər.

Rusiya BCM-in yurisdiksiyasını tanımır və onun işində iştirak etmir.

Moksva bu məhkəmənin əsasını təşkil edən Roma statutundan 2016-cı ildə çıxıb.