İran İnqilab Keşikçiləri təlimlərə başlayıb

İran əsgərləri Oman körfəzi hövzəsində keçirilən hərbi təlim zamanı

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ölkənin cənub-qərbində, İraqla sərhəddə quru qoşunlarının manevrlərinə başlayıb.

İİKK quru qoşunlarının komandanı, briqada generalı Məhəmməd Pakpur fevralın 11-də deyib ki, hərbi təlimlərdə dronlar, helikopterlər və artilleriya iştirak edir.

Manevrlərin nə müddətdə davam edəcəyi bildirilmir.

İran keçmiş prezident Donald Trampın administrasiyasının son günlərindən bəri hərbi təlimlərinin sayını artırıb.

Təhlilçilər deyirlər ki, Tehran bu təlimlərlə həm də ABŞ-ın yeni prezidenti Co Baydenin administrasiyasına təzyiq göstərməyə çalışır.

Bayden ABŞ-ı İranla 2015-ci ildə imzalanmış beynəlxalq nüvə sazişinə qaytaracağını deyib.

Buna da bax: İranla Şimali Koreya raket əməkdaşlığını ‘bərpa edib’

Silsilə manevrlər

İran dövlət mediasının xəbərlərinə görə İİKK yanvar ayında Hind okeanında və ölkənin mərkəzindəki səhra regionunda ballistik raketlərlə təlimlər keçirib.

İran bundan bir həftə əvvəl Oman körfəzində yaxınmənzilli ballistik raketlərlə manevrlər keçirmişdi.

Daha əvvəl İİKK dəniz donanmasının Fars körfəzində paradı olmuşdu.

Keçmiş prezident Donald Tramp 2018-ci ilin mayında ABŞ-ı birtərəfli qaydada 2015-ci ilin sazişindən çıxarıb.

Bundan sonra Tehran üzərinə əzici ABŞ sanksiyaları bərpa edilib.

İran buna cavab olaraq 2015-ci il sazişi üzrə öhdəliklərindən geri çəkilməyə başlayıb.

Bütün bunlar Tehran və Vaşinqton arasında münasibətləri daha da gərginləşdirib.

Buna da bax: Rusiya İranı ‘təmkinli olmağa’ çağırır

İran raket proqramını müzakirəyə çıxarmaq fikrində deyil

Bayden administrasiyası bildirib ki, İran saziş üzrə öhdəliklərinə qayıdarsa, Vaşinqton da qarşılıqlı addım atar.

Lakin administrasiya vurğulayır ki, bundan sonra ABŞ və müttəfiqləri İranla “daha uzunmüddətli və daha güclü” saziş üzərində işləyə bilərlər.

Amma belə bir sazişin İranın ballistik raket proqramını da əhatə edəcəyi düşünülür.

Öz növbəsində İran da bildirir ki, ABŞ sazişin bərpasında ilk addımı atarsa, Tehran da sazişin şərtlərinə qayıtmağa başlayar.

Tehran ilk növbədə ABŞ-ın öz sanksiyalarını yumşaldacağını gözləyir.

Amma İran qəti şəkidə bildirib ki, özünün raket proqramını müzakirə mövzusu etmək fikrində deyil.