İlham Əliyev – ‘supermen’, yoxsa işləməyən dövlət?

Sizin brauzer HTML5-i dəstəkləmir

Paşinyanla Əliyev 3 saatlıq görüşdən sonra jurnalistlərə nə dedilər?

Prezident İlham Əliyev Diqlas Ticarət Mərkəzində yanğında ziyan çəkənlərə dövlətin yardım edəcəyini elan edəndən sonra Facebook-da yarım milyona qədər izləyicisi olan Hamam Times səhifəsi belə bir mem paylaşıb və kinayə ilə yazıb:

“Yanğın olur, köməyə o gəlir! Daşqın olur, köməyə o gəlir! Zəlzələ olur, fərman verir! Qar yağır, müşavirə edir! Yumurta bahalaşır, iclas edir! O yaxşıdır! Rüşvətxorları dərxal xəbs etdirir! Əvəzolunmaz, superman!”

Bu memi Facebook-da 3 min adam bəyənib.

Prezidentin partiyası Yeni Azərbaycan Partiyasının Gənclər təşkilatı isə Facebook səhifəsində İlham Əliyevin bu addımını müsbət addım kimi qiymətləndirir:

“Prezident İlham Əliyev “Diqlas” Ticarət Mərkəzində baş verən yanğından zərərçəkən icarədarlara dəymiş ziyanın dövlət tərəfindən ödənilməsi ilə bağlı tapşırıq verdi. Bu, bir daha göstərdi ki, dövlət vətəndaşın yanındadır, bu dövlətin rəhbəri vətəndaşın probleminin həllini hər şeydən üstün tutur”.

Həmin statusu 193 nəfər bəyənib…

"Prezidentin hər işə müdaxiləsi qüsurlardan xəbər verir"

Müxalifətdəki ReAl partiyasının icra katibi Natiq Cəfərli deyir ki, prezidentin hər işə müdaxiləsi ölkənin idarəolunmasında ciddi qüsurlar olduğunu göstərir və bir nəfərin ölkəni əllə idarə etməsinə işarədir. Onun sözlərinə görə, həmin əl dövlət büdcəsindən pulu götürür və problemi həll edir, problemin səbəbi isə aradan qalxmır.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər deyir ki, bu tipli məsələlərin dövlət başçısı tərəfindən həll edilməsi normal deyil, normal ölkədə belə məsələlər qanunla həll edilməlidir və həlli şərtləri bəri başdan bəlli olmalıdır. Problem çıxarkən, qanun çərçivəsində və biznesin qaydalarına uyğun şəkildə həll edilməlidir.

İsa Gəmbər

İsa Qəmbər deyir ki, əslində, dəymiş ziyanı prezidentin büdcə hesabına ödəməsi xalqa ziyandır:

“Bir çox əlamətlərinə görə bu yanğın süni bir yanğındır. Bu yanğın müxtəlif oliqarxların, güc sahiblərinin mübarizəsinin nəticəsidir ortaya çıxır. Görünən odur ki, bunlar təşkil olunmuş yanğınlardır. Sığorta qurumları da bu insanların xərclərini ödəmir, bunu büdcənin hesabına ödəyirlər. Belə çıxır ki, yenə də hakimiyyət özünün tabeliyində olan, özünün maraqlarına xidmət edən bankların, sığorta qurumlarının həll etməli olan məsələləri dövlət büdcəsi hesabına həll edirlər. Əslinə qalsa, xalqa, vətəndaşa növbəti bir zərbə deyir”.

"Komandanın dövlət başçısı"

Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev öz Facebook səhifəsində yazır ki, “vətəndaşın kreditlərini dövlət qaytarır, əmanətlərini dövlət qaytarır, nəhəng bir bankın xarici borclarlarını dövlət qaytarır, iri şirkətlərini borclarını dövlət qaytarır, sahibkara dəyən ziyanı dövlət qaytarır və bu qədər yükə dövlət dözməz”.

Rövşən Ağayev deyir ki, bu qədər nəhəng yük dövlətin üzərində qalırsa, demək ki, sistem çalışmır - bank sistemi riskləri hesablaya bilmir, sığorta sistemi riskləri sığortalaya bilmir, yanğın təhlükəsizliyi öz sahəsinə aid riskləri görə bilmir, vergi sistemi şəffaf dövriyyə yarada bimir ki, sığorta mexanizmləri riskləri sığortalamağa çətinlik çəkməsin.

Buna da bax: Yanğından çıxan suallar: Sahibkar niyə sığorta eləmir, FHN niyə yoxlamır?

Amma Yeni Azərbaycan Partiyasından deputat Elman Məmmədov bununla razılaşmır, deyir ki, sistemdə problem yoxdur:

“Komandada dövlət başçısı var, hökumət başçısı var. Bu, bir komandadır. Bu komandaya da rəhbərlik edən dövlət başçısıdır. Komandada hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirir. Hərə öz sahəsində çalışır və bütün istiqamətlərdə işlər aparılır. Təbii ki, tək bir adam heç bir şey edə bilməz. Cənab prezidentimiz öz ətrafında olan vəzifəli şəxslərlə, hökumət üzvləri ilə, Prezident Administrasiyasında olan şəxslərlə dövlətimizi idarə edir. Sistem işləmir demək düzgün olmaz”.

Əslində, prezident İlham Əliyev indiyə qədər tənqidçilərin qeyd etdiyi bir məqamla razılaşdığını bildirib. Bu, sığorta sistemindəki boşluq məsələsidir.

Dövlət başçısı martın 28-də keçirdiyi müşavirədə deyib ki, “inkişaf etmiş ölkələrdə bədbəxt hadisələr baş verdikdə burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, bütün mallar sığortalanır. Ancaq əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar var”.

İqtisadiyyatda dövlətin rolunun və dövlət büdcəsinin yükünü azaltmağı Azərbaycan hökumətinə beynəlxalq maliyyə institutları da tövsiyə edir.