"Biz verdiyimiz bütün vədlərə həmişə sadiq olmuşuq, vədlərə əməl etmişik. Azərbaycan xalqına nə vəd vermişiksə, onu yerinə yetirmişik - bütün sahələrdə, o cümlədən iqtisadi və sosial sahədə". Bu sözləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına dair müşavirədəki çıxışında səsləndirib. Prezidentin iddia etdiyi kimi, iqtisadi və sosial sahədə vədləri yerinə yetirib-yetirmədiyini qiymətləndirmək üçün "Azərbaycan 2020: Gələcəyə baxış" inkişaf konsepsiyasına istinad edə bilərik. Məhz bu sənəd Azərbaycan hökumətinin hazırladığı azsaylı sənədlərdəndir ki, hökumət orada konkret ölçülə bilən hədəflər müəyyənləşdirib. Müstəqil ekspertlər tez-tez hökumətin hazırladığı inkişaf sənədlərini məhz bu məqama – qiymətləndirmə üçün konkret meyarlar müəyyən etməməyə görə tənqid edir. Bəs İlham Əliyev hökuməti "Azərbaycan 2020: Gələcəyə baxış" inkişaf konsepsiyasında xalqa verdiyi vədlərə əməl edə bildimi?
Buna da bax: Azərbaycanda iqtisadi proqnozlar özünü doğruldur?ÜDM vəd ediləndən üç dəfə geri qalıb
"Azərbaycan 2020: Gələcəyə baxış" inkişaf konsepsiyası adlı sənəddə bir çox istiqamətləri əhatələyən fəaliyyətlər nəzərdə tutulur. Sənəd çərçivəsində əsas hədəflər isə "Azərbaycan 2020: strateji baxış və əsas prioritetlər" adlı bölmədə göstərilib. Burada səsləndirilən vədlərdən biri adambaşına düşən Ümumi Daxili Məhsul (ÜDM) həcmi ilə bağlıdır. Sənəddə deyilir: "Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində dövrün sonuna ölkədə adambaşına düşən ÜDM-in həcmi iki dəfə artaraq 13 min ABŞ dollarına çatacaq".
Dövlət Statistika Komitəsinin rəqəmlərinə görə, 2020-ci ilin sonunda Azərbaycanda adambaşına düşən ÜDM cəmi 4 min 270 dollar olub. Yəni, hökumətin vəd etdiyindən təxminən üç dəfə az. Rəqəmin planlanandan az olmasına 2020-ci ildəki pandemiya və iqtisadi böhran ciddi təsir etməyib, çünki öncəki illərdə də oxşar nəticələr qeydə alınıb. Məsələn, 2019-cu ildə adambaşına ÜDM 4 min 850 dollara bərabər olmuşdu. Arxada qalan 2021-ci ildə isə neft qiymətlərinin yüksək olması səbəbi ilə ÜDM nisbətən artsa ada, yenə də hökumətin vəd etdiyi göstəricidən iki dəfədən çox geri qalıb. 2021-ci ildə ölkədə adambaşına düşən ÜDM məbləği 5 min 500 dollara yaxın qeydə alınıb.
Buna da bax: Azərbaycanda qeyri-neft sektorunda ixrac necə artıb?Qeyri-neft ixracı ilə bağlı vəd də özünü doğrultmayıb
Hökumət "Azərbaycan 2020: strateji baxış və əsas prioritetlər" adlı sənədində neft-qaz sektorundan asılılığın azaldılması və qeyri-neft sektorundakı ixracın artırılması ilə bağlı da vədlər səsləndirib. İnkişaf konsepsiyasında neft-qaz məhsullarının ixracından asılılığın azaldılması və qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması vurğulanıb. Lakin 2020-ci ildə Azərbaycanın qeyri-neft ixracı 1.85 milyard dollara, adambaşına qeyri-neft ixracı isə təxminən 185 dollara bərabər olub.
2021-ci ildə də adambaşına düşən qeyri-neft ixracı ilə bağlı göstəricilərdə ciddi dəyişiklik qeydə alınmayıb. Ötən il Azərbaycanın qeyri-neft ixracı toplamda 2 milyard 700 milyon dollar həcmində olub - adambaşına təxminən 270 dollar. Bu, hökumətin vəd etdiyi rəqəmin təxminən dörddə birinə bərabərdir.
Təbii resursların ixracının azaldılması ilə bağlı hədəfə gəlincə, Dövlət Gömrük Komitəsinin statistik məlumatlarından aydın olur ki, bu istiqamətdə verilən vəd də özünü doğrulmayıb. Belə ki, 2013-cü ildə olduğu kimi, 2022-ci ilin ilk altı ayı ərzində də Azərbaycanın ixracının 92 faizi neft-qaz məhsullarının payına düşüb.
Buna da bax: Azərbaycanda əhalinin yarısının maaşı 410 manatdan aşağıdırMinimum əmək haqqı vədi də yerinə yetirilməyib
Sənəddə daha bir diqqətçəkən hədəf minimum əməkhaqqının 2020-ci ildə orta aylıq əməkhaqqının 60 faizinə çatdırılması ilə bağlıdır. Ancaq həmin ilin yekunlarına görə, Azərbaycanda orta aylıq əməkhaqqı 705 manata, ölkədə minimum əməkhaqqı isə 250 manat olub. Yəni, vəd edilən zamanda Azərbaycanda minimum əməkhaqqının orta aylıq əməkhaqqına nisbəti cəmi 35 faizə bərabər olub. Bu isə hökumətin hədəflədiyi nəticədən təxminən iki dəfə aşağı idi. Hazırda Azərbaycanda orta aylıq əməkhaqqı 825 manata, minimum əməkhaqqı isə 300 manata bərabərdir. Deməli, nisbət cəmi 36 faizdir.